Dünyanın gözü ondadır - Meqanın atası məhkəmədə ifadə verə bilər

Şahzadə Harri və həyat yoldaşı ötən ilin oktyabrında Meqanın atasına məktubunu dərc etdiyinə görə "Mail on Sunday" tabloidini məhkəməyə verdiklərini elan ediblər
Sputnik

BAKI, 15 yanvar — Sputnik. Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Marklın atası Tomas Markl qızının şəxsi məktubunun "Mail on Sunday" nəşri tərəfindən dərc olunması ilə bağlı keçiriləcək məhkəmə prosesində qızına qarşı ifadə verməyə hazırdır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Daily Telegraph" qəzeti yayıb.

Şahzadə Harri ilə xanımı ada ilə qitə arasında qalacaqlar

Qəzet yazır ki, onun əlində olan sənədlərə görə, "Mail on Sunday" nəşri məhkəmədə müdafiəsini Tomas Marklın ifadələri əsasında quracaq. Qeyd edilir ki, Londonun Yüksək Məhkəməsinə təqdim edilmiş sənədlər Meqan Marklın şahzadə Harri ilə toyu keçirilən zaman atası ilə pisləşən əlaqələrini ortaya qoyur.

Şahzadə Harri və həyat yoldaşı ötən ilin oktyabrında Meqanın atasına məktubunu dərc etdiyinə görə "Mail on Sunday" tabloidini məhkəməyə verdiklərini elan ediblər. Həmin vaxt Harri verdiyi çox emosional və uzun bir bəyanatda bəzi Britaniya tabloidlərini onun həyat yoldaşı haqqında yalan məlumatlar dərc edərək onu gözümçıxdıya salmaqda günahlandırıb.

Harrinin sözlərinə görə, Meqanın şəxsi məktubunun "Mail on Sunday" nəşrində dərc edilməsi oxucu fikrinin manipulyasiya edilməsi aləti kimi istifadə olunur. Şahzadə iddia edib ki, Meqan haqqında tabloidə lazım olan təəssüratın yaradılması üçün məktub redaktə edilib və qısaldılıb.

Bundan sonra, Britaniya tabloidi mövqeyindən dönməyəcəyini və məhkəmədə Meqan Marklın şəxsi məktubunun dərc edilməsinin qanunauyğun olduğunu iddia edəcəyini bildirib.