Aleksandra Zuyeva, Sputnik Azərbaycan
BAKI, 3 yanvar — Sputnik. İranın baş hərbi strateqi Qasım Süleymani Bağdad aeroportunda amerikanların aviazərbəsi ilə məhv edildi. Vaşinqton onu dekabrın 31-də ABŞ-ın İraqdakı səfirliyinə edilən hücumun təşkilatçısı hesab edirdi.
Pentaqon ABŞ-ın əməliyyatı məhz Süleymaniyə qarşı keçirdiyini təsdiq edərək bildirib ki, bunun üçün Prezident Donald Tramp əmr verib.
İran XİN rəhbəri Məhəmməd Cavad Zərif Süleymaninin ölümünü "beynəlxalq terror aktı" adlandırıb. İranın ali dini lideri ayətulla Əli Xamneyi və ölkə Prezidenti Həsən Ruhani onun ölümünə görə qisas alacaqlarına və "sarsıdıcı zərbə" endirəcəklərinə söz veriblər.
İranın hərbi strateqinin məhv edilməsinin Tehranla Vaşinqton qarşıdurmasına, eləcə də İranla qonşuluq edən Cənubi Qafqaz ölkələrinə necə təsir edəcəyi barədə Sputnik Azərbaycan aparıcı mütəxəssislərin rəyini öyrənib.
Amerika kontingenti təhlükədədir
"General Süleymani dəfələrlə ABŞ və İsraili hədələyib. Eləcə də İranın Yaxın Şərqdə - Suriya, İraq, Yəmən və digər ölkələrdəki bütün vacib hərbi-siyasi layihələrinin gerçəkləşməsində yaxından iştirak edib. Təbii ki, bu layihələr Amerikanın planları ilə heç üst-üstə düşmürdü", - deyə Bakı Siyasətçilər Klubunun rəhbəri Zaur Məmmədov bildirib.
Bundan başqa, Süleymani böyük nüfuza malikdi, özü də əla peşəkar idi. İranın bir çox uğuru - Əfqanıstandan tutmuş Aralıq dənizinədək - onun adı ilə bağlıdır. Ona görə generalın ölümü İran üçün böyük itkidir, politoloq bildirib.
"Mənim şəxsi fikrimə görə, İranın regiondakı hərbi siyasətini Süleymanidən daha uğurlu kimsə yerinə yetirə bilməyəcək", - Sputnik Azərbaycan-ın müsahibi vurğulayıb.
İranın SEPAH generalının həlak olmasına cavabı mütləq olacaq. Z.Məmmədov bundan əmindir. O şübhə etmir ki, bu gündən etibarən Amerikanın nəinki Yaxın Şərqdə, eləcə də digər ölkələrdəki bir çox diplomatik missiyaları, həmçinin hərbi kontingenti böyük təhlükə ilə üz-üzədir.
Böyük müharibə olacaq?
Eyni zamanda, İranla ABŞ arasında iri hərbi toqquşmaların olacağını gözləmək lazım deyil. Politoloq hesab edir ki, ABŞ-la baş-başa gəlmək İran üçün çətin olacaq.
"Cənubi Qafqaza gəlincə, hələlik bu iki ölkənin qarşıdurması ona, çətin, təsir esin. Üstəlik, bu bölgədə yerləşən ölkələr ABŞ-ın İrana qarşı siyasətini dəstəkləmirlər", - Sputnik Azərbaycan-ın müsahibi bildirib.
Ancaq unutmaq olmaz ki, hər şey istənilən an dəyişə bilər. Məmmədov vurğulayır ki, İran ABŞ və İsrailin əsas hədəfidir.
"Süleymaninin ölümü göstərdi: İran rejiminin devrilməsi Vaşinqton və Tel-Əviv üçün yaxın vaxtlarda prioritet məsələyə çevriləcək", - siyasətçi deyib.
Amerikalıların ciddi səhvi
Amerikalıların Süleymanini öldürməsini təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov ABŞ-ın ciddi səhvi adlandırdı.
ABŞ Prezidentinin administrasiyasının İran generalının məhvinin Donald Trampın şəxsi əmri olduğunu etiraf etməsi isə, ekspertin rəyinə görə, ona işarədir ki, Amerika rəhbərliyi yeni böyük müharibə arzusundadır.
"İranla müharibə həm bəzi öhdəliklərin sıfırlanması, həm də silah bazarında yeni gəlir əldə olunması üçün bəhanə olacaq. Üstəlik, Trampa da seçkilərdən öncə amerikalılara çiçəklənmədən daha böyük şeylər vəd etmək lazımdır", - Sputnik Azərbaycan-ın həmsöhbəti bildirib.
İran, əlbəttə ki, bu qəsdin cavabını verəcək, amma bu ABŞ-a qarşı genişmiqyaslı hərbi əməliyyat olmayacaq. Çünki Mixaylov əmindir ki, Tehran amerikalılardan fərqli olaraq, bu cür addımların regionda hansı təhlükələrə yol açacağını gözəl anlayır.
Moskva da mürgüləmir
Cənubi Qafqaza gəlincə, ekspertin rəyinə görə, ABŞ-la İran arasında baş verəcək istənilən hərbi əməliyyatlar bu bölgənin ölkələrinə təsir edəcək.
Ancaq burada Sputnik Azərbaycan-ın həmsöhbəti Rusiya faktorunu unutmamağı tövsiyə edir. Onun fikrincə, Rusiyanın bu regionda birbaşa maraqları var və bu münaqişənin böyüməsinə yol verməyəcək.
"Moskva, güman ki, artıq vəziyyətin monitorinqinə qoşulub və Yaxın Şərqdə yeni böyük müharibənin qarşısının alınmasında birbaşa iştirak etməyə hazırdır", - ekspert deyib.
"Bu situasiyada bir şey aydındır - amerikalılar yenidən hər kəsə göstərdilər ki, ancaq öz qaydaları ilə oynayırlar, bu il isə çoxqütblü dünya qurmağa çalışan dünyəvi aktorlar üçün həlledici il olacaq, çünki onlar özlərini bu müstəvidə ABŞ-la bərabərhüquqlu görürlər", - Mixaylov bildirib.
ABŞ-dan necə qisas almalı
Süleymaninin ölümünə necə reaksiya verilməsini İranın Təhlükəsizlik üzrə Ali Məclisi təyin edəcək. Bunu Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq Araşdırmalar İnstitutunun analitiki, iranşünas Adlan Marqoyev deyib.
Hazırda, onun fikrincə, əsas məsələ ABŞ-dan elə qisas almaqdır ki, Tehrana buna görə cəza verməsinlər.
"İran zuqzvan vəziyyətində olsa da, rəqibinin zəif nöqtələrini axtarır: Amerikanın PUA-sını saxladılar, Britaniya tankerini tutdular, Səudiyyənin neft obyektlərini səliqəli şəkildə bombaladılar - böyük müharibə olmadı ki", - Sputnik Azərbaycan-ın müsahibi xatırladıb.
Marqoyev qeyd edib ki, Süleymaninin ölümünün nəticələrindən danışarkən nəzərdə tutmaq lazımdır ki, böyük diplomatiyanın qatarı Həsən Ruhaninin birinci, Barak Obamanın ikinci prezidentliyi dövrü ilə getdi.
"Əgər noyabrda Tramp yenidən seçilsə, o zaman İran gərək diplomatik danışıqları daha dörd il də unutsun", - iranşünas hesab edir.
Müharibədən sonrakı əsas əzabkeş
Marqoyev həmçinin özünün Teleqram kanalında baş verən hadisəyə münasibət bildirib. Onun fikrincə, Süleymaninin ölümündən sonra iranlılarn amerikalılarla Oman vasitəsilə üstüörtülü danışıqları və onların digər kanallarla situativ qarşılıqlı fəaliyyətləri də sual altına düşür. O xatırldaıb ki, ötən ilin dekabrında İran və ABŞ İsveçrənin köməyilə əsirləri dəyişdilər.
Generalın ölümü "Hizbullah"la "İmam Mehdi ordusu"nu hərəkətə gətirdi>>
"İran rəhbərliyi xarici siyasətdə praqmatik olmağı, öz imkanlarını və qəbul edilən qərarların mümkün nəticələrini real olaraq dəyərləndirməyi bacarır. Amma Süleymaninin ölümü ilə ABŞ nəinki İranın qollarını qırdı, eləcə də onları möcüzədən məhrum etdi", - Marqoyev vurğulayıb.
Süleymani iranlılar üçün İranın Suriyadakı kampaniyasının rəmzi, islam peyğəmbərinin möcüzəvi sərkərdəsi, hər zaman ilk sıralarda olan və gənc döyüşçüləri öz nümunəsi ilə ruhlandıran qorxmaz qəhrəmanı idi, analitik deyib.
"Hətta sistem həmişə daha möhkəm və əsas elementlərdən böyük olsa da, Süleymaninin ölümü ilə sistemin öz şəxsi əlaqələri və qüsursuz nüfuzu ilə hər şeyi hərəkətə gətirən özəyini qopardılar", - iranşünas qeyd edib.
"Bu cür nüfuzu hətta ağlının kənarında keçirəcək bir namizəd, sadəcə, yoxdur. Süleymani isə ömrünü ölkə üçün fəda edən müharibədən sonrakı şəhidlər arasında birinci olacaq", - Marqoyev deyib.
Süleymani bütün dünya üçün təhdid idi
Bütün əvvəlki ekspertlərin rəyinə tamamilə əks fikirləri israilli siyasətçi Yuri Boçarov səsləndirdi. O xatırlatdı ki, Süleymani "Qüds" xüsusi bölməsinin İrandan kənardakı fəaliyyətinə görə cavabdeh idi. Bu isə, siyasətçinin fikrincə, o deməkdir ki, o, İranın digər ölkələrə - əsasən də İsrail və ABŞ-a - qarşı sərt addımlarına görə cavabdehlik daşıyırdı.
Boçarov bildirib ki, Süleymanini məhv etməklə Amerika bütün Yaxın Şərqdəki vəziyyəti sakitləşdirdi. Eyni zamanda o, ümid etdiyini bildirib ki, generalın ölümü sonrakı hadisələr zəncirinin başlanğıcı olacaq.
İsrailin bu məsələdəki rəsmi mövqeyinə gəlincə, Boçarov qeyd edib ki, ölkəsi öz ərazisindən kənarda ölən düşmənləri haqda şərh verməməyi üstün tutur.
Qasım Süleymani kim idi?
General Qasım Süleymani 1957-ci il martın 11-də İranın şərqində kasıb ailədə dünyaya gəlib. Orta təhsil alıb.
1979-cu ildə SEPAH-a qoşulub, burada gənc döyüşçülər üçün 45 günlük təlim keçib. 1998-ci ildən birbaşa İranın ali dini lideri ayətulla Əli Xamneyiyə tabe olan, hərbi kəşfiyyata, eləcə də İranın ərazisi xaricində diversiya fəaliyyətinə görə cavabdeh olan "Qüds" xüsusi bölməsinə rəhbərlik edib.
2007-ci ildə Süleymani BMT-nin ölkədən çıxışı qadağan olunan İran hərbçi və siyasətçilərinin sanksiya siyahısına daxil olunub. 2019-cu ilin aprelində ABŞ İİKK-nı (SEPAH) xarici terrorçu təşkilatlar siyahısına salıb və ilk dəfə olaraq xarici hökumətə qarşı sanksiya tətbiq edib.