CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur erməni azərbaycanlı tenorun müdafiəsinə qalxdı: "Ona böhtan atıblar"

Sati Spivakova məşhur azərbaycanlı vokalçı Yuzif Eyvazovun müdafiəsinə qalxaraq onun erməni həmkarı ilə eyni səhnəni bölüşmək istəmədiyi barədə yayılan məlumatları böhtan adlandırıb
Sputnik

BAKI, 21 yanvar — Sputnik. Erməni əsilli rusiyalı teleaparıcı Sati Spivakova bu günlərdə erməni həmkarı Ruzan Mantaşyanla eyni səhnəni bölüşməkdən imtina etməkdə günahlandırılan opera müğənnisi, Azərbaycanın xalq artisti Yusif Eyvazovun müdafiəsinə qalxıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, teleaparıcı Instagram sosial şəbəkəsindəki səhifəsində yazıb ki, sənət, xüsusən musiqi bir millətin, bir inancın sərhədləri daxilində yaransa da, o, ümumbəşəridir və onun dili universaldır.

"Siyasətçilər üçün millətlərarası nifaq toxumunu əkmək böyük bir meşənin ortasındakı ağzıaçıq benzin çəninə yanan kibriti atmaqdan daha asandır. Heç kim genetik düşmənçiliyimizin ağrısını bizim bu iki xalqdan daha güclü hiss edə bilməz, ancaq bu ağrını yalnız sevgi və dözümlülük, diqqət və anlayışla, ən başlıcası isə təxribata aludə olmayaraq ağılla müalicə etmək lazımdır və o, müalicə edilməlidir", - Spivakova yazıb.

Satinin sözlərinə görə, dirijor Vladimir Spivakovla birgə ömrünün 37 ili ərzində həyat yoldaşı da daxil olmaqla böyük sənətkarların təxribatların, fitnələrin, pisniyyət agentlərin, prodüserlərin, rejissorların, katiblərin fırıldaqlarının qurbanı olduqlarının dəfələrlə şahidi olub. Nəticədə nəinki müqavilələri, həm də milliyyətindən asılı olmayaraq, uzunmüddətli dostluq tandemləri çökdürülüb.

"Mən yalnız şəxsən şahid olduğum şeylərə inanıram! Gənc erməni müğənni Ruzanna Mantaşyana olan bütün heyranlığımla, onun bu çirkli və xırda hekayədə qurban olduğunu başa düşərək, Yusif Eyvazovun böhtana məruz qaldığını və zərbə altında qoyulduğunu bilərək onu qorumaq istəyirəm. Mən erməniyəm, o, azərbaycanlıdır. Əgər siyasi kontekstdən baxsaq, şübhəsiz ki, biz barrikadaların əks tərəfində olacağıq! Amma heç vaxt heç bir sənətkar üçün həmkarının milliyyəti rol oynamayıb. Bütün artistlər bir sərhədsiz ölkənin vətəndaşlarıdır - İncəsənətin", - Spivakova qeyd edib.

Satinin sözlərinə görə, o, bu statusu hamını sakitləşdirmək və "bu cəfəng müzakirələri kəsmək" üçün yazıb.

Yusif Eyvazov da öz növbəsində Instagram səhifəsində Spivakovaya gözəl sözlərə görə təşəkkür edib və yenidən onunla bağlı yayılan şayiələrə münasibətini bildirib.

Tanınmış opera müğənnisinə iftira atıblar: Hadisə heç də deyildiyi kimi olmayıb

"Dünyanın müxtəlif ölkələrində çıxış etdiyim müddət ərzində səhnəyə çıxdığım zaman hansı millətdən olmasından asılı olmayaraq, heç bir sənətkar tərəfindən hörmətsiz münasibət diqqətimi çəkməyib. Sadəcə, bir daha demək istəyirəm ki, bizim peşədə heç bir milli qərəz ola bilməz. Bəli, hamımızın öz siyasi fikrimiz, öz baxışımız var, amma bu, siyasətə aiddir, musiqiyə deyil", - deyə Eyvazov bildirib.

Bu günlərdə bir sıra xarici KİV-də Azərbaycanın xalq artisti, tenor Yusif Eyvazovun fevralın 7-də Drezdendə "The Semper Opera Ball"ın səhnəsinə erməni həmkarl Ruzan Mantaşyanla birlikdə çıxmaqdan imtina etməsi barədə məlumat yayılıb. Müğənni özü isə bildirib ki, Mantaşyanın konsertdə iştirakı, onunla duet oxuyacağı bəyan edilməyib və lap əvvəldən onun solo oxuması planlaşdırılır. Bununla belə, o, həmkarlarının milli mənsubiyyətinin onun üçün səhnədə heç bir rol oynamadığını qeyd edib.

Sati Spivakova Ermənistanda doğulub-böyüyüb. O, "Sati Spivakova. Hekayələrim" sənədli proqramının müəllifi və aparıcısı olub. 2005-2010-cu illərdə "Kamerton" proqramını aparıb. 2010-cu ilin mayından indiyə kimi "Sati. Darıxdırıcı olmayan klassika" proqramının aparıcısıdır. O, TEFİ (Televizionnıy Efir-red.) mükafatının "Musiqili proqram. Klassika" nominasiyasının qalibidir. Əri rusiyalı skripkaçı və dirijor, SSRİ-nin xalq artisti Vladimir Spivakovdur.

Amerikada, Avropada bizi dinləyənlər deyirlər: "Azərbaycanın suyu, havası nədir belə?">>

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Yusif Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. Onun adı "Dünyanın ən yaxşı tenorları" kitabına daxil edilib. O, bir sıra beynəlxalq müsabiqələrin laureatı və qalibidir. Onun qazandığı mükafatlar arasında Gianandrea Gavazzeni (dünya şöhrətli italyan dirijoru, pianoçusu, bəstəkarı, musiqi tənqidçisi və yazıçısı — red.) fəxri medalı da var. Eyvazov Milanın "La Skala" operasının və Monte-Karlonun "Kral" operasının kollektivləri ilə birlikdə dünya səhnələrində çıxış edir. 2015-ci ildə Rusiyanın xalq artisti Anna Netrebko ilə ailə qurub.