BAKI, 26 yanvar — Sputnik. Uzun müddət idi ki, yerli telekanalları izləmirdim. Yalnız teleməkanda hansısa ciddi hadisə baş verəndə və sosial mediada tirajlananda rastıma çıxırdı və xəbərdar olurdum. Bir müddət əvvəl isə yerli telekanalların içindən biri diqqətimi çəkməyə başladı. Əvvəlcə, sakitcə, bir kənardan gizli-gizli izlədim. Sonra gördüm ki, artıq bu telekanal məni öz tamaşaçısına çevirib. Söhbət, İctimai Televiziyadan gedir...
Niyə əvvəlində gizli-gizli izlədiyimi deyim ki, müəmmalı qalmasın. Çünki ara-sıra bəzi telekanallar hər hansı keyfiyyətli bir iş görəndə, ortaya sənət əhəmiyyəti daşıyan materiallar çıxaranda çox tez sevinir, birbaşa o telekanala rəğbət bəsləməyə başlayırdım. Üzərindən iki gün keçmirdi ki, köhnəlik, bayağılıq və bir sıra çatışmazlıqlarla təzəcə cücərməyə başlayan ümidlərimi üzürdülər. Sonra bu vərdişimi tərgitdim.
Ötən ilin aprelindən etibarən İctimai Televiziya diqqətimi çəkməyə başladı. Maraqlı konseptlər, müasir və gözəl pavilyonlar, peşəkar çəkiliş, istedadlı və professional aparıcılar, intellektual qonaqlar, yeniliyə açıqlıq, gənclərlə işbirliyi və digər məqamlar məni heyrətləndirir və həyəcanlandırırdı. “Aha, nəsə olur, müsbətə doğru nələrsə dəyişir, işləmək, yaratmaq, ərsəyə gətirmək, məktəb formalaşdırmaq, yenilik etmək istəyənlər var” deyib, getdikcə, daha da diqqətlə izləməyə başladım.
“3D”, “Sabahın xeyir, Azərbaycan”, “Dikdaban”, “Sabaha saxlamayaq”, “Diqqət mərkəzi”, “Pressinq”, “Ötən günlər” və digər bir-birindən maraqlı, rəngarəng, həm əyləncəli, həm maarifləndirici, gözümüzü kor edən bayağılıqdan uzaq, şounu da, qalmaqalı da, mübahisəni də, müzakirəni də dadında, yerində, məqamında göstərən verilişlərə baxdım.
Bu telekanalı izləməyə təzəcə başlamışdım ki, mənə də dəvət gəldi. “Sabahın xeyir, Azərbaycan” verilişinin redaktoru Vüsal Məmmədovun dəvəti ilə aparıcılar - Azər Süleymanlı və Turanə Hüseynlinin qonağı oldum. Telekanalın binasına girəndən çıxana qədər dərin nəzakət, mədəniyyət, ədəb-ərkan, tərbiyə, mehribanlıq, gülərüzlülük, peşəkarlıq və həm insanlara, həm də sənət adamlarına xas olan bütün müsbət insani keyfiyyətlərlə qarşılaşdım. Deyəsən, bu dəfə yanılmırdım.
Fidan Hacıyeva: "Televiziya və radioda xalqın zövqünü korlamaq olmaz"
İctimai Televiziyadan yeni illə bağlı da fərqli, qeyri-adi, maraqlı bir iş gözləyirdim və yenə yanılmadım. Onlar digər yerli telekanalların adət etdiyi köhnəlmiş və şou qalmaqalları üzərində qurulmuş bayağı komediyalarla və bir neçə müğənninin ötəri ifası ilə keçirmədilər bu Yeni il proqramını. İş gördülər, ortaya bir sənət məhsulu çıxardılar, əmək, bilik və istedad sərf etdilər. “Oxşarabad 2 – Korifeylər” layihəsi bunun ən bariz nümunəsidir.
Bəli, İctimai Televiziya tamaşaçını heyrətləndirməyi və heyran saxlamağı bacardı. Qorxmaz Əlilicanzadənin Nəsibə Zeynalovanın obrazını canlandırması və bu obraz üzərində qurulmuş mükəmməl dramaturji konfliktlə, elə Nəsibə Zeynalova kimi ustadca bir komediya ilə izləyən hər kəsi ayaqda alqışlamağa vadar etdilər. Bunun ardınca baş tutan bayram konsertində Müslüm Maqomayevin, Rəşid Behbudovun, Mirzə Babayevin, Anatollu Qəniyevin, Şövkət Ələkbərovanın, Sara Qədimovanın, Nəzakət Məmmədovanın və digər ustad sənətkarların parodiyası və onların musiqi nömrələrindən ibarət konsert proqramı mədəni tariximizi təzələdi. Bizim, təxminən, bir əsr əvvəldən bu günə qədər səhnə və sənət keçmişimizə güzgü tutdular. Zamanında izləyə bilməyənlərə, indi internet portallarından izləməyi tövsiyə edirəm.
Bu yaxınlarda isə gördüm ki, bir zamanlar bəlkə də ən böyük sevgi və rəğbətlə izlədiyim “Bir mahnının tarixçəsi” verilişini bərpa ediblər. Deməli, təkcə, yeniləşmə deyib keçmişdəki yaxşıları da unutmurlar. Həm keçmişin uğurlu işlərini qoruyub saxlayır, inkişaf etdirir, həm də yeni uğurlu işlərə imza atırlar. Bütün bu işləri də dürüst, səmimi, ədalətli şəkildə görməyə çalışırlar.
Biz başqa nə istəyirdik ki? Arzulanan, istənilən, ümid edilən o maraqlı və mahiyyətli efir məkanını İctimai Televiziya bizim üçün yaratdı. İndi iş Azərbaycan tamaşaçısının öhdəsindədir. Hər an tənqid, hətta, təhqir edilən, amma yenə də “alternativimiz yoxdur” bəhanəsi ilə izləyib reytinq qazandırılan digər telekanalları boykot etməyin zamanı deyilmi? Daha alternativ var. Həftənin yeddi günü, günün iyirmi dörd saatı evinizdə İctimai Televiziyanı açıq saxlayıb, həm zəhmət və istedadla iş görənlərə dəstək ola, həm də sənətdənkənar, bayağı, bəzən həddini aşıb iyrəncləşə bilən digər telekanalları uğurdan məhrum buraxaraq inkişafa məcbur edə bilərsiniz.
İlk addımı İctimai Televiziya atdı. Bu telekanal müasir televiziya anlayışı yolunda bir məktəbə çevrilməkdədir. Mən həm öz adıma, həm də sənət adına bu telekanalda çalışan, bu uğurlu işlərin ərsəyə gəlməsində əmək sərf edən hər kəsə minnətdaram. Növbə Azərbaycan tamaşaçısınındır.