MƏDƏNİYYƏT

Azərbaycan kinosunda nələr baş verir? – Müstəqil kino adamlarının səsi eşidiləcəkmi?

Bu dəfə də əlinə pul düşən həvəskarlar böyük qazanc əldə etmək ümidilə keyfiyyətsiz filmlərlə bazarı doldurdular.
Sputnik

Peşəkarlara sirr deyil ki, Azərbaycan kinosu isə bu gün qlobal kino mühitində gedən proseslərdən geri qalır. Dövlətin kino sahəsinə ayırdığı milyonların müqabilində görülən işlər, qənaətbəxş deyil. Çəkilən filmlərin keyfiyyətindən tutmuş, onun tamaşaçıya təqdim edilməsinə qədər bütün mərhələlərdə ciddi və təcili şəkildə həll olunmalı problemlər var. Bu problemi dövlətin dəstəyi ilə filmlər çəkən və filmlərini rəflərdə toz basan kino adamları etiraf etməsələr də, mədəniyyətimizin bir parçası olan kinomuz bərbad vəziyyətdədir. Dünya kino industriyası sürətlə inkişaf edir, yeniliklər, texniki və keyfiyyət baxımından irəliləyiş çox barizdir. Çox təəssüf ki, biz dünyada gedən proseslərlə ayaqlaşa bilmirik. İllərdir kinomuzun inkişafı, qlobal proseslərə qoşulması ilə bağlı müzakirələr gedir. Bu barədə danışanların bəziləri müxtəlif yollarla susduruldu və yaxud yorulub kənara çəkildi. Çox təəssüf ki, hazırda Azərbaycan kinosundan söhbət düşəndə dünya tamaşaçısına cəsarətlə və qürurla təqdim edə biləcəyimiz yeni filmlərimiz yoxdur. Dövlət bu sahəyə milyonlarla pul ayırsada, nüfuzlu kino festivallarında ciddi uğur qaanmış bir filmimizin də adını çəkə bilmərik.

Saflığı itirmədən böyümək: "Möcüzə uşaq"

"Müstəqil Kino Platforması" hansı zərurtdən yarandı?

Bu yazıda iki problemə diqqət çəkməyə çalışacağam. Birinci məqam azbüdcəli filmlərinin, dövlət və sponsor hesabına film çəkməyən, müstəqil kino adamlarının problemidir. Hələ ötən ilin sonlarında bir qrup müstəqil kino adamı bir araya gələrək əlaqədar strukturlara, Mədəniyyət Nazirliyinə və ölkə rəhbərliyinə müraciət etdi. Onlar festivallarda nümayiş olunan, kütləvi tamaşaçı üçün nəzərdə tutulmyan, azbüdcəli (kassa filmləri hesab edilməyən) filmlərini münasib şərtlərdə təqdim etmək üçün dövlətdən kinoteatrda güzəştlər tələbi ilə çıxış etdilər. Eyni zamanda film çəkilişləri zamanı yaşadıqları bir sıra problemlərin həlli üçün rəsmi qurumlardan diqqət tələb edirdilər. Hazırda müstəqil kinoteatrlar şəbəkəsini nəzərə almasaq, azbüdcəli filmlərin nümayiş etdirilməsi üçün yeganə münasib məkan Nizami Kino Mərkəzidir. Nazirlik rəsmiləri müstəqil kino adamları ilə görüşdə bu barədə bir sıra vədlər versə də, ortada faktiki əməli dəyişiklik yoxdur. Azbüdcəli və fərqli üslubda filmlər çəkən kino adamları haqlı olaraq dövlətdən diqqət tələb edir. Çünki, dünya miqyaslı festivallarda iştirak edən filmlər, Azərbaycan tamaşaçısına göstərilmir. Kinoteatrlar şəbəkəsi populyar və çoxbüdcəli filmlərin göstərilməsində maraqlıdır. Bu biznes baxımından normal yanaşma olsa da, sənət baxımından uğurlu siyasət hesab edilə bilməz. Şəxsən mən düşünürəm ki, beynəlxalq festivallarda iştirak edən, müstəqil kino adamlarının min bir əziyyətlə ərsəyə gətirdiyi azbüdcəli sənət filmləri də Azərbaycan tamaşaçısına təqdim edilməlidir. Ötən ay "Müstəqil Kino Platforması"nı təsis edən kino adamları ilk mətbuat konfranslarında və mətbuatda dərc etdikləri mərəmnamələrində bu kimi məsələlərə toxunaraq, Azərbaycan kinosunun inkişafı üçün dövlətdən dəstək tələb edir. Ümid edək ki, kinonun inkişafından məsul olan şəxslər bu müraciətə laqeyid qalmayacaq və kinomuzun inkişafı üçün "Müstəqil Kino Platforması"na və müstəqil kino adamlarına lazımi diqqət və qayğını göstərəcək. Şəxsən bir qələm adamı, ssenarist olaraq "Müstəqil Kino Platforması"nı dəstəkləyirəm və onlarla həmrəyliyimi bu yazı vasitəsi ilə bir daha bəyan edirəm.

Avazları yaxşı gəlirdi, amma oxuduqları bu dəfə də Quran olmadı - Suya düşmüş xəyallar

"Yağlı tikəni" bölə bilməyən kinoteatrlar

Müstəqil kino adamları filmlərinin kinoteatrlarda nümayişinə şərait yaradılmasını tələb etdiyi bir vaxtda, kinoteatrlar şəbəkəsi də öz aralarında "yağlı tikə"ni bölmək uğrunda mübarizə aparır. Heç kəsə sir deyil ki, Azərbaycan tamaşaçısı 2014-cü ilə qədər kinoteatrlara yerli filmləri izləmək üçün getmirdi. Eyni zamanda həmin ilə qədər kinoteatrlarda tamaşaçıya təqdim olunacaq, kütləvi nümayiş üçün nəzərdə tutulan çoxbüdcəli filmlər də yox idi. Müstəqil kinoteatr şəbəkələri formalaşana qədər yerli filmlərimizi olduqca az adam izləyirdi. 2014-cü ildə kassa filmləri sahəsində böyük irəliləyiş baş verdi. Bir qrup müstəqil prodüsser, aktyor və rejissor birləşərk tamaşaçını kinoteatra cəlb edə biləcək filmlər ərsəyə gətirdilər. 3 il ərzində kinoteatrlara gələn tamaşaçı sayı 1,8 milyon nəfərə çatdı və kinoteatrlar böyük qazanc əldə etməyə başladı.

Kommersiya filmləri sahəsində qısa vaxt ərzində bum yaşandı. Bu dəfə də əlinə pul düşən həvəskarlar böyük qazanc əldə etmək ümidilə keyfiyyətsiz filmlərlə bazarı doldurdular. Buna baxmayaraq əylənmək istəyən tamaşaçı yerli filmlərə baxmaq üçün kinoteatrlara üz tuturdu. Bu eyforiyaya qapılıb böyük ziyana düşən rejissorlar, prodüsserlər olsa da, proses başlamışdı və davam edirdi.

Uğursuzların, istedadsızların qisası...

Prosesin uğurla davam etdiyi bir dönəmdə "Cinema Plus" şəbəkəsi böyüdü, və digər şəbəkə ilə, "Park Cinema" Kinoteatrlar şəbəkəsi ilə problemlər yaşamağa başladı. Hər iki tərəf prosesdə qazanclı olmaq istəyidi. Məhz bu ərəfədə monopolist meyllər meydana çıxdı. "Cinema Plus" şəbəkəsi özünü bu bazardan ayırdı və şərt qoydu: ölkədə bir distributor şirkəti olacaq, o da bizə tabe olacaq. Bununla kifayətlənməyən "Cinema Plus" şərt qoydu ki, biz filmi harada istəsək, orada göstərəcəyik, üstəgəl 10 % distributor payı alacağıq. Hazırda bu monopoliya davam edir. Özü də filmlər çəkməyə başlayan "Cinema Plus" şəbəkəsi yüksək qiymətlərlə və monopolist siyasətlə tamaşaçının "cibinə girir", müstəqil prodüsserlərə isə ciddi şəkildə maneələr yaradır. Uduzan isə yenə də tamaşaçıdır. Yerli filmlərin yüksək qiymətlərlə nümayişi tamşaçını kinoteatrlardan qaçırdır, yerli kino sənayesinə ciddi ziyan vurur. Tezliklə "Cinema Plus" şəbəkəsi bu monopoliyaya son qoymasa, kommersiya filmləri sahəsində də ciddi problemlər yaşanacaq. Biz istirahətimizi normal qurmaq üçün kinoteatrlarımızda ucuz və keyfiyyətli yerli filmlər izləmək istəyirik. Bunun yolu isə, hələki monopoliyaya son qoymaq, keyfiyyətsiz filmləri kinoteatrlara yaxın buraxmamaqdan keçir. Heç kəsin haqqı tapdalanmadan, normal rəqabət mühiti yaratmaqla keyfiyyətsiz filmlərdən xilas olmaq mümkündür. Yetər ki, mənasız mübahisələrə son qoyulsun və bu sahədəki monopoliya aradan qaldırılsın.

Düşünürəm ki, bu sahəyə nəzarət edən qurumlar hər iki problem diqqətdə saxlayacaq, həm azbüdcəli filmlərini nümayiş etdirmək istəyən kino adamları, həm də kommersiya filimləri çəkən müstəqil kino adamları dövlətin bu sahədə iradəsini hiss edəcək. Yeni standartlara cavab verən kino siyasəti tətbiq olunmasa, bizim dünya miqyaslı filmlər çəkməyimiz, böyük festivallarda iştirak etmək arzularımız elə arzu olaraq qalacaq.

Bütün bunlara baxmayaraq, hər şeyin gözəl olacağına inanmağa və ümid etməyə dəyər.