Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 4 yanvar — Sputnik. Tambur - 2 simli, 5 ladlı ən qədim, arxaik formasını qoruyub saxlayan musiqi aləti... Qədim və qoca türkün çağlayan bulaq kimi coşqun eposu olan "Dədə Qorqud" dastanında bəhs edlilən qədim tənbur ( Balakən və Zaqatalda "dambur" adlanır) haqqında danışacaq. Hansı ki, o səsdə bizim ulu nənələrimizin laylası, xalqın harayı var. Əfsus ki, bu aləti yaşadanların sırası getdikcə azalır. Azərbaycanın şimal-qərb qapısı sayılan Balakəndə doğulub boya-başa çatan, heç bir təmənna ummadan bu tarixi aləti yaşadan Əfqan Rəhmanov tambur və onun tarixi haqqında Sputnik Azərbaycan-a danışdı: "Tambur mahnı aləti deyil. Bu alətin ifaçıları çoxdur. Əslində mən onları tamburçu adlandırmıram. Çünki, onlar kiminsə sözlərini oğurlayıb, bir-iki yerini dəyişib özəlləşdirirlər. Bu insanları tambur ifaçısı adlandırmaq olmaz. "Dədə Qorqud"un boylarının birində deyilir; "Dədə Qorqud gəldi, boy boyladı, soy soyladı" ("Salur Qazanın evinin yağmalanması boyu"). Bu alət söz söyləmək üçün yaranıb. Bu alətin ifaçısı gərək bədahətən söz desin. Söz demək qabiliyyətinə malik insan gərək bu aləti əlinə götürsün, yoxsa hər tambur dınqıldadan tamburçu ola bilməz. Tambur ifaçısı düşdüyü mühitə uyğun, oranın ab-havasına uyğun haylalar söyləməlidir. Bu gün barmaqla sayılacaq qədər tamburçu var".
Tamburçu təəssüf hissiylə qeyd etdi ki, onun davamçıları getdikcə azalır: "Təəssüf ki, məndən sonra gələn gənc nəsillər maraqlanmır bu alətlə. Ona görə ki, bu alət diqqətdən kənarda qalıb. Təəssüf ki, nə dövlət, nə də aidiyyatı orqanlar bu alətin yaşadılmasında maraqlı deyillər. Bu alətlə ailə saxlamaq olmaz. Bunun yaşadılması üçün dövlət dəstək olmalıdır. Dövlət dəstək olsa, davamçıları da çoxlar. Əks halda bu alət zamanla unudulacaq. Tambur can üstündədir, can verir".
Ustad, maddi çətinliklər üzündən dəfələrlə bu aləti atmaq istədiyini dilə gətirdi: "Maddi problemlərimə görə dəfələrlə bu aləti atmaq istəmişəm. Sonradan ürəyim dözməyib. Nə qədər ki, sağam, nə qədər ki, barmaqlarım işləyir, zehni problemim yoxdur, mən bu aləti yaşadacam. Mənim şagirdlərim var idi, biri hərbi xidmətdədir, digəri isə maddi problemlərə görə ölkəni tərk edib. Heç kəsi qınamıram, yaşamaq üçün pul da lazımdır. Yetərincə diqqət ayrılsa, davamçılarımız da olar, əks halda bir dövrdən sonra bu aləti tamamilə itirəcək".
Sənətkar Ə. Rəhmanov deyir ki, onun müəllimi olmayıb, özü-özünə öyrənib. Dediyinə görə, burada genetik faktor da rol oynayır. Beləki, sənətkarın babası Rəhman kişi də vaxtilə Balakəndə məşhur tamburçu olub. Müsahibimiz özünü babasının davamçısı hesab edir:"Mənim müəllim olmayıb. Bu genetikdir. Ata babam Rəhman kişi tamburçu olub. O rəhmətə gedəndə 13 yaşım olardı. Babam tamburda ifa edəndə gözlərindən yaş gəlirdi. Deyirdim "baba, niyə ağlıyırısan?" Tez gözünün yaşını silib deyirdi "ağlamıram". İndi anlayıram ki, babam niyə ağlayırmış. Bəzən mən də tamburu əlimə alıram, gözlərimi qıpıram və başqa bir dünyada oluram. Balakənin Hənifə kəndində Əli adlı yaşlı bir kişi var, o simsiz bir aləti bağışladı mənə. Həmin gün sanki mənə tambur yox, dünyanı hədiyyə ediblər. Həmin alətə sim saldım, lazım olan detallarını quraşdırdım və ifa etməyə başladım".
Müsahibimiz deyir ki, hayla bədahətən söylənilir. Şifahi xalq ədəbiyyatının bu nümunəsini göyərçinə bənzədən ustad bildirir ki, həmin sözləri yenidən oxumaq qeyri-mümkündür: "Bir dəfə Space-nin canlı efirində hayla dedim. Aşıq Əhliman dedi ki, "nə dedin, təkrar elə?" Dedim ki, "söz bir göyərçindir, o uçub gedəndən sonra tutub qaytarmaq mümkün deyil". Bədahətən deyilən söz quş kimidir, onu qaytarmaq mümkün deyil. İndi mən oxudum, lentə alındısa qalacaq, əks halda o qalmayacaq. Mən ona bir də qayıda bilmərəm".
Ustad sənətkar 2014-cü ildə Moldaviyada Qaqauz türklərinin yaşadığı məkanda "hederlez" festivalında iştirak edib. Dediyinə görə, onun ifasını türk soydaşlarımız olduqca böyük maraqla qarşılayıb. Lakin öz ölkəsində bu alətə ögey münasibət bəsləndiyini söylədi Ə. Rəhmanov:"Mən istəmirəm ki, kiməsə ağız açım. Mədəniyyət Nazirliyi məni axtarmalıdır. Mən kasıb yaşamışam, amma minnətli yaşamamışam. Onlar mənə müraciət etməlidirlər. Bilməlidirlər ki, Şimal-qərb bölgəsində bu alətin yaşadıcısı var. Bu aləti yaşatmaq lazımdır".
Tamburçu sənətkar aşıqlar birliyinin üzvüdür. Sənətkar, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının ona göstərdiyi diqqətdən danışdı: "Çox sağ olsun Məhərrəm Qasımlı. Bu vaxta qədər o birliyə gələnlər mədəniyyətimizə yox, öz cibinə xidmət edib. Amma Məhərrəm müəllim gələndən sonra məni axtarıb. Ondan sonra "Çiçəklən ana yurdum" adlı konsertimiz oldu. Bundan başqa, Dövlət Filarmoniyasında da konsertimiz oldu. Dedi ki, yolun uzaqlığına görə məni narahat etmək istəmir. Mən də dedim "eybi yox, siz məni dəvət edin, imkan olmasa mən piyada gələrəm".
"Məhərrəm müəllim mənim yanımda Mədəniyyət Naziri Əbülfəz Qarayevə müraciət elədi. Bildir ki, Zaqatala və Balakəndə tamburçular mərkəzi yaradılsın. Əbülfəz müəllim dedi ki, "qoy hələ onun yaşını dəqiqləşdirək". Bu alətin tarixini dəqiqləşdirəcək alim, musiqişünas tanımıram mən. Heç kəs deyə bilməz bunun tarixini. Təxmini deyilir ki, 8-10 minə yaxın yaşı var. Mən özümə heç nə istəmirəm. Mənə heç kimin qayğısı lazım deyil. Özüm fərdi təsərrüfatla məşğulam. Amma bu alətə qayğı lazımdır. Bu bizim genimizdir, soy kökümüzdür, ən qədim səsimizdir. Nənələrimizin laylasıdır, bu yaşamalıdır, yaşadılmalıdır" - həmsöhbətimiz əlavə etdi.
Əfqan bəy tamburu musiqinin ata-anası hesab edir: "Musiqiçilər bar-bar bağırır ki, "musiqinin beşiyi Qarabağdadır". Yaxşı, beşiyi Qarabağdadır, bəs onun ata-anası haradadır? Onun atası da, anası da tamburdu. O da Balakəndədir. Amma musiqinin "valideyn"ini axtaran, sayan yoxdur. Bundan qədim alət yoxdur. Bütün alətlər bundan sonra əmələ gəlib. Bu alət təkcə Azərbaycana məxsus deyil, bu, ümumən Türk dünyasının alətidir. Türksoylu xalqaların əksəriyyətində bu alətə hələ də rast gəliinir və yaşadılır. Sadəcə onlar bir az dəyişib,"dombra" deyirlər. Amma səsləndirilmə demək olar ki, eynidir. Gürcüstanda isə çonqra var, amma o daha çox rusların balalaykasına bənzəyir".
Tamburçu həm də bir çox qəzəllərin müəllifidir. Sənətkar yazdığı qəzəlləri kitab şəkilində çap etdirmək arzusundadır: "Bədahətən dediklərim yazılmasa da çoxlu qəzəllərim var. İstəyirəm qəzəllərimi çap etdirəm. İndi oxunmasa da gələcəkdə nə vaxtsa, kimlərsə kitabımı vərəqləyə bilər. Onsuz da sağlığında insanın qədir-qiyməti olmur. Ən yaxşı alim, ən yaxşı sənətkar da dünyadan köçdükdən sonra dəyəri bilinir. Yəqin ki, bir gün mən olmayanda mənim qəzəllərimi oxuyarlar, mənə rəhmət diliyərlər".
Bir çox musiqi alətləri zaman-zaman dəyişildi. Lakin, tambur öz arxaik formasını saxlamaqdadır. Azərbaycan Milli Elmlər Akademiyası, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli tamburun tarixindən danışarkən deyib ki, bu bölgənin ruhunu ifadə edən ən gözəl məfhum tambur sədasıdır: . "Folklorşünaslar üçün çox ciddi araşdırılacaq mövzu var burada. Balakən-Zaqatala bölgəsində ağız ədəbiyyatı nümunəsinə "hayla" deyilir. "Hayla" sözü araşdırıldığında yalnız türk dilində izah oluna bilir. "Haylamaq", "çağırmaq", "səsləmək", "dəvət etmək" anlamına gəlir. Bu fikri mən İldırda və Konyada iştirak etdiyim Beynəlxalq konfranslarda və simpoziyumlarda da səsləndirmişəm ki, bizim ulu əcdadlarımız ilk dəfə rabitəli nitqə sahib olduğu andan ən çox ehtiyac olduğu şey birisini köməyə çağırmaq və yaxud birisini haylamaq olub".
