Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 23 yanvar — Sputnik. Hər il 2.12 milyard ton zibil təbiətə tullanır. Təbii ki, bu tullantılar sırasında plastik qablar, sellofanlar, batareyalar kimi təbiət üçün həddindən artıq təhlükəli olanlar da var. Onlar nəinki bu günümüzü, eləcə də 100, 300 il sonrakı həyatı da təhdid altına salır. Aparılan araşdırmalaq zamanı bəlli olub ki, rəqəmlərin belə sürətlə artmasının səbəbi, aldığımız qeyri-qida məhsullarının 6 ay ərzində zibilliyə tullanması ilə əlaqədardır. Artıq bir çox ölkələr zibil tullantısını azaltmaq, sıfıra endirmək üçün "yaşıl" aksiyalara başlayıblar.
Azərbaycanda total şəkildə olmasa da, artıq bu istiqamətdə müəyyən addımlar atılıb. Sputnik Azərbaycan dəfələrlə artıq tullantıları sənət əsərinə çevirən, ikinci əl geyimlərin istifadəyə yararlı hissələrindən müəyyən geyimlər ərsəyə gətirən şəxslərlə bağlı materiallar yayımlayıb. Bu dəfə üz tutduğumuz ünvan isə Qala qəsəbəsində yerləşən "Tullantıdan sənətə" muzeyidir. "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin "Tullantıdan sənətə" muzeyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yaradılıb. "Tullantıdan sənətə" sərgisi ilk dəfə 2012-ci ildə baş tutsa da, eyniadlı muzey 2015-ci ildə yaradılıb.
Muzey yerli sənətkarlarla yanaşı, dünyanın müxtəlif ölkələrindən olan sənətkarları özündə birləşdirməsi ilə diqqəti çəlb edir.
Bələdçimiz deyir ki, hazırda muzeydə 180-ə yaxın müxtəlif sənət nümunələri var. Onlar plastik su qabları, sellofanlar, uşaq arabası, oyuncaqları, müxtəlif maşın hissəcikləri, siqaret kötükləri, tennis topları, disklərdən hazırlanıb.
Muzeyi gəzdikcə, dəmir parçalarından yaranan "Simurq" quşunu, taxta tullantılardan əmələ gələn atları, plastik qaşıq, çəngəl, bıçaqlardan yaranan balıq obrazını görmək mümkündür. Bu nümunələrin yaranması üçün əsas xammal olan tullantılar müxtəlif ərazilərdən yığılıb.
"Bizim Balaxanıda Çeşidləmə Zavodumuz fəaliyyət göstərir. Burada zibillər dezinfeksiya olunur və çeşidlənir. Sərgi öncəsi isə hər bir sənətkarımız çeşidləmə zavoduna gedərək özünə lazım olan hissəcikləri götür və bizim pavilyonda nəzərdə tutduğu ideyanı gerçəkləşdirir. Bir əsərin, yaxud da obrazın yaranması isə təxminən 15 gün vaxt alır. Sənətkarlara bunun qarşılığında heç bir vəsait ödənilmir. Xaricdən gələn turislərin isə bura gəlmə, qayıtma və qalma kimi xərcləri qarşılanır. Çünki burada bizim heç bir maddi marağımız yoxdur", - deyə muzeyin bələdçisi Elnarə Mirhəşimli bildirir.
Əslində muzeydə sərgilənən bu nümunələr, obrazlar həm də dünyanın nə qədər fani olduğunu, bu gün dəyər verərək aldığımız əşyaların zaman keçdikcə necə dəyərsizləşdiyini göstərir.
Vaxtilə dəyərli olan, müəyyən mahiyyət daşıyan pullar indi yalnız tullantıdan düzəldilmiş əşya formasında bu muzeyin eksponatına çevrilib. Bələdçinin sözlərinə görə, burada 1, 3, 5 qəpiklərdən yaranan balıq obrazları xarici turistlər üçün ən cəlbedici nümunələr sırasındadır.
Muzeydə yaradılan nümunələr bəşəriyyətin əsas təhlükələri ilə bağlı sos siqnalı ötürür. Buradakı obrazların əsas ötürdüyü mesajlardan biri isə kompüterləşmiş insanın zamanla sağlamlığını tamamilə itirməsidir. Yaradılan nümunələr burada müasir insanı, onun fəaliyyətini tənqid edir.
"Bəzi hallarda abstrakt olaraq yaradılan nümunələrdə biz kompüterin əsiri olanların orqanlarının yerinin dəyişməsinin də şahidi oluruq. Bundan başqa, disklərdən ibarət böyük gəmiyə kədərlə baxan plastik insan toplusunun üzündəki kədərin səbəbi ekologiyamızın mövcud durumu və bizim məhvə sürüklənməyimizdir. Pakistanlı sənətkar Xəlil Çişti tərəfindən yaradılan monoxromatik zəif fiqurlar ilk öncə özünün "qorxunc" ayaq forması ilə diqqəti cəlb edir", - deyə Mirhəşimli bildirir.
Avtomobil disklərindən, müxtəlif hissələrindən yaranan bir tar da cəlbediciliyi ilə seçilir.
Ötən ilin "Nəsimi ili" olması ilə əlaqədar muzeydə dahi şair üçün xüsusi bir guşə yaradılıb. Bu guşə turistlər tərəfindən də maraqla qarşılanır. Bələdçi "Nəsimi ağacı" haqqında danışarkən deyir: "Nəsiminin şeirlərindən ibarət ağac güzgü tullantılarından ərsəyə gəlib. Güzgülər yarpaq şəklində dəmirdən hazırlanan ağacın budaqlarından asılıb. 2019-cu ilin "Nəsimi ili" olması ilə əlaqədar burada xüsusi bir guşə yaradılıb. Guşədə dahi şairin həyat və yaradıcılığına aid müxtəlif nümunə və obrazlar nümayiş olunur. Onlar arasında güzgü qırıqlarından yaranan Nəsimi portreti xüsusi ilə diqqət çəkir".
Şairin günahsız şəkildə edamını əks etdirən "Femida" obrazı isə əlində tutduğu tərəzi ilə ədalətin qorunmadığını göstərir. Buradakı təsbehin dənəcikləri isə qəzetlərin dairəvi formada bükülərək rənglənməsindən alınıb.
Maraqlı məqamlardan biri də budur ki, "Tullantıdan sənətə" sərgisi üçün Azərbaycana gələn sənətkarlardan biri elə burada qalaraq azərbaycanlı qadınla ailə həyatı qurub. Bələdçinin dediyinə görə, kolumbiyalı Mario Lancer müxtəlif tullantılara sözün əsl mənasında yeni can, nəfəs verməklə məşğuldur. Tullantılardan yaranan robotlar hərəkət edə, müxtəlif əmrlərə cavab verə bilirlər.
Söhbət əsnasında onu da öyrənirik ki, Mario Lancer hazırda Azərbaycanda azyaşlılara robot texnikası dərslərini tədris edir.
Muzeydəki tullanmış dəmir parçalarından ibarət açar özündə Azərbaycanın əsas tarixi abidələrini ehtiva edir. Burada tullantıların daha çox rast gəlindiyi dənizlərdəki mənzərənin də şahidi olmaq mümkündür. Mavi dəniz tablosunda qumun üzərində siqaret kötükləri, sınıq kafellər insanın təbiətə qarşı nə qədər vəhşi və məsuliyyətsizcəsinə davrandığının təzahürüdür.
"Burada təbiətin, ekologiyanın zəhərlənməsinin törətdiyi bəlaları görmək mümkündür. Abstrakt olan bu nümunələr əslində reallığı əks etdirir. Xarici və daxili tullantıdan ibarət ölmüş inək və tullantı insan da bunun bir əksidir", - deyə bələdçi əlavə edir.
Parça tullantılarından yaranan nar ağacı, zibilliyin girdabına düşən ölmüş adam, bir əsərin necə zibilə çevrilməsini əks etdirən tablo, təkər tullantılarından yaranan velosiped və kreslo, plastik tullantılardan ibarət olan dinozavr, kompüterləşmiş adam, istifadəyə gərəksiz əşyalardan ibarət qızıl otaq da diqqətçəkən idi.
Bələdçinin sözlərinə görə, belə bir muzey və sərginin yaradılmasında məqsəd insanlara maddələrin dönüşü anlayışını, yəni tullantıların istifadəyə yararlı məhsullara çevrilməsi ideyasını təlqin etməkdir.
Mirhəşimli deyir ki, bu ideya ən azı hər gün buranı ziyarət edən 100-dən çox turistə təlqin olunur. Muzeydə müasir və qədim Bakı, Qız Qalası ilə Alov qüllələri (Flame towers) də bir vəhdət təşkil edir.
Əgər istedadınız varsa, hətta karandaşın yonulmasından əmələ gələn tullantıdan, yaxud kafel qırıntılarından müxtəlif əl işləri, məsələn, xalça ornamentləri ərsəyə gətirə bilərsiniz.