MƏDƏNİYYƏT

Ağaxan Abdullayevin oğlu atasının arzusunu gerçəkləşdirdi - VİDEO

"O həmişə deyirdi ki, məni müğənni kimi görmək istəyir, mən isə o vaxt musiqiçiliyi seçdim" - Hikmət Abdullayev
Sputnik

BAKI, 13 yanvar — Sputnik. Azərbaycanın mərhum Xalq artisti Ağaxan Abdullayevin oğlu Hikmət Abdullayev atasının yolu ilə getməyi qərara alıb. O, "Ata" mahnısına çəkdirdiyi ilk klipini təqdim edib.

Müğənninin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, mahnının sözləri və musiqisini özü yazıb, aranjirovkası isə Muxtar Abhüseynova məxsusdur. Klipin rejissoru Vəli Zahirovdur. Abdullayev çoxdan atasına mahnı həsr etmək fikrindəymiş, uzun götür-qoydan sonra nəhayət, arzusunu gerçəkləşdirib.

 

"Mən kamança ifaçısıyam, amma indi qərara aldım ki, müğənniliyə başlayım, atamın yolunu davam etdirim. O həmişə deyirdi ki, məni müğənni kimi görmək istəyir, mən isə o vaxt musiqiçiliyi seçdim. İndi isə onun da, özümün də arzumuzu gerçəkləşdirdim. Bu mahnı mənim debütümdür, çox istəyirəm ki, o, insanların xatirində qalsın", - Abdullayev qeyd edib.

Ağaxan Abdullayev Azərbaycanın ən məşhur xanəndələrindən olub. O, Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində uzun müddət dərs deyib, Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti olub.

Xanəndənin ifa etdiyi xeyli xalq mahnısı, təsniflər, dəstgahlar, zərb-muğamlar Milli Televiziya və Radionun "Qızıl Fond"unda saxlanılır. Xalq artisti adından əlavə, "Şöhrət" ordeni və Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatına layiq görülüb. Xanəndə 2016-cı ildə vəfat edib.