Barəsində danışdığımız bölgədə bir çox adətlər və törələr var. Bunlardan biri də "iməcilik" adlanır. Tarixi min, 10 minə qədər gedib çıxan adətdə insanlara ruh verən, onların işləməyinə stimul verən tambur olub. Tarixçi bildirir ki, Mezolit dövründə ilk əkinçilik vərdişlərinin yarandığı dövrdən söz meydana gəlir. Söz meydana gəldikdən sonra sözü müşaiyət edən tambur tarix səhnəsinə çıxıb. A.Məmmədli onu da vurğuladı ki, sözügedən alət bu bölgənin insanlarının xarakterinə də yansıdıb: "Bu bölgənin insanları özünəbağlı, özgür yaşamağa meyilli olub. Qadınları hələ min əvvəllər və İslamdan sonra da müstəqil olub, kişilərlə bərabər mücadilə aparıb, onlarla bərabər olub. Ən qədim dövrlərdən bəri türk törələrini saxlayıb".
Tarixçi alim sənətşünaslara tamburun sirrini açmaq üçün bölgənin toponimlərinə göz gəzdirməyi məsləhət görüb: "Bu bölgədə Hunələr nəsli var, Hun etnonimindən yaranıb. Burada Hunbol çayı var. Bu ad da qədim hunlara bağlı addır. Hunların, bulqarların içində gereyli tayfaları var idi. Həmin ad bu gün də qalıb. Balakəndə dağın ətəyində, Hunbol çayının sahilində yerləşir. Onun cənubunda Qullar kəndi var. Hun və bulqaların içində qullar tayfası var idi. Çox təəssüf ki, burada yaşayan insanların bir qismi məlumatsızlığı üzündən, bir qismi də Rusiyadan aldıqları dezinformasiya nəticəsində sanki proto türklərini, qədim türklərin tarixini burada görmək istəmirlər. Amma buradaki toponimlər yetər ki, bu simli alətin mənsubiyyəti müəyyən edilsin. Mən sənətşünas deyiləm, amma bir tarixçi kimi yanaşanda bu mənim tariximin səsidir, xalqımın özüdür, içindəki ağrısıdır".
"Əzizə Cəfərzadənin "Hun dağı" əsərində "böyük Atilla uğurlu yürüşlərdən öncə və sonra qızıl çadırına tambur çalanları çağırardı. Sübhədək hayla söylüyərdilər. Mən də belə düşünürəm ki, ilk rabitəli nitq yarandığı zaman insanları çağırışa səsləyən hayla olub. Haylani müşahidə edən isə 2 simli, 5 ladlı ən qədim, arxaik formasını qoruyub saxlayan musiqi aləti tamburdur"-deyə tarixçi bildirdi.
Akif Məmmədlinin 2013-cü ildə dərc etdiyi "Haylada unudulan tariximiz və təmbur" adlı kitabında tamburun tarxi və yaşlı insanların yaddaşında olan hayla nümunələrini yazıya alaraq itib-yox olmasının qarşısını alıb. Tarixçi Əfqan Rəhmanovun sənətinin vurğunudur. Elə biz də Əfqan bəyin ifalarına tarixçinin öz həyətində yaratdığı muzeydə qulaq asdıq. Milli kimliyimiz olan qədim eksponadlar və ana laylası qədər doğma olan tamburun səsi insanı sanki başqa bir dünyaya aparır. Akif müəllim qəhrəmanımızın ifalarını döyüş cəngisi adlandırır: "Bir gün səhər dərsə gedirdim. Əfqan mənim telefonuma bir marş göndərdi, "Afrinin bağlarında". İşə tələsirdim, amma qulaq asdım. Hönkürtü ilə ağlamamaq üçün özümü güclə topladım. Yoldaşım da dedi ki, "nə olub, niyə belə pis oldun?" Sanki həmin musiqi gün ərzində məni müşaiət elədi. O ab-havadan çıxa bilmirdim. Əsgərlərimiz döyüşə getməzdən əvvəl bu musiqini dinləsələr onlarda döyüş əzmi 1-ə 100 artacaq. Ona görə də çalışmalıyıq ki, bu alət itib batmasın".
Qeyd edək ki, soy kökünə bağlı olan Əfqan Rəhmanov həm də atçıdır. O, təkcə tamburu ilə deyil, həm də at çapmağı ilə də bölgədə məşhurdur. Qəhrəmanımız bu il Gədəbəydə keçirilən Milli Yaylaq Festivalında tamburdan başqa, öz at çapmağı ilə də festival iştirakçılarını heyran qoyub. Onun atı bu yarışda 1-ci yerə çıxıb.