CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onlar heç vaxt övlad ola bilməyəcək – Səbəb sərtləşdirilən qaydalardır, yoxsa nə?

K.Ağazadə deyir ki, digər məsələ övladlığa uşaq götürmək üçün müraciət edənlərin çoxunun 3 yaşa qədər uşaq istəməsi ilə əlaqəlidir
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 6 fevral — Sputnik. Azərbaycanda övladlığa verilmə yeni quruma həvalə olunduqdan sonra övladlığa götürülən uşaqların sayı azalıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, 2019-cu il üzrə ümumilikdə 144 uşaq övladlığa verilib.

2018-ci illə müqayisədə 2019-cu ildə övladlığa verilən uşaqların sayında azalma müşahidə olunub. 2018-ci ildə 751 uşaq övladlığa götürülüb ki, bu da 2017-ci illə müqayisədə 14,4 faiz azdır. Əvvəlki ilə nisbətən övladlığa götürülən oğlanların sayı 13,7 faiz azalaraq 402 nəfər, qızların sayı 15,1 faiz azalaraq 349 nəfər olub. 2018-ci ildə əvvəlki illə müqayisədə övladlığa götürülmüş 3 yaşa qədər olan uşaqların sayında 10,5 faiz, 3-5 yaşlı uşaqların sayında 19,2 faiz, 6-10 yaşlı uşaqların sayında 21,0 faiz, 11-17 yaşlı uşaqların sayında isə 11,9 faiz azalma müşahidə olunub və bu yaş qruplarında müvafiq olaraq 376, 139, 132 və 104 uşaq övladlığa götürülüb.

Övlad sahiblərinin on üç illik mübarizəsi nəticəsini verir

Sputnik Azərbaycan son illər övladlığa götürülən uşaqların sayının azalmasının səbəblərini araşdırıb.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə açıqlamasında bildirib ki, övladlığa verilən uşaqların sayının azalması bir sıra amillərlə bağlıdır. K.Ağazadə əsas səbəbin övladlığa verilmə qaydalarının dəyişməsi ilə əlaqəli olduğunu söyləyir. O bildirir ki, övladlığa verilən uşaqların sayının azalmasında məlumatlıq səviyyəsinin aşağı olması da rol oynayır: "Övladlığa verilmə ilə bağlı idarəetmənin təkmilləşdirilməsi müsbət addımdır. Amma çox təəssüf ki, insanlar övladlığa uşaq götürmək üçün hara müraciət edəcəklərini bilmirlər. Bizə bununla bağlı hər gün müraciətlər gəlir. Bu da övladlığa verilmə sisteminin dəyişilməsi ilə bağlıdır".

K.Ağazadə deyir ki, digər məsələ övladlığa uşaq götürmək üçün müraciət edənlərin çoxunun 3 yaşa qədər uşaq istəməsi ilə əlaqəlidir: "Övladlığa uşaq götürmək istəyənlərin çoxu 3 yaşa qədər uşaqlara üstünlük verirlər. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanda atılan uşaqların sayı o qədər də çox deyil. Atılmış uşaqların sayı ölkə üzrə 100-dən artıq olmaz".

Birlik rəhbərinin sözlərinə görə, digər səbəblərdən biri ancaq sağlam uşaqların övladlığa götürülməsidir: "Azərbaycanda övladlığa uşaq götürmək istəyənlərin mütləq əksəriyyəti sağlam uşaq seçir. Bu da övladlığa uşaq götürənlərin sayına təsir edir".

K.Ağazadə bundan əlavə övladlığa götürülən uşaqların sayının azalmasına yeni qaydaların da təsir etdiyi qənaətindədir: "Yeni qaydalarla 1-ci qrup əlilliyi olan şəxslərə övladlığa uşaq götürməyə icazə verilmir. Mən düşünürəm ki, bu çox sərt qərardır. Bunu bütün 1-ci qrup əlilliyi olan şəxslərə aid etmək olmaz. Ən azı əlilliyi olan şəxslərlə bağlı yaş məhdudiyyəti tətbiq etmək olardı".

K.Ağazadə bununla yanaşı dövlət uşaq müəssisələrindəki bəzi uşaqları övladlığa verməyin mümkün olmamasının da övladlığa götürülən uşaqların sayının azalmasına səbəb olduğunu bildirib: 

Onlar övlad sahibi ola bilməyəcəklər – Uşaq verilməyəcək
"Övladlığa valideyn himayəsindən məhrum olunmuş uşaqlar verilir. Amma bu gün internat evlərində xeyli sayda valideyn himayəsindən məhrum olmayan uşaq yaşayır. Həmin uşaqların əksər hissəsinin valideynləri onları gəlib görməsə də, o uşaqları övladlığa vermək olmur. Səbəb isə bu uşaqların valideyn himayəsindən məhrum edilmə prosesinin baş verməməsidir. Valideyn hüququndan məhrumetmə məhkəmə qərarı ilə olmalıdır. Nə uşağın qəyyumu olan şəxslər, nə də müəssisə rəhbərliyi tərəfindən bunun üçün məhkəməyə müraciət olunmur. Nəticədə bu cür uşaqları övladlığa vermək olmur. Onlar uşaq müəssisəsində qalmağa məhkum olurlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumilikdə yaxın qohumlar arası övladlığagötürmə işləri hər zaman aktual olub və azalma halı müşahidə olunmayıb. 2019-cu ildə övladlığagötürmə ilə bağlı rəqəmlərin sayında azalmanın səbəbi isə müəssisələrdə yaşayan, valideyn himayəsindən məhrum olmuş uşaqlar arasında övladlığa götürülməsinə hüquqi əsas yaranmış uşaqların azlığı ilə izah edilə bilər. Belə ki, ölkə qanunvericiliyinə əsasən valideynləri olan uşaq yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər. Əgər valideynlər valideynlik hüquqlarından məhrum edilibsə və bundan 1 il müddət keçibsə və ya valideynlər qanunla müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan, yaxud xəbərsiz itkin düşmüş hesab ediliblərsə, övladlığa götürmədə onların razılığı tələb olunmur.

Evi olmayanlar və subaylar üçün övladlığa uşaq götürməklə bağlı qadağa

Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu il dekabrın 10-da idarəetmənin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığa götürmə" alt sistem yaradılıb. 23 dekabr 2019-cu il tarixli Fərmanla övladlığagötürmə sahəsində bir sıra yeni səlahiyyətlərin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.