BAKI, 14 yanvar — Sputnik. Avstriyanın Xarici İşlər naziri Aleksander Şallenberq "Şimal Axını-2" layihəsinə qarşı tətbiq edilmiş Amerika sanksiyalarını tənqid edib.
"Biz sanksiyaların eksterritorial təsirini rədd edirik. Bu qəbuledilməzdir", - Şallenberq deyib.
Nazir qeyd edib ki, boru kəməri Avropanın enerji təchizatının şaxələndirilməsinə kömək edir və Ukraynanın maraqlarına xələl gətirmir.
Şallenberq xatırladıb ki, Vaşinqton layihənin ünvanına səsləndirdiyi tənqidin iqtisadi əsaslarının olduğunu gizlətmir. Birləşmiş Ştatların Avropa İttifaqına (Aİ) öz maye qazını ixrac etmək planları barədə suala cavab verərkən XİN başçısı "Avropanın digər maraqlarının olduğunu" deyib.
"Avropa" ictimai və informasiya əməkdaşlığı mərkəzinin direktoru Eduard Popov Sputnik radiosunun efirində bu bəyanatı şərh edərkən bildirib ki, sanksiyalara baxmayaraq layihə başa çatdırılacaq. O deyib ki, Avropada bunu anlayırlar və Rusiyanın mövqeyini dəstəkləyirlər, lakin özlərinin kommersiya mənfəətini də unutmurlar.
"ABŞ Avropanı və onun lideri Almaniyanı özünün bahalı sıxılmış qazını almağa məcbur edə biləcəkmi? Avropa "Şimal axını-2" kimi mürəkkəb bir infrastrukturun tikilməsinə kreditləri, siyasi səyləri və s. ona görə yönəltmir ki, sonradan bahalı Amerika məhsullarını alsın. Lakin elə ola bilməz ki, almanlar öz məqsədlərini də güdməsinlər. Buna görə də onlar sona qədər çalışacaqlar ki, qaz təchizatını şaxələndirsinlər. Onlar məhsulun əsas həcmini, əlbəttə ki, bizdən, lakin həm də gözəçarpan hissəsini amerikalılardan alacaqlar. Ona görə yox ki, bu onlar üçün sərfəlidir – ona görə ki, bununla onlar satıcıya təsir göstərirlər. Almanlar bu cür metoddan ustalıqla istifadə edirlər. Lakin prinsipcə heç nə dəyişmir. Avropa, Almaniya ilk növbədə Rusiya qazı ilə maraqlanırlar", - Popov bildirib.
2019-cu il dekabrın 20-də Amerika Prezidenti Donald Tramp 2020-ci il üçün müdafiə büdcəsini imzalayıb. Sənəd xüsusilə "Şimal axını-2" və "Türk axını" qaz kəmərlərinə qarşı məhdudlaşdırıcı tədbirləri nəzərdə tutur. ABŞ bu qaz kəmərlərinin tikintisi ilə məşğul olan şirkətlərdən dərhal işi dayandırmağı tələb edib. İsveçrənin "Allseas" şirkəti "Şimal axını-2" layihəsində iştirakını dərhal dayandırıb.
Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə, qaz kəmərinin tikintisi və işə salınması 2020-ci ilin sonuna və ya gələn ilin birinci rübünə qədər başa çatmalıdır. O vurğulayıb ki, Moskva xarici tərəfdaşları cəlb etmədən qaz kəmərini özü tikib başa çatdıra biləcək və yeganə sual tarixlərlə bağlıdır.