Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 9 yanvar — Sputnik. Azərbaycanda biometrik vəsiqələrin verilməsinə başlanılsa da, ölkəmizdə şəxsiyyət vəsiqələri üçün şəkil çəkdirənlərə hicab qadağası aradan qalxmayıb. Bu günlərdə bu məsələyə münasibət bildirən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev bildirib ki, Biometrik vəsiqələrin verilməsi "ASAN Ximdət"də Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir: "Əgər hicabın açılması qanunvericiliklə labüddürsə, düşünürəm ki, buna əməl etmək lazımdır. Mən bu məsələni nəzərimdə saxlayacam".
Agentlik sədri bu məsələni aidiyyəti qurumlarla əlaqə saxlayıb araşdıracağını bildirib:
"Əgər biometrik vəsiqə bu halın aradan qaldırılmasına vasitədirsə və qanunvericilik burada pozulmursa, o zaman biz bu məsələni aradan qaldıracağıq. Yox, əgər bu qanunvericiliyin ciddi tələbidirsə və təhlükəsizlik baxımından lazımdırsa, o zaman vətəndaşlarımızın anlayışla qarşılamağını xahiş edirəm. Hər bir halda mən bu məsələni öz nəzarətimdə saxlayacağam".
Sputnik Azərbaycan biometrik vəsiqələrin verilməsinin hicab qadağasını aradan qaldırmağa imkan verib-vermədiyini araşdırıb.
İlahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, vətəndaşlar Azərbaycan dövlətinin iştirakçısı olduğu konvensiya və beynəlxalq hüquq normalarından məhrum edilirlər: "Amma ASAN xidmət bunu əsaslandıra da bilmir. Çünki vətəndaşlara hər zaman hüquq çərçivəsində xidmət göstərən qurum bu dəfə vətəndaşların birbaşa hüquqlarını pozaraq göstərmədiyi xidmətə "don geyindirə" bilmir. Yaylıqla şəkil çəkdirilməsinə qarşı çıxan qurum nəinki konstitusiya, həmçinin dünyanın mütləq əksəriyyətinin, eləcə də Azərbaycan dövlətinin tərəfdar çıxdığı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarını heçə sayır.
Bəli, ASAN xidmətdə innovativ yeniliklər, vətəndaşlara xidmətdə hər zaman tətbiq olunan yenilənmiş siyasət sırf ölkə sakinlərinin razılığına, xarici ölkə vətəndaşlarına qarşı əvvəllər yönəlmiş süni əngəllərin isə aradan qaldırılmasına hədəflənib. Məsələ belə olduğu halda yaylıqlı qadınlara bu qanunsuz tələb nədən xəbər verir? Ölkə əhalisinin 96 faizinin inancından gələn geyim formasını mənimsəyən qadınlar təhlükə mənbəyidirmi? Bununla yanaşı, saçtökülmədən əziyyət çəkən və ya hər-hansı səbəbdən yaylıq bağlayan, bu geyimi özünə imic seçən qadınlar da var. Bəs, onların cəmiyyətdən gizlətdiyi bu çatışmazlığı ASAN xidmət niyə aşkar edir?
Yeni nəsil şəxsiyyət vəsiqələri irəli sürülən digər absurd iddiaları da kənarda qoyur. Belə ki, ənənəvi şəxsiyyət vəsiqəsi verilərkən yaylıqla örpənənlərin kimliyinin aşkar edilməsində mürəkkəblik iddia edilə bilərdi. Lakin yeni nəsil (biometrik) vəsiqələrin verilməsi ilə şəxsiyyət vəsiqəsinin identifikasiya problemi tam aradan qalxır. Çünki həmin vəsiqələr daktiloskopik məlumatları da (əl barmaq izləri) özündə ehtiva edir. Əl barmaq izləri isə şəxsiyyətin müəyyən edilməsi üçün (identifikasiya) istifadə edilən ən üstün üsuldur".
E.Mahmudov deyir ki, Azərbaycana qadınları yaylıqla örpənən, hicab və niqab geyinən xarici ölkə vətəndaşları gəlir. Lakin Dövlət Miqrasiya Xidməti əcnəbi xanımlara ölkəyə giriş və ya daimi yaşamaq üçün icazə vəsiqələrini hicablı fotoşəkillər əsasında verir:
"Baxmayaraq ki, bəzi ölkələrdə həmin vəsiqələr biometrik deyil. Deməli, yaylıq və hicab şəxsiyyəti müəyyən etməyə maneə deyil. Beləliklə, ASAN xidmətin bu cür geyimli qadınlara tətbiq etdiyi fotoşəkil qadağasının heç bir qanuni əsası yoxdur".
Daxili İşlər Nazirliyindən isə sorğumuza cavab olaraq bildirildi ki, tələblər şəxsiyyət vəsiqəsi meyarlarında öz əksini tapıb.
Qeyd edək ki, şəxsiyyət vəsiqəsi meyarlarında da hicab məsələsi yer almayıb. Meyarlarda göstərilir ki, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri 85,6 mm x 54 mm ölçülüdür. Vəsiqənin üz tərəfinin sol hissəsində vəsiqə sahibinin 26 mm x 32 mm ölçüdə fotoşəkli üçün yer nəzərdə tutulur.
Bu fərmanın 3.3-cü maddəsinin yeni redaksiyasında qeyd olunub ki, şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) tələblərinə uyğun fotoşəkili yerləşdirilir. Azərbaycan Prezidentinin imzaladığı 7 fevral tarixli Fərmanla təsdiqlənən "Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri" adlı əlavə 1-də kriteriya daha dəqiq göstərilib. Orada qeyd edilib ki, şəxsiyyət vəsiqəsinin üzərindəki fotoşəkil İCAO-nun 9303 saylı sənədinin tələblərinə uyğun olmalıdır.