BAKI, 4 fevral — Sputnik, Maksim Oqnennı. Artıq ikinci aydır ki, bütün dünya yeni koronavirusla bağlı son məlumatları əldə etmək üçün hər bir xəbər buraxılışını gərginliklə izləyir.
Çin hökuməti hələ 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını ölkənin mərkəzi hissəsindəki Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılmağına dair xəbərdar edib. Artıq fevralın 4-dək dünya üzrə koronavirus xəstəliyinə yoluxanların sayı 20,4 min nəfəri keçib, 425 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib. Çin xaricində yoluxma halları Honkonq, Makao, Tayvan, Tayland, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Almaniya, İtaliya, Finlandiya, Hindistan və Filippində qeydə alınıb.
İdman dünyasına da 2020-ci ilin yeni qlobal fəlakətinin zərbəsinə tuş gəlib. Belə ki, son zamanlar bu koronavirus səbəbindən müxtəlif idman yarışmaların ləğvi və ya idmançıların hərəkətinə məhdudiyyətlər qoyulması barədə məlumatlar peyda olur.
İdman planetində virus ayaq açıb yeriyir
Hər şey yanvarın 22-i başladı. Beynəlxalq Olimpiya Komitəsinin və Çin Olimpiya Komitəsinin birgə iclasında 2020-ci il boks yarışmasının seçmə turnirinin İordaniyaya köçürülməsi qərara alındı. İlkin olaraq fevralın 3-dən 14-dək Çinin Uhan şəhərində keçirilməsi planlaşdırılan start qarşılaşmaları yalnız mart ayında baş tutacaq. Özbəkistan boksçuları da yarışlarda iştirak etməli idilər, lakin indi onların bütün məşq cədvəli tam dəyişib və bu, atletlərin həyatındakı əsas oyunlara vəsiqə qazanmaq uğrunda mübarizələrinə mənfi təsir göstərə bilər.
Yanvarın 27-də Asiya Atletika Assosiasiyasının prezidenti Dahlan Cumaan əl-Həmad fevralın 12-13-də Çinin Quançjou şəhərində keçiriləcək Asiya Atletika Çempionatının ləğv olunduğunu elan edib. Səbəbi isə eynidir – koronavirusun yayılması. Beləliklə, Qazaxıstan, Tacikistan, Özbəkistan və bir çox başqa ölkələrin idmançıları öz hazırlıqlarını nümayiş etdirmək fürsətindən məhrum olublar.
Yanvar 29-u, cümə günü idman dünyası ilə yeni koronavirus arasındakı mübarizədə həll edici gün hesab edilə bilər. Yalnız bir günün içində:
- Qazaxıstan Çinin Dunquan şəhərindən Nur-Sultana köçürülməsi təklif olunan tennis üzrə Federasiya Kubokunun seçmə oyunlarını keçirməkdən imtina etdi;
- Ümumdünya Atletika Assosiasiyası 2020-ci il martın 13-15-də Çinin Nankin şəhərində keçiriləcək dünya "qış" yüngül atletika çempionatının 2021-ci ilə təxirə salındığını elan etdi;
- Çinin qadınlardan ibarət futbol komandası Avstraliyada oteldə karantinə salındı. Komanda yanvarın 22-də Uhanda olub və idmançılar ölümcül koronavirusa tutulmaq qorxusu səbəbindən fevralın 5-dək oteldə qalmalı olacaqlar.
- fevralın 15-16-da keçirilməsi planlaşdırılan Dağ xizəyi idmanı üzrə dünya kubokunun Çin mərhələsi sadəcə olaraq ləğv edildi. "İdmançıların və yarışdakı bütün iştirakçıların sağlamlığı, salamatlığı prioritet olmalıdır", - rəsmilər bildiriblər. Qeyd etmək lazımdır ki, bu yarışlar 2022-ci il Pekin Olimpiadası öncəsi ilk sınaq tədbiri olmalı idi.
Yanvarın son günündə Qadın Peşəkar Qolf Assosasiyasının (LPGA) rəhbərliyi koronavirus epidemiyası səbəbindən Çindəki turnirin ləğv edilməsinə dair qərar verdi. Yanvarın 31-də həmçinin Çjantszyakou şəhərindəki trekdə xizək sınaqları ləğv edildi. Həmin trek 2022-ci il Qış Olimpiadasının biatlon yarışlarına ev sahibliyi etməli idi. Sınaqların fevralın 27-dən martın 2-dək keçirilməsi planlaşdırılırdı.
Koronavirus həmçinin Asiyanın futbol üzrə Çempionlar Liqasında matçların keçirilməsinə böyük təsir göstərib. Bəzi ölkələrin Çindən gələn bütün əcnəbilər üçün girişi bağlaması səbəbindən matçlar təcili olaraq Çin klublarını qəbul etməyə razılıq verən ölkələrə köçürülüb.
Koronavirus avtomobil yarışlarından da yan keçməyib. Belə ki, Çinin Sanya şəhərində 2020-ci il martın 21-də keçirilməsi planlaşdırılan "Formula E" yarışları fevralın 2-də rəsmi olaraq ləğv olunub.
Fevralın 3-də isə Qırğızıstan millisinin futzal üzrə Asiya çempionatında iştirak edə bilməyəcəyi bəlli olub. Asiya çempionatı fevralın 26-dan martın 8-dək Aşqabadda (Türkmənistan) keçirilməli idi. Asiyanın 16 ən yaxşı komandası, o cümlədən Qırğızıstan millisi qitənin çempionu adı uğrunda mübarizə aparmaq niyyətində idilər. Lakin Asiya Futbol Federasiyası turniri qeyri-müəyyən vaxta təxirə salmaq qərarına gəlib.
Qorxunun gözünə baxaraq
Yoluxmuşlar və ölənlər haqqında hər gün gələn dəhşətli rəqəmlərə baxmayaraq, həqiqi idmançıların və peşəkarların kifayət qədər gücü və cəsarəti var ki, vəziyyətə yalnız yumor hissi ilə deyil, həm də sağlam düşüncə nöqteyi nəzərdən baxsınlar.
Məsələn, belarusiyalı biatlon ulduzu Darya Domraçevanın əri və Çinin biatlon üzrə komandasının məşqçisi norveçli Ule Eynar Byörndalen ölkə rəhbərliyinin dünya çempionatı öncəsi millinin vətəninə qayıtmasına qoyduğu qadağanı sakit qəbul edib.
Byörndalen hətta bunun müsbət tərəflərini də görür: "Hohfilsendə hazırlaşdıq, indi isə Rupoldinqə gedirik, çünki Çinə səfəri ləğv etməli olduq. Orada şərait yaxşıdır və biz dünya çempionatı başlayanadək orada qalacağıq. Qadağa milli komandanın gələcəyinə yaxşı təsiri edəcək, çünki Avropada qala bildik".
Norveçlinin həyat yoldaşı Domraçeva da bütün biatlon həvəskarlarını sakitləşdirib. Onun sözlərinə görə, Çinin biatlon millisi özünü sakit hiss edir və koronavirus səbəbindən narahatlıq keçirmir, idmançılar vətənlərinə uçmurlar və oradan gələn heç kimlə təmasda deyillər.
Özbəkistanın "Humo Tashkent" klubunun oynadığı Ali Xokkey Liqasında (AXL) da koronavirusla bağlı vəziyyəti izləyirlər. Çinin AXL-də çıxış edən "ORG", "KRS-BSU" və "Tseng Tou" klublarının oyunçuları koronavirus ilə əlaqədar olaraq gündəlik müayinədən keçirlər.
Bir müddət öncə AXL bildirib ki, Çində koronavirusun yayılması səbəbindən liqa Çin klublarının bütün ev oyunlarını Rusiya ərazisinə keçirtmək qərarına gəlib. "Tseng Tou" klubu isə çərşənbə günü xəbər verib ki, oyunçularından birində kəskin respirator virus infeksiyası aşkar edilməsindən sonra bütün çinli oyunçuları vətənlərinə göndərib.
Çini Kontinental Xokkey Liqasında (KXL) təmsil edən "Kunlun" klubunun oyunçuları isə Çin xalqına dəstək ifadə ediblər.
"Virusla bağlı vəziyyətdən xəbərdarıq və xəstələnməkdən qorxmuruq. Əksinə, biz Çindən, Çin xalqından – orada qalanlardan narahatıq. Hazırda Çində qohumlarımız yoxdur. Kimin qohumu var idisə onlar da ölkədən vaxtında çıxa biliblər. Lakin biz ölkədə baş verənlərə dair narahatıq", - Çinin "Kunlun" klubunun xokkeyçisi Spenser Fu jurnalistlərə deyib.
Tokioda keçiriləcək 2020-ci il Olimpiya Oyunlarının ləğv edilməsi və ya təxirə salınması təhlükəsi ilə əlaqədar dərhal rəsmi açıqlama vermiş Beynəlxalq Olimpiya Komitəsi də bir kənarda durmayıb. Oyunların təşkilatçıları bildiriblər ki, koronavirus səbəbindən 2020-ci il Yay Olimpiya Oyunlarının ləğvi məsələsi heç vaxt müzakirə edilməyib.
Koronavirusun gələcəyi ilə bağlı proqnozlar qurmaq hələ ki, tezdir. Lakin başa düşmək lazımdır ki, bu xəstəlik müasir insanın həyatının bütün sahələrinə, o cümlədən peşəkar idmana təsir edir. İdman isə göründüyü kimi bu ciddi rəqiblə üzləşməyə müəyyən dərəcədə hazır deyilmiş.
Rəqibin güclü və zəif tərəflərini bilməyəndə, yalnız geri çəkilmək məcburiyyətində qalırsan. Hazırda biz məhz bunu müşahidə edirik.