CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Taksilərdə vahid tarif necə müəyyənləşəcək – Rəsmi açıqlama verildi

"Hazırda regionlarda taksilərdə vahid tarifin müəyyənləşdirilməsi ilə bağlı heç bir layihə, təklif, model işlənib hazırlanmayıb" - Nuridə Allahyarova
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 fevral — Sputnik. Taksi fəaliyyətinə vahid tariflərin müəyyənləşdirilməsi ilə bağlı məlumat bir sıra suallara səbəb olub.

“Hərəyə bir taksi” tarixə qovuşur – Daha hər avtomobili olan adam daşımayacaq

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli taksi fəaliyyəti üzrə tariflərin müəyyənləşəcəyini bildirmişdi. O qeyd edib ki, bütün dünyada taksilərin gecə və gündüz tarifləri var: "Bu tariflər sayəsində iqtisadi cəhətdən bunun platforması hazırlanmış olur və taksimetrlər də qoyula bilir. Həmçinin, taksimetrlərdə tətbiqetmələr var ki, bununla onlara nəzarət oluna bilər".

Taksilərdə vahid tarif siyasətinin harada tətbiq ediləcəyi sual doğurur. Sputnik Azərbaycan bu məsələyə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) sektor müdiri Nuridə Allahyarova ilə aydınlıq gətirib.

N.Allahyarova BNA rəhbəri Vüsal Kərimlinin fikrinə münasibət bildirərək deyib ki, bu xarici təcrübədə də mövcuddur: "Bu məsələnin regionlar üçün reallaşması hələlik gündəmdə deyil. Amma xarici təcrübədə gecə-gündüz, bayram, hətta sıxlıq olan vaxtların öz tarifləri var".

DANX sözçüsü deyib ki, hazırda regionlarda taksilərdə vahid tarifin müəyyənləşdirilməsi ilə bağlı heç bir layihə, təklif, model işlənib hazırlanmayıb.

N.Allahyarova bildirib ki, ölkədə ümumilikdə 40 min taksi fəaliyyət göstərir. Onların region üzrə sayı 17 mindir. Taksi fəaliyyəti ilə məşğul olanların 3800-ü rəsmi, 13270-i isə qeyri-rəsmi xidmət göstərir. Bakı şəhəri istisna olmaqla ölkənin digər şəhər və rayonlarında taksi fəaliyyəti ilə məşğul olan ümumilikdə 1495 fiziki şəxs mövcuddur. Onlarda 13-ü hüquqi şəxs olmaqla 1508 daşıyıcı tərəfindən 3730 avtomobil taksi xidməti göstərir.