BAKI, 28 yanvar — Sputnik. Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, iclasdan sonra AFFA-nın baş katibi, yeni icraçı vitse-prezidenti Elxan Məmmədovun mətbuat konfransı baş tutub. O, jurnalistlərin aktual məsələlərlə bağlı suallarını cavablandırıb. E.Məmmədov baş məşqçi məsələsiylə bağlı suala cavab olaraq bildirib ki, iclasda fərqli fikirlər səslənib: "Bəziləri tanınmış, bəziləri tanınmamış məşqçi dedilər. Yaxud bizə qonşu ölkələrdən məşqçilərin gətirilməsi, ölkəmizdə çalışan xarici məşqçilər fikrini də söyləyən oldu. Təxminən 15 gün sonra bilinəcək".
Yeni icraçı vitse-prezident "yeni baş məşqçi təyinatı zamanı ona hansısa tələb qoyulacaqmı?" sualına: "Amsterdamda martın 3-də püşkatma olacaq. Ondan sonra artıq tələb qoya bilərik. Yurçeviç gələndə bilirdik ki, hansı komandalar bizimlə mübarizə aparacaq. Püşkatmadan sonra artıq tələblər qoyulacaq", - deyə cavab verib.
Elxan Məmmədov millimizin baş məşqçisi vəzifəsinə 32 namizədin olduğunu bildirib. O, hələ heç bir namizədlə danışıqların aparılmadığını söyləyib.