CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan məhkəməsində ilk dəfə: bundan sonra belə cinayətə də cəza verilir

Azərbaycan Respublikasının məhkəmə təcrübəsində ilk dəfə olaraq qaz sayğacı oğruları cinayət məsuliyyətinə cəlb edilərək barəsində ittihamedici hökm çıxarılıb
Sputnik

BAKI, 10 yan — Sputnik. Qaz sayğaclarını oğurlayan şəxslər 3 il müddətinə azadlıqdan məhrum edildilər. "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iki nəfər sayğac oğrusuna Bakı şəhəri Xəzər rayonu məhkəməsində hökm oxunub.

Nəsimi və Suraxanı rayonu sakinləri - Əliyev Mahir Vüqar oğlu və Hüseynov Elçin Böyükağa oğlu 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar əlbir olaraq əmlakı gizli talayaraq "Azəriqaz" İstehsalat Birliyinə maddi ziyanın vurulmasında günahlandırılıblar.

İki günə otuz yeddi cinayətin üstü "isti izlərlə" açılıb

Belə ki, adları çəkilən şəxslər müxtəlif vaxtlarda 2018-2019-cu illərdə Xəzər rayonunun Qala, Şüvəlan və Türkan qəsəbələrində ayrı-ayrı ünvanlarda vətəndaşlara məxsus fərdi yaşayış evlərinə quraşdırılmış 93 ədəd qaz sayğacını oğurlayıblar. Məhkəmədə Birliyin maraqlarının müdafiəsini təmin edən Hüquq Departamenti sayğac oğrularının törətdikləri əməlləri faktlarla sübuta yetirib. Məhkəmənin hökmü ilə Əliyev Mahir Vüqar oğlu və Hüseynov Elçin Böyükağa oğlu Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Bununla da, Azərbaycan Respublikasının məhkəmə təcrübəsində ilk dəfə olaraq qaz sayğacı oğruları cinayət məsuliyyətinə cəlb edilərək barəsində ittihamedici hökm çıxarılıb.

"Azəriqaz" İstehsalat Birliyi isə bəyan edir ki, bu cür əməllərə meyl göstərən insanlar nə qədər ki, gec deyil, pis niyyətlərindən əl çəksinlər. Əks təqdirdə, sayğac oğurlamaq, sayğaca müdaxilə və qaz xətlərinə kənar qoşulmaqla təbii qazın talanmasına yol verən şəxslər bu əməllərinə görə gec-tez qanun qarşısında cavab verməli olacaqlar.