BAKI, 8 yanvar — Sputnik. Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olan Azərbaycanın hərbi qulluqçusu dəfn edilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Fərzəliyev Fərzalı Əlimövsüm oğlu doğulduğu Ucar rayonu, Alpı kəndində torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimində DSX-nin zabitləri, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.
DSX-dən verilən məlumata görə, 2020-ci il yanvarın 7-də saat 14:56 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzalı Əlimövsüm oğlu şəhid olub.