CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bibiheybət yolu birtərəfli qaydada açıldı

Ərazidə gələcəkdə bu kimi hadisələrin baş verməməsi üçün tikinti-bərpa işləri davam etdirilir, yamacın aşağı və orta hissəsində svay əsaslı istinad divarları inşa edilir, yeni drenaj və yağış-kanalizasiya sistemi qurulur
Sputnik

BAKI, 31 dekabr — Sputnik. Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı öncəsi Bibiheybət yolunda birtərəfli olaraq, şəhər istiqamətində hərəkət bərpa olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Bakının sürüşməkdə olan ərazilərində vətəndaşlara ev tikməyə kim icazə verir

Müvəqqəti olaraq 2 hərəkət zolağı enində yolda hərəkətin bərpası üçün ərazidə “Tikinti norma və standartları”na uyğun olaraq tikinti-bərpa işləri aparılıb, əks-dolğu işləri görülərək torpaq yatağı və yol əsası inşa edilib. Daha sonra yola 3 laydan ibarət asfalt-beton örtüyü döşənib.

Yolda təhlükəsiz hərəkəti təmin etmək üçün hələlik yalnız 2 hərəkət zolağı üzrə avtonəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Digər hərəkət zolaqlarının bərpası ərazidə tikinti-bərpa işləri tam yekunlaşdıqdan sonra mümkün olacaq.

Hərəkətin normal təşkili üçün yola üfiqi nişanlanma xətləri çəkilib, zəruri yol nişanları quraşdırılıb, yol kənarına dəmir-beton təhlükəsizlik sədləri düzülüb.

Qeyd edək ki, ərazidə gələcəkdə bu kimi hadisələrin baş verməməsi üçün tikinti-bərpa işləri davam etdirilir, yamacın aşağı və orta hissəsində svay əsaslı istinad divarları inşa edilir, yeni drenaj və yağış-kanalizasiya sistemi qurulur.

İşlərin tam olaraq 2020-ci ilin I rübündə yekunlaşdırılması nəzərdə tutulub.