Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 1 fevral — Sputnik. Bakıda təcili tibbi yardımın sürücüsünün zibili qutularını eşələməsi və oradan özünə lazım olanları seçməsi rezonansa səbəb olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məsələ barədə araşdırma aparılır: "Görüntülərdə təcili tibbi yardım avtomobilinin nömrəsi qeyd edilməyib. Hazırda bu məsələ ilə bağlı araşdırma aparılır. Orada görüntülərdən də aydın olur ki, məişət tullantıları qabları köhnədir. Bu isə videonun köhnə olması təəssüratı oyadır. Hər bir halda məsələ ilə bağlı araşdırma aparılır".
Qeyd edək ki, ötən gün Baku TV-də Bakıda təcili tibbi yardım avtomobilinin sürücüsünün zibil qutusunu eşələməsi ilə bağlı görüntülər yayılıb. Sürücü bütün gigiyenik və sanitar normaları unudaraq yaxınlıqdakı zibil qutularını eşələyib. O, özünə lazım olan nələrisə zibilin içərisindən seçib götürüb. Sürücü zibillikdən topladığı əşyaları və qidaları təcili tibbi yardım maşınına gətirib.