HADİSƏ

Azərbaycanda viski bəlası – Dəhşətli rəqəmlər açıqlandı

"İctimai iaşə obyektlərinin sahiblərini daha diqqətli olmağa səsləyirik. Onlar öz məsuliyyətlərini dərk etməlidirlər" - Qoşqar Təhməzli
Sputnik

BAKI, 30 dekabr — Sputnik. “Viskidən ölənlərin sayı 4-ə çatdı. Bir həftə ərzində içