Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 27 yanvar — Sputnik. Azərbaycanda fəaliyyət göstərən müstəqil Şah Mat Teatrı yanvarın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində dünya şöhrətli fransız yazıçısı Viktor Hüqonun "Ölüm məhbusunun son günü" əsərinin motivləri əsasında "Edama məhkumun son günü" adlı tamaşasını nümayiş etdirəcək.
Sputnik Azərbaycan-a Şah Mat Teatrının mətbuat katibi Turan Etibaroğlu bildirib ki, səhnə əsəri Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə nümayiş ediləcək. Tanınmış yazıçı-şair Salam Sarvanın tərcüməsi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Səbinə Abutalıbzadədir. Psixoloji dram janrında hazırlanan tamaşada teatrın istedadlı aktyoru Anar Bulut çıxış edəcək.
Tamaşanın rejissoru Mir Qabil Əkbərov fransız dramaturqunun klassik romanına tamamilə fərqli aspektdən yanaşmağı bacarıb, maraqlı bir monotamaşa ərsəyə gətirə bilib. Səhnə əsərində hadisələr yoxsul adamın xəstə qızına çörək oğurlayan zaman istəmədən bir nəfər şəxsi öldürməsi ilə başlayır. Məhkəmə zamanı cinayət törətmiş şəxsə ölüm hökmü verilir. Tamaşa ölümə gedən yolda qəhrəmanın nələr keçirdiyini danışır. Sonda isə onu edam edirlər. Rejissorun bildirdiyinə görə, həmin adamı incidən bu cür qanunları və bu qanunların insana verdiyi fiziki ağrılardan daha çox, mənəvi ağrıları əks etdirməyə çalışıb.