CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əsrimizin bəlası: Övladımızı “hörümçək yuvasından” necə qurtaraq

"Şagirdlər virtual aləmin bir tərkib hissəsinə çevrilirlər. Onlar həmin oyunun təsiri altına düşməklə cəmiyyət üçün böyük bir təhlükəyə çevrilirlər" - İlqar Orucov
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 28 yanvar — Sputnik. Türkiyədə məktəblilərin kənar, zərərli təsirlərdən qorunması üçün yeni qanun qüvvəyə minib. Belə ki, bu qanuna görə internet klublar məktəblərə yaxın ərazidə fəaliyyət göstərməyəcək, təhsil müəssisəsindən ən azı 100 metr aralıda yerləşəcəklər.

İnternet klublar məktəblərdən 100 metr aralıda olacaq

Bundan başqa, yeni qanuna görə, internet klub açmaq istəyən şəxslərdən kompüter biliyinə dair Türkiyənin Təhsil Nazirliyinin verdiyi sertifikat tələb olunacaq. Yeni qanuna görə, internet klublarda kənar fəaliyyətlər məhdudlaşdırılacaq. Bu qanun həmçinin internet klubların üzərində oyunlar və digər məlumatların reklamını əks etdirən mətnlərin vurulmasına da qadağa qoyur. Bundan başqa, internet klublarda ayrıca otaqların yaradılmasına da imkan verilməyəcək.

Qanundan irəli gələn göstərişlərə əməl edilməsi üçün sahibkarlara 3 ay möhlət verilib. Belə bir qanunun hazırlanmasında məqsəd isə dərsdən yayınma hallarının, eləcə də məktəblilərin arzuolunmaz təsir altına düşməsinin qarşısını almaqdır.

Qeyd edək ki, Azərbaycanda da məktəblilərin sinif otağı əvəzinə internet klublara üz tutduğunu görmək olar. Digər tərəfdən, internet klublarda nəzarətin zəif, bəzən isə ümumiyyətlə olmaması məktəblilərin arzuolunmaz səhifələrə daxil olmasına, kənar, əxlaqa və psixikaya zidd təsirlərə məruz qalmasına gətirib çıxarır. Maraqlıdır, Azərbaycanda təhsildən yayınma hallarının qarşısını almaq üçün belə bir qanunun hazırlanmasına ehtiyac varmı?

Ləyənlə Aya uçmaq qədər cəfəng bəhanələr: smartfonda sürətli internet gözləməyin

Təhsil üzrə ekspert İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bu gün şagirdlərin dərsdən yayınmalarında internet klublarının rolundan danışıb: "Şagirdləri dərsdən yayındıracaq fəaliyyətlərin qarşısının alınması hər zaman gündəmdə olan bir məsələ olub. Təhsil ekspertləri bu cür fəaliyyətlərlə bağlı həyəcan təbili çalaraq məktəblərin qarşısında internet klublarının fəaliyyət göstərməsinin, köşklərdə siqaretin satılmasının qarşısı alınması ilə bağlı çağırışlar ediblər. Çünki şagirdlərin məktəbə davamiyyəti və tərbiyəsi məsələsində internet klubların təsiri danılmazdır. İnternet klubları eyni zamanda şagirdlərin tərbiyəsinə də mənfi təsir göstərə bilir. Məktəblilər internet klubda həm də müxtəlif zərərli vərdişlərə qurşanırlar. Bu səbəbdən də düşünürəm ki, Türkiyədə qəbul olunan qanun ölkəmiz üçün də aktualdır".

Ekspertin sözlərinə görə, internet klublara nəzarət Təhsil Nazirliyinə aid bir  məsələ olmadığı üçün bu işdə müxtəlif dövlət qurumları da dəstəklərini nümayiş etdirməlidir. İ.Orucov bu gün xüsusən də yuxarı siniflərin şagirdlərinin dərsdən yayındığına diqqət çəkib: "Onu da qeyd etməliyəm ki, məktəblilər arasında, xüsusən də yuxarı yaş siniflərində dərsdən yayınma halları müşahidə edilir. Düzdür, valideyn övladını məktəbə göndərərkən artıq bütün məsuliyyət məktəbin üzərinə düşür. Lakin onu da etiraf edək ki, məktəblər bu baxımdan inzibati resurslara malik deyil. Bu səbəbdən düşünürəm ki, dövlət də mövqeyini ortaya qoymalıdır".

Bu gün xüsusən də şəhər məktəblərinin internet və kompüterlə təminatının normal olmasına diqqət çəkən ekspert deyir ki, internet klublar məktəbliləri asılı vəziyyətə salan oyunlar oynanılır. Onun sözlərinə görə, sahibkarların internet klublarını məhz məktəblərin yanında açması, ərazi olaraq belə bir yer seçməsində məqsəd və hədəf daha çox kütləni cəlb etməkdir: "İnternet oyunlarının zərərləri çox böyükdür. Biz bir çox xarici ölkələrdə də görmüşük ki, xaricdə şagirdlər virtual aləmin bir tərkib hissəsinə çevrilirlər. Onlar həmin oyunun təsiri altına düşməklə cəmiyyət üçün böyük bir təhlükəyə çevrilirlər".

İnternet üzərində nəzarət üçün abonentlərin üzü skan ediləcək

Şagirdlərin dərsdən yayınması ilə bağlı olaraq konkret rəqəm söyləyə bilməyəcəyini deyən İ.Orucov şagirdlərin tamamilə internet asılılığının qarşısının alınmasının tərəfdarı olmadığını deyib: "Övladım məktəblidir, o dərslərinə görə ən azı 2 saatını internetdən asılı şəkildə keçirməli olur. Belə olan halda təbii ki, şagirdi internetdən təcrid etmək olmaz. Çünki elektron dərs vəsaitləri, elektron kitablar internetdə daha əlçatandır. Bu səbəbdən bizim əsas məqsədimiz məktəbli övladlarımızın internet istifadəsinin qarşısını almaq deyil, zərərli istifadənin qarşısını almaq olmalıdır".

Ekspert digər xoşagəlməz hallardan da söz açıb: "Məktəblərin qarşısında heyvan kəsimi məntəqələrinin fəaliyyəti qadağan olunmalıdır. Çünki şagirdlərin gözü qarşısında heyvanın başının kəsilməsi, qanının axıdılması müsbət olmayan bir tendensiyadır. Bundan başqa, məktəblərin qarşısında siqaretin ədədlə satışı da həyata keçirilir. Burada da hədəf kütlə təbii ki, şagirdlərdir".