Suriyadan acı xəbər: Türkiyə hərbçiləri arasında ölən və yaralananlar var

Türkiyənin Milli Müdafiə Nazirliyi bu gün Suriyanın şimalında "Barış bulağı" əməliyyatı bölgəsində baş verən hadisə ilə bağlı açıqlama yayıb
Sputnik

BAKI, 8 fevral — Sputnik. Suriyadakı Türkiyə hərbçiləri arasında ölən və yaralananlar var.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, fevralın 8-də Türkiyənin Milli Müdafiə Nazirliyi Suriyanın şimalında "Barış bulağı" əməliyyatı bölgəsində baş verən hadisə ilə bağlı açıqlama yayıb.

Çavuşoğlu Bakıda İdlibdəki gərginlikdən danışdı

Məlumata görə, həmin bölgəyə gələn hərbi maşının aşması nəticəsində bir əsgər həyatını itirib, 4 əsgər isə yaralanıb.

Digər tərəfdən, fevralın 3-də Əsəd qüvvələrinin Suriyanın İdlib bölgəsində 8 türk əsgərini öldürməsindən sonra bölgədə gərginlik yaşanır. Əsədin hücumundan sonra Türkiyə Silahlı Qüvvələri (TSQ) hərəkətə keçib. Belə ki, TSQ müşahidə məntəqələrini gücləndirib, sərhəddə və Suriyanın müxtəlif yerlərinə əlavə hərbi qüvvələr cəlb edib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdə vəziyyətin gərginləşməsi fonunda Vladimir Putini Suriya lideri Bəşər Əsədə təsir etməyə çağırıb.

"Bizim sərhədə yaxınlaşan, İdlibdən qaçqın düşən şəxslərin sayı milyona yaxınlaşır. Ötən gün Putinlə danışığım zamanı Əsədin öz qüvvələrini Soçi razılaşması çərçivəsində gərginlik zonasından dərhal çəkməsi barədə danışdım. Əks halda, Türkiyə müdafiə məqsədilə lazım bildiyi kimi hərəkət etməyə məcbur olacaq", - deyə Ərdoğan hakim partiyanın parlament fraksiyası önündə çıxışı zamanı bildirib.

O vurğulayıb ki, əgər Suriya hökumət qüvvələri fevral ayında İdlibdə Türkiyənin iki müşahidə məntəqəsindən geri çəkilməsə, onda Ankara yeni hərbi əməliyyata başlaya bilər.