CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının fövqəlrayonunun yaradılmasına mane olan güclər kimlərdir

Qasımzadənin sözlərinə görə, rayon icra hakimiyyətləri qiymətli əraziləri əldən buraxmaq istəmirlər. Bacardıqları qədər Bakının mərkəzi rayonunun formalaşmasına mane olurlar.
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 yanvar — Sputnik. Bakının mərkəzi rayonun formalaşdırılması ilə bağlı məsələ bir ildən çoxdur ki, gündəmə gəlsə də, hələki paytaxtın tarixi mərkəzinin mühafizəsi istiqamətində işlərə başlanılmayıb. Prezident İlham Əliyev də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevi qəbul edərkən bu məsələ ilə bağlı ciddi tapşırıq verib. Prezident bildirib ki, bir müddət bundan öncə ziyalılarla görüşdə Memarlar İttifaqının sədri təklif verib ki, Bakının mərkəzi rayonu formalaşsın. Hətta bununla bağlı prezident Bakı Şəhər İcra Hakimiyyətinə də müvafiq göstərişlər verdiyini söyləyib: “Sizə də tapşırıram, Bakı Şəhər İcra Hakimiyyəti, Memarlar İttifaqı yığışın birlikdə təklifləri konkretləşdirin. Çünki bunun üstündən artıq uzun müddət keçib, ancaq hələ ki, mənə heç bir təklif verilməyib. Mən prinsip etibarilə bu təklifi dəstəkləyirəm. Çünki belə olan halda mərkəzi rayonda bu rayona uyğun xüsusi mühafizə tədbirləri görülə bilər və memarlıq abidələrimizə diqqət daha da yüksək ola bilər. O ki qaldı yeni binaların tikintisinə, burada qaydalar daha da sərt olmalıdır" - deyə İlham Əliyev bildirib.

Sputnik Azərbaycan Bakının mərkəzi rayonunun formalaşdırılmasının ləngimə səbəbini araşdırıb.

BŞİH: Uşaq bağçalarında aparılan yoxlamalarda ciddi nöqsanlar aşkar edilməyib

Memarlar İttifaqının sədri Elbəy Qasımzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təklifləri prezidentlə görüşdən sonra aidiyyatı qurumlara təqdim edib. Amma təklifin icrası daşa dirənib: “Cənab prezidentə təşəkkür edirəm ki, bunu çox vaxtında yada salıb. Mən prezidentimizdən bu məsələyə belə həssaslığı, diqqəti gözləyirdim. Mənim təklifimi məmurlar məqsədli şəkildə yubadırlar. Ona görə də, fikirləşirdim ki, prezident ziyalılarla yenidən görüş keçirsə, mən bu məsələni təkrar qaldırım.  Amma sağ olsun İlham Əliyev özü bununla bağlı tapşırıq verdi. Güman edirəm ki, qısa müddətdə bu məsələ öz həllini tapacaq. Əlbəttə ki, bu asan məsələ deyil. Bunun üçün rayonların sərhədi dəyişməlidir, mülkiyyət məsələləri həll olunmalıdır. Amma pataxtın mərkəzi rayonu formalaşdırılmasa biz beş on ilə Bakının tarixini itirərik. Bundan mən həm memar, həmçinin də bir Bakı sakini olaraq narahatam”.

E. Qasımzadə bildirir ki, bu təklifin ləngiməsinin səbəbi,maraqlı şəxslərdir: “Rayon icra hakimiyyətləri qiymətli əraziləri əldən buraxmaq istəmirlər. Bacardıqları qədər Bakının mərkəzi rayonunun formalaşmasına mane olurlar”.

Memar bildirib ki, Bakının mərkəzi rayonu formalaşarsa, burada bütün qaydalar eksklüziv olacaq: “Burada texniki normalar da başqa olmalıdır. Məsələn, Yeni Günəşlidə tətbiq olunan qaydalar, Bakının mərkəzində tətbiq oluna bilməz. Yanaşmalar tamamilə fərqli olmalıdır. Bakının mərkəzi hissəsində təsərrüfat fəaliyyətləri məhdudlaşacaq. Oraya ağır texnikanın salınması, yüksək mərtəbəli binaların tikintisi qadağan olunacaqdır”.

Azərbaycanda icra hakimiyyəti başçısı və müavini saxlanılıblar

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlu Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda Bakının baş planı işlənilir: “Baş planın dörd priotetindən biri də məhz Bakının tarixi simasını qorumaqla inkişaf etdirməkdir. Buna əsaslanaraq Baş Planda mühafizə olunan zona nəzərdə tutulub. Bu, İçərişəhər ətrafı nəzərdə tutulmaqla, tarixi abidələrin yerləşdiyi mərkəzi hissənin mühafizəsini özündə əks etdirir. Dövlət başçısının dediyi mərkəzi rayon anlayışı da tarixi abidələrin qorunmasına əsaslanır. O ki, qaldı mərkəzi rayonun sərhədlərinin müəyyən edilməsinə, bu məsələnin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Memarlar İttifaqı ilə birlikdə müzakirəsi aparılır. Təkliflər hazırlanıb prezidentə təqdim olunacaq”.

R. İdrisoğlu deyir ki, hazırda Bakının mərkəzi rayonun hüdudlarının haradan-hara olacağı müzakirə edilir: "Ərazinin hara qədər genişləndiriləcəyi üç qurum arasında müzakirə olunaraq təkliflər hazırlanacaq. Bundan sonra son təkliflər ölkə başçısına təqdim olunacaq. Biz pezidentdən yeni tapşırıq almışıq. Bu məsələ üzərində qısa müddətdə iş aparılacaq”.

Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirdilər ki, məsələ hazırda müzakirə olunur, açıqlama veriləcək...

Qeyd edək ki, artıq bir müddətdir ki, paytaxtın Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonları ərazilərindən birləşdirilərək Mərkəzi rayonun yaradılması məsələsi müzakirə edilir.