BAKI, 8 yanvar — Sputnik. Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP) İdarəsində ciddi yoxlamaların aparıldığı barədə yayılan məlumatlara münasibət bildirib.
Bu barədə Sputnik Azərbaycan-a BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
O qeyd edib ki, yayılan məlumatlar fərdi təxəyyüldən yaranan qənaətlərdir. "Yazıda iddia olunan "hesabat kitabı", yaxud hansısa "qara bloknot" haqqında bizdə rəsmi məlumat yoxdur", - E.Hacıyev əlavə edib.
Qeyd edək ki, mətbuatda BŞBPİ-nin DYP İdarəsində ciddi yoxlamaların aparıldığı barədə məlumat yayılıb. Məlumata görə, aparılan kompleks yoxlamalar zamanı bir müddət əvvəl Daxili İşlər naziri Vilayət Eyvazovun ləğv etdiyi kabinetlərin - "rüşvət otaqları"nın bir hissəsinin hələ də fəaliyyət göstərdiyi qeyd edilib.