BAKI, 29 yanvar — Sputnik. Azərbaycanda icbari tibbi sığortaya keçən tibb müəssisələrində növbə sistemini tənzimləyən terminallar quraşdırılıb. Bu barədə Sputnik Azərbaycan-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Xəbərdə bildirilir ki, Quba, Qusar, Ağsu, Şamaxı, Şəki, Kürdəmir, Ucar, Göyçay, Qəbələ və Zaqatala rayon mərkəzi xəstəxanalarında növbə sistemini tənzimləyən terminallar quraşdırılıb. İlin sonuna kimi avadanlıqların digər xəstəxanalarda da quraşdırılması nəzərdə tutulub.
Qeyd edək ki, 2020-ci il yanvarın 1-dən icbari tibbi sığorta 23 rayon və şəhərdə tətbiq olunur. Bu regionlara Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Yevlax və Ağdaş daxildir. Sözügedən rayonlarda yerləşən tibb müəssisələri üzrə cari ilin 23 yanvar tarixinə qədər 265 min 335 müraciət qeydə alınıb.