BAKI, 31 yanvar — Sputnik. Rusiya nümayəndə heyətinin geri döndüyü Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası qalmaqalla başladı. Baltikyanı ölkələr və Ukrayna Moskvanın səlahiyyətlərini məhdudlaşdırmağı təklif ediblər, lakin bu nəticə verməyib. Avropa Şurasının bu təklifi nə səbəbdən qəbul etmədiyinə dair RİA Novosti yazır.
Gözlənilməz prosedur
Münaqişə Litvadan olan deputat Zingeris Emanuelisin çıxışı ilə başlayıb. Strasburqda iclas açılan kimi o, nümayəndə heyətlərinin iş prosedurlarını nəzərdən keçirməyi və Rusiyanın səlahiyyətlərini məhdudlaşdırmağı təklif etdi. O, bunun üçün səbəb də tapdı: Zingeris iddia edib ki, Rusiya hakimiyyət orqanları Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını yerinə yetirmir.
Ukrayna nümayəndə heyəti də irad bildirib. Rusiyada başlayan konstitusiya islahatı Kiyevin narahatlığına səbəb olub. "Avropa Həmrəyliyi" partiyasından deputat Aleksey Qonçarenko Prezident Vladimir Putinin Rusiya qanunlarına beynəlxalq qanunlar üzərində üstünlük vermək təklifini təhdid kimi qiymətləndirib. Ukraynalı deputat iddia edir ki, bu düzəliş əsas qanuna daxil edilsə, Moskva AİHM-in istənilən qərarını yerinə yetirməkdən imtina edəcək.
Latviyalı deputat Mariya Qolubeva isə Rusiya nümayəndə heyətinin tərkibində Krımdan nümayəndələrin iştirakına qarşı çıxıb.
Baltikyanı ölkələrin nümayəndələrinin iddiaları son qərarı verəcək monitorinq komissiyasına göndərilib.
Əsassız iddialar
Rusiya nümayəndə heyətinin rəhbəri, Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy qeyd edib ki, Rusiyaya qarşı hər hansı bir məhdudiyyət qoyulacağı təqdirdə deputatlar qış sessiyasını tərk edəcəklər.
"Ümid edirəm ki, sağlam düşüncəli əksəriyyət belə bir qərar verməyəcək", – o deyib.
Tolstoyun sözlərinə görə, Konstitusiyaya ediləcək dəyişikliklərin Rusiyanın AİHM-in qərarlarını icrasına təsirini müzakirə etmək hələ tezdir.
"Rusiyanı hələ tətbiq olunmamış, yalnız ictimaiyyət tərəfindən müzakirə edilən düzəlişlərə görə qınamaq? Bu qəribədir", – Rusiya nümayəndə heyətinin rəhbəri deyib.
Krımdan olan deputatların Rusiya nümayəndə heyətində olmasına gəldikdə isə Tolstoy bunu qanuni adlandırıb və Avropa Şurasının Venesiya Komissiyasının rəylərinə istinad edib.
Nəticədə AŞPA-nın monitorinq komissiyası da onun fikirləri ilə razılaşıb. Ertəsi gün isə Rusiyanın səlahiyyətləri tam olaraq təsdiqlənib. Üstəlik, Pyotr Tolstoy səs çoxluğu ilə AŞPA-nın vitse-spikeri seçilib.
Rusiyanın üzvlük haqqı məsələsi
Rusiyanın AŞPA-nın işində iştirakının tam bərpa olunduğunu nəzərə alaraq, Dövlət Dumasının nümayəndələri heç bir yeni məhdudiyyətin olmayacağını gözləyirdilər. Keçən yaz əksər nümayəndə heyətləri təşkilatda Moskvanın hüquqlarının bərpa olunmasının lehinə çıxış ediblər. AŞPA-nın Venesiya Komissiyası təsdiqləyib ki, Krım və Donbasla bağlı fikir ayrılıqları səsvermə hüququnu məhdudlaşdıra bilməz.
Payız sessiyasına Rusiya tam nümayəndə heyəti ilə qatılıb. Həmin iclas Avropa Şurasının 70-ci ildönümünə təsadüf edirdi. Ancaq bayram ab-havasını səsvermə hüquqlarının Rusiyaya qaytarılmasını qınamış və ortaq bəyanatla çıxış etmiş Ukrayna, Litva, Estoniya və Gürcüstan nümayəndə heyətlərinin demarşı pozub. Sənəd nəzərə alınıb, lakin bu, Moskvanın səlahiyyətlərinə təsir göstərməyib. Kiyev isə etiraz olaraq AŞPA-nın həmin sessiyasında iştirakdan imtina edib.
Təşkilat qərarını yenidən nəzərdən keçirməyib, çünki iyul ayında Rusiya Avropa Şurasına 2019-cu il üçün tam üzvlük haqqını ödəyib. AŞPA-nın işində iştirak etməməsinə baxmayaraq, Moskva əvvəlki iki il üçün üzvlük haqqını ödəyib. Vəsait çatışmazlığından əziyyət çəkən bir təşkilat üçün bu vacib töhfə idi.
Rusiyanın iştirakı olmadığı təqdirdə AŞPA bir neçə infrastruktur layihələrindən, konfranslardan və dəyirmi masalardan imtina etməyə, işçilərin əmək haqlarını azaltmağa məcbur olacaqdı. Hətta Avropa Şurasının qərargahının təmiri də gecikməli olub.
Şərqi Avropa ölkələri və Ukrayna bir neçə dəfə üzvlük haqqının həcmindən çox olan məbləği təşkilata ödəyiblər, lakin bu çox da kömək etməyib.
Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Konstantin Kosaçev RİA Novosti-yə deyib ki, AŞPA-nın Rusiyaya qarşı iddiaları həmişə siyasiləşmiş olub.
"Təşkilatda Rusiya Konstitusiyasına dəyişikliklərdən ehtiyat edirlər. Lakin ölkəmizdə bu mövzu ilə bağlı müzakirələr hələ yeni başlayıb. Üstəlik, Avropa Şurasının bir çox üzv ölkələrinin konstitusiyalarında uzun müddətdir ki, milli qanunvericiliyin aparıcı rolu barədə müddəalar var. Məsələn, Almaniyada Avropa İnsan Hüquqları Konvensiyası ilə əlaqəli ratifikasiya qanunu federal statusa malikdir. Yəni Konstitusiya Berlinin sənəddəki öhdəliklərindən daha yüksəkdə durur", – Kosaçev deyib.
O hesab edir ki, AŞPA-da bir çox nümayəndə heyətləri müzakirə olunan problemlərin mahiyyətini dərk etmirlər və ətalət ilə səs verirlər. Kosaçev hesab edir ki, bu, AŞPA-nın işindəki əsas çatışmazlıqdır.