CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sığorta gəlməmiş faiz davası düşüb, indi də inhisarçılığa qarşı vuruşmalıyıq

"Komisyon muzdlarının 15%-dən yüksək olmaması inhisarçılığın qarşısını alacaq. Bazarda bir sığorta şirkəti sığorta agentlərinə daha çox faiz verə bilər"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 1 fevral — Sputnik. Son dövrdə gündəmdə yer alan və ictimaiyyətin geniş marağına səbəb olan məsələlərdən biri də icbari sığorta növləri üzrə (NVSMMİS və daşınmaz əmlak) komisyon muzdlarının yüksək faizləri mövzusudur. Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Azər Əliyevin rəhbərliyi ilə monitorinq işçi qrupunun bu mövzuya həsr edilmiş növbəti iclası keçirilib.

İcbari tibbi sığorta üçün gözləmə müddəti açıqlandı

İclasda komisyon muzdlarının mövcud yüksək faizlərinin sığorta bazarına vurduğu ziyan, eləcə də komisyon faizlərinin qanunsuz artımına son qoyulması istiqamətində tədbirlərin həyata keçirilməsi, komisyon muzdlarının 15%-dən yüksək olmamasına dair Mərkəzi Bankın tapşırığı da müzakirə edilib.

Əsas nəzarət orqanının tələb və tapşırıqlarından irəli çıxan vəzifə və öhdəliklər iclas iştirakçılarının nəzərinə çatdırılıb. Nəticə olaraq qısa zaman ərzində komisyon faizlərinin 15%-ə qədər azaldılması üçün zəruri tədbirlərin həyata keçirilməsi qərara alınıb.

Sığorta üzrə ekspert İlkin İbrahimov Sputnik Azərbaycan-a açıqlamasında, icbari sığorta növləri üzrə komisyon haqların aşağı salınmasına münasibət bildirib.

Ekspert deyib ki, komisyon haqq sığorta şirkətinin müqavilə əsasında sığorta agentinə ödədiyi ödənişdir: "Məsələn, sığorta agenti 50 manatlıq sığortanı müştəriyə təqdim edir və sığorta şirkəti də buna görə sığorta agentinə pul verir. Sığorta agenti də ona çatacaq puldan vətəndaşa güzəşt edir. Əgər sığorta agenti 50 manatlıq sığortanı müştəriyə satıbsa, 15 faiz komisyon faizi ilə götürsək, ona 7 manat 50 qəpik (komisyon haqq) düşür. Əgər müştəriyə 100 manatlıq sığorta satıbsa, sığorta agentinə 15 manat komisyon haqq verilir. Sığorta agenti bu 15 manat komisyon haqqından müştəri cəlb etmək üçün vətəndaşa güzəşt edə bilir. Məsələn, 50 manat rəsmi yazdırır, amma vətəndaş 45 manat ödəyir, yəni agent 5 manat vətəndaşa güzəşt edir. Yəni sığorta agenti özünə çatacaq məbləğdən (komisyon haqq) müştəriyə güzəşt edir".

"Sığorta agentləri sığorta şirkətləri ilə müqavilə bağlayan, imtahandan keçən lisenziyalı şəxslərdir. Yəni sığorta satmaq səlahiyyətinə malik olan şəxslərdir. Bir sığorta agenti bir neçə sığorta şirkəti ilə əməkdaşlıq edə bilər. Agentlər müqavilə əsasında sığorta şirkətlərinin məhsullarını satırlar. Burada müştəri komisyon haqq ödəmir. Komisyon haqq sığorta şirkəti tərəfindən sığorta agentinə verilir", - deyə o qeyd edib.

Onun sözlərinə görə, bu, vətəndaşa sərf edir: "Belə ki, vətəndaş qanunla ondan tələb olunan məbləğdən daha az ödəyərək sığorta şəhadətnaməsi əldə edir. Adətən sığorta agentləri 20-30 faiz müştəriyə güzəşt edirlər. Məsələn, 30 faiz güzəşt edəndə 50 manatlıq sığortaya görə müştəri 35 manat ödəyir, yəni 15 manat güzəşt edirlər".

İcbari tibbi sığorta ilə bağlı açıqlama verildi – Yalandır

O bildirib ki, adətən sığorta şirkətləri endirimlər edirlər: "Amma sabah sığorta hadisəsi baş verəndə sığorta şirkəti sığorta ödənişi verərkən müştərini süründürə bilər. Məsələn, deyirlər ki, ucuz sığorta şəhadətnaməsi əldə etmisiniz və s. Sığorta şirkətləri sığorta agentlərinə verdikləri 30 faiz komisyon haqqı gələcəkdə sığorta ödənişləri zamanı kompensasiya edə bilirlər. Məsələn, müştəriyə 1000 manatlıq ziyan dəyibsə, deyirlər ki, 700 manat ödəniş verəcəyik. Sonradan da burada narazılıq yaranır".

Onun fikrincə, komisyon muzdlarının 15%-dən yüksək olmaması inhisarçılığın qarşısını alacaq: "Bazarda bir sığorta şirkəti sığorta agentlərinə daha çox faiz verə bilər və bu zaman sığorta agentlərinin hamısı onun məhsulunu satırlar. Bu da inhisara gətirib çıxardır".

Qeyd edək ki, ASA ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-hökumət təşkilatıdır. Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 21 sığorta şirkəti və 1 təkrar sığorta şirkəti "Azərbaycan Sığortaçılar Assosiasiyası" İB-nin üzvüdür.