BAKI, 14 yanvar — Sputnik. İspaniyanın "Barselona" klubu baş məşqçisi Ernesto Valverde ilə yolları ayırır.
Sputnik Azərbaycan bildirir ki, "As" qəzeti katalon klubunun bir neçə məşqçini nəzərdən keçirdiyini yazır.
Qəzetin yazdığına görə, əsas namizəd "Betis"in keçmiş məşqçisi Kike Setyendir. O, artıq bir neçə dəfə "Barsa"nın nümayəndələri ilə görüşüb, agenti də artıq Barselonadadır.
Setyen "Barselona"nın məşqçisi olmaq istəyini heç zaman gizləməyib. Yohan Kroyfun yolunu getdiyini düşünən məşqçi hesab edir ki, fikirləri klubun futbol fəlsəfəsi üst-üstə düşür.
Namizədlərdən Maurisio Poçettinonun katalon klubunda işləməsi, klubun prezidenti Xosep Bartomeu ilə tanışlığına rəğmən, ağlabatan deyil, çünki "Barselona"da iş üzrə mövqeyi prezidentin ürəyincə deyil. Daha bir namizəd isə hazırda "Barselona B"ni çalışdıran Qarsiya Pimyentadır.
Valverdenin bu gün işdən çıxarılacağı gözlənilir.