CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki gözəl insanı üz-üzə qoyan səbəb: obyektin "dədə evindən gələn" önü və şəxsi "ceyran"

İki ilə yaxındır ki, parklamaya nəzarət BNA-ya verilib. Buna baxmayaraq, bu gün də paytaxtın müxtəlif ərazilərində qanunsuz parklama və qanunsuz parkinq pulu yığan şəxslər var. Təəssüf ki, buna qarşı hələ ki heç kim tədbir görmür
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 2 fevral — Sputnik. Şəxsi obyektlərin qarşısında olan parklama yerləri çox zaman obyektlər tərəfindən zəbt edilir. Sürücülərə obyektlərin qarşısında saxlamağa icazə verilmir. Avtomobil saxlanılan zaman obyekt sahibi sürücüyə "mənim obyektimin qarşısında saxlaya bilməzsən", "avtomobiliniz cərimə meydançasına aparılacaq" və s. kimi təhdidlər edir.

Baqajını açan sürücüləri yol polisi tapacaq - FOTO

Sürücülər bu halla qarşılaşan zaman nə etməlidirlər? Obyekt sahibi obyektin qarşısındakı avtomobili evakuatorla cərimə meydançasına göndərə bilərmi? Obyektlərin qarşısı obyekt sahibinindirmi?

Sputnik Azərbaycan bu suallara aydınlıq gətirməyə çalışıb. Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, qurum bu məsələni diqqətlə izləyir və yol qaydalarının bu formada pozulmasına operativ şəkildə reaksiya göstərir. Bir çox hallarda iş cərimə yazılması ilə bitmir, hətta avtonəqliyyat vasitəsinin cərimə meydançasına aparılması ilə nəticələnir.

BNA-nın mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, parklamanı qadağan edən işarələr altında nəqliyyat vasitəsini saxlamaq birmənalı şəkildə olmaz.

Onun sözlərinə görə, şəxsi obyektlər tərəfindən dayanacaq yerlərinin "özəlləşdirilməsi" qanunsuzdur.

O bildirib ki, əgər bu ərazi parklanma üçün nəzərdə tutulubsa, o zaman şəxsi obyektin hansısa nümayəndəsinin avtomobilinizi orada saxlamağınıza qadağa qoymaq hüququ yoxdur. Yəni heç kimdən icazə istəmədən avtomobili rahat şəkildə park etmək olar.

M.Ağayev vurğulayıb ki, şəxsi obyektin nümayəndəsinin avtomobil sahibinin yoxluğunda evakuator çağırıb avtomobili cərimə meydançasına göndərmək hüququ da yoxdur: "Ancaq bu ərazidə parklanmaya icazə verilirsə, heç kim avtomobilə toxuna bilməz".

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əgər sürücü avtomobilini obyektinin giriş-çıxış hissəsində saxlamayıbsa və saxlanılan zaman parklama qaydalarını pozmayıbsa, kimsə onun avtomobilinə toxuna bilməz: "Sürücülərin avtomobillərini yol polisi və BNA əməkdaşlarının nəzarəti ilə evakuator daşıya bilər. Başqa heç kim sürücünün avtomobilini özü olmadan evakuatorla daşıtdıra bilməz".

Dövlət qurumunun bu addımı əvvəlcə insanları sevindirəcək...

Hüquqşünas Fərid Həmidli isə bildirib ki, sürücü avtomobilini parklanmaya icazə verilən ərazidə saxlayıbsa, heç kim ona heç bir inzibati cərimə tətbiq edə bilməz: "Bu cür davranışlarla tez-tez qarşılaşırıq. Obyekt nümayəndələrinin bu cür davranışı şəxsi maraqları ilə əlaqədardır. Sürücü belə halla qarşılaşan zaman obyekt sahibindən sənəd tələb etməlidir. Əgər obyekt sahibinin müvafiq sənədi yoxdursa, bu halda vətəndaş Bakı Nəqliyyat Agentliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə və hətta polisə də müraciət edə bilər".

Xatırladaq ki, əvvəllər bütün ərazilərdə avtomobillərin park edilməsinə Bakı Şəhər İcra Hakimiyyəti nəzarət edirdi. Və bütün küçələrdə parkomatlar da qoyulmuşdu. Ancaq iki ilə yaxındır ki, parklamaya nəzarət BNA-ya verilib.

Buna baxmayaraq, bu gün də paytaxtın müxtəlif ərazilərində qanunsuz parklama və qanunsuz parkinq pulu yığan şəxslər var. Təəssüf ki, buna qarşı hələ ki heç kim tədbir görmür.