İDMAN

Yevgeni Plyuşenko: Azərbaycanlı fiqurist hər kəslə mübarizə aparmağa qadirdir

Fiqurlu konkisürmə üzrə ikiqat olimpiya, dəfələrlə dünya və Avropa çempionu Yevgeni Plyuşenko azərbaycanlı yetirməsi haqqında inamlı danışıb
Sputnik

BAKI, 31 yanvar — Sputnik, Teymur Tuşiyev. Azərbaycanlı fiqurst Yekaterina Ryabova bütün favoritlərlə rəqabət aparmaq üçün işləmək niyyətindədir. Bu barədə Sputnik Azərbaycan-a fiqurlu konkisürmə üzrə ikiqat olimpiya, dəfələrlə dünya və Avropa çempionu Yevgeni Plyuşenko bildirib.

Avstriyanın Qrats (Graz) şəhərində keçirilən fiqurlu konkisürmə üzrə Avropa çempionatında Yekaterina Ryabova yekun hesabda 6-cı yeri tutub. Müqayisə üçün bildirək ki, keçən il Minskdə keçirilən qitə birinciliyində fiqurlu konkisürən 13-cü yerdə qərarlaşmışdı.

Avropa çempionatında qadınlar arasında təkbaşına konkisürmənin ən yüksək 3 pilləsini Rusiya nümayəndələri - Alena Kostornaya, Anna Şerbakova və Aleksandra Trusova qazanıb.

Moskvada yaşayan Ekaterina Ryabova Yevgeni Plyuşenkonun məktəbində məşq edir.

"Katya Ryabova bu mövsüm çox yaxşı sürüşür. O, əhəmiyyətli dərəcədə inkişaf edib, daha sabit və məharətlə çıxış etməyə başlayıb. Bunu onun keçən il qitə çempionatında 13-cü olmasına baxmayaraq, bu dəfə Avropanın ən güclü altılığına düşməsi faktı da sübut edir. Mənə elə gəlir ki, bu il o, məşqçiləri ilə birlikdə çox böyük iş bacarıb", - deyə Plyuşenko azərbaycanlı fiquristin Avropa çempionatındakı çıxışını və onun perspektivlərini qiymətləndirərkən bildirib.
Yevgeni Plyuşenko: Azərbaycanlı fiqurist hər kəslə mübarizə aparmağa qadirdir

O, ümid etdiyini bildirib ki, azərbaycanlı fiqurlu konkisürən burada dayanmayacaq və inkişafa davam edəcəkdir.

"Katya mənim məktəbimi təmsil edir və mən çox şadam ki, o, inkişaf edir və əldə etdiyi nəticələrə qane olmur. Hazırda o, dünya çempionatına hazırlaşır. Bu çempionatda da uğurlu çıxış etmək və üzərinə düşən işi görmək lazımdır", - Plyuşenko bildirib.

Fiqurlu konkisürmə üzrə dünya çempionatı bu il Monrealda (Kanada) keçiriləcək və martın 16-da start götürəcək. İkiqat olimpiya çempionu hesab edir ki, Ryabova yüksək yerləri tutmağa qadirdir və bu, qarşıdan gələn turnur üçün də keçərlidir.

"Biz Monrealdakı dünya çempionatında hansısa yeri tutmaqla bağlı plan qurmuruq. Biz dünya çempionatına qatılaraq layiqli konkisürməni nümayiş etdirmək istəyirik. Qiyməti və yerləri isə hakimlər verirlər. Katya ləyaqətlə sürüşərsə və tamamilə öz işini görərsə, onda tutduğu yer də çox yaxşı olacaq", - Plyuşenko əlavə edib.

Onun sözlərinə görə, hazırda Ryabova buz üstündə konkisürmənin bütün komponentlərini yaxşılaşdırmaq üçün çalışır.

"Bizim idman növündə bütün elementləri əlavə etmək mümkündür. Bu, fırlanma, sıçrama, xoreoqrafiya, sürüşmə və sairdir. Biz bütün bunların üzərində işləyirik. Yenə də keçən ilə nisbətən nəticəni ikiqat artırdıq. Buna görə də dayanmırıq, bundan sonra da işləməyə davam edəcəyik", - Plyuşenko deyib.

Yevgeni Plyuşenko: Azərbaycanlı fiqurist hər kəslə mübarizə aparmağa qadirdir

Titullu idmançı Rusiya fiqurlu konkisürənlərinin Avstriyada keçirilən Avropa çempionatındakı uğurları barədə də fikirlərini bildirib.

"Rusiyalı fiquristlər bu gün dünyanın ən güclüləridir, buna görə onlarla yarışmaq olduqca çətindir. Qızlar akseldə, tullanmada əvəzsizdirlər, həmçinin xoreoqrafiya və konkisürmədə də əladırlar. İşləməyə davam etmək lazımdır. Hara qədər getmək məsələsinə gəlincə, bu barədə çox yaxşı nümunələrimiz var", - Plyuşenko bəyan edib.

O, həmçinin əlavə edib ki, yetirməsi fiqurlu konkisürmə yarışında bütün favoritlərlə yarışmağa qadirdir.

"Ryabova hər kəslə rəqabət aparmaq üçün işləməyə çalışacaq", - deyə Plyuşenko fikrini tamamlayıb.