İDMAN

Azərbaycan klubu italyan məşqçisi ilə sağollaşdı

Yanvarın 18-də baş məşqçi Roberto Bordinlə görüş keçirilib və qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib
Sputnik

BAKI, 19 yanvar — Sputnik. "Neftçi" Futbol klubu baş məşqçisi Roberto Bordinlə müqaviləni pozub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə klubun saytında məlumat yayılıb.

Məlumatda deyilir ki, "Neftçi" PFK-nın prezidentinin təqdimatı əsasında əsas komandanın hazırkı durumu Müşahidə Şurasının üzvləri ilə yenidən müzakirəyə təqdim edilib, irad və təkliflər dinlənilib. Sonda komandanın indiki vəziyyəti nəzərə alınaraq, klubun baş məşqçisi Roberto Bordinlə müqaviləyə qarşılıqlı surətdə xitam verilməsi barədə qərar verilib.

Bu qərara əsasən, yanvarın 18-də baş məşqçi Roberto Bordinlə görüş keçirilib və qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib. Əsas komanda müvəqqəti olaraq köməkçi məşqçi Füzuli Məmmədova tapşırılıb.

“Neftçi” PFK italiyalı mütəxəssis Roberto Bordinə xidmətlərinə görə təşəkkür edərək, gələcək karyerasında uğurlar arzulayıb.