İQTİSADİYYAT

“Heç nə itirmirəm” deyib, arxayınlaşmayın – Vəziyyət bir göz qırpımında dəyişə bilər

"Azərbaycanda 2016-cı ilin mart ayından tətbiq edilən əmanətlərin tam sığortalanması sistemi dünyanın heç bir ölkəsində yoxdur. Heç bir ölkədə banklarda olan əmanətlər tam məbləğdə sığortalanmır"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 fevral — Sputnik. "Bank sektorundakı bütün problemlər həll edildikdən sonra əmanətlərin tam sığortalanması sistemindən çıxmaq məqsədəuyğun olar.

Kredit ittifaqlarının hüquqi və fiziki şəxslərdən əmanət cəlb etməsi qadağan edilir
 Mərkəzi Bank paralel olaraq yeni sığorta modeli haqqında düşünür. Tam sığortalanmadan çıxış mərhələlər ilə, yumşaq olmalıdır. Tam sığortalanmadan əvvəl maksimum məbləğ 30 min manat idi. Düşünürük ki, 30 min manat da kifayət etməyə bilər. Mərkəzi Bankın mövqeyi belədir ki, biz bütün problemləri həll etməliyik, bunun üçün çox qısa vaxt lazımdır, bundan sonra tam sığortalanmadan mərhələlər ilə çıxmalıyıq. Əhali tam əmin olmalıdır ki, banklardakı əmanətləri üçün qorxu yoxdur. Bu məqsədlə qanun layihəsi hazırlayacağıq". Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında, əmanətlərin tam sığortalanması sistemindən çıxmaq məsələsindən danışıb.

O bildirib ki, Azərbaycanda 2016-cı ilin mart ayından tətbiq edilən əmanətlərin tam sığortalanması sistemi dünyanın heç bir ölkəsində yoxdur: "Heç bir ölkədə banklarda olan əmanətlər tam məbləğdə sığortalanmır. Amma 2016-cı ilin 4 martınadək ölkədə bir nəfərin bir bankda yalnız 30 min manat məbləğində əmanəti sığortalanırdı. İndi "Əmanətlərin tam sığortalanması haqqında" qanunun müddəti 2020-ci ilin mart ayının əvvəlində bitir. Bu ilin mart ayında başqa qərar olmasa, biz yenə həmin sistemə qayıdacağıq. Hər hansı bir dəyişiklik edilməsə, banklardakı əmanətlər tam deyil, 30 min manatadək vəsaitlər sığortalanmış hesab olunacaq".

Ekspert bildirib ki, 30 min manatadək əmanətlərin sığortalanması normaldır: "Əmanətçilər burada ziyan çəkməyəcəklər. Vətəndaş 25 banka 30 min manat məbləğində əmanət qoysa, bu, 750 min manat edir. Sadə vətəndaşlar üçün elə 30 min manat kifayətdir. Əgər vətəndaşın pulu 30 min manatdan çoxdursa, vacib deyil hamısını bir banka yerləşdirsin, digər banklara da qoya bilər. Vətəndaş bir bankda əmanətini ailə üzvləri arasında da bölə bilər. Vacib deyil ki, əmanətçi öz pulunu ancaq bir banka qoysun".

Qorunmayan əmanəti almaq üçün hansı banka müraciət etmək lazımdır?

Onun sözlərinə görə, əmanətlərin sığortalanmasında əvvəlki maksimum məbləğ qaldırıla, yəni 40-50 min manat ola bilər: "Amma mən əmanətlərin tam sığortalanmasının əleyhinəyəm. Hesab edirəm ki, Mərkəzi Bank bu məsələdə düzgün mövqe tutub. Əmanətlərin tam sığortalanması sistemi olmamalıdır, yəni konkret məbləğ göstərilməlidir".

Vətəndaşların banklardakı əmanətləri azalır - Ekspert səbəbi açıqladı

Qeyd edək ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov 4 il əvvəl "Əmanətlərin tam sığortalanması haqqında" qanunun qəbul olunmasının maliyyə sabitliyində mühüm rol oynadığını deyib: "Əmanətçi təşvişi" deyilən bir qanun var. Bir anda milyardlar ilə valyuta banklardan çıxarılır, valyuta bazarına daxil olur, hamı konvertasiya etmək istəyir. Belə bir halda ciddi maliyyə sarsıntısı ola bilərdi. Cənab Prezident vaxtında bu qanunu qəbul etdi. Keçən il bu qanunun vaxtı bitirdi. Lakin biz Maliyyə Sabitliyi Şurasında situasiyanı müzakirə etdik. Bizim mövqeyimiz belə oldu ki, maliyyə sistemində problemlər hələ tam həllini tapmayıb. Problemlərin həlli başa çatmadan 100% sığortalamadan çıxmaq tez olardı. Cənab Prezident bu arqumentləri qəbul etdi və qanunun müddətini 1 il də uzatdı".

"Bu gün isə ölkədə ciddi makro-iqtisadi sabitlik var. Biz düşünməliyik. Digər tərəfdən, bank sektorunda nöqtəvi problemlər də var. Düşünürəm ki, Maliyyə Sabitliyi Şurası bu məsələni bir daha müzakirə etməlidir", – deyə o qeyd edib.

Xatırladaq ki, "Əmanətlərin tam sığortalanması haqqında" qanun qüvvəyə mindiyi gündən etibarən faizləri "Əmanətlərin sığortalanması haqqında" qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 4 il müddətində tam sığortalanır.