BAKI, 15 yanvar — Sputnik. Dünya klassik musiqisinin şah əsərlərindən biri - görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yarım əsrdən çox müddətdən sonra təntənəli şəkildə müəllifin vətəninə qayıdır.
Sputnik Azərbaycan xəbər verir ki, əsərin martın 13, 15 və 16-da Heydər Əliyev Sarayında təqdimatı keçiriləcək.
Tamaşa məşhur baletmeyster Yuri Qriqoroviçin quruluşunda, tanınmış rəssam Simon Virsaladzenin səhnə tərtibatında nümayiş olunacaq. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə Xalq artisti Yalçın Adıgözəlov dirijorluq edəcək.
Tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri və Bakı Xoreoqrafiya Akademiyasının tələbələri çıxış edəcəklər.
Qeyd edək ki, "Məhəbbət əfsanəsi" baleti 50 ildən sonra ilk dəfə Azərbaycanda oynanılacaq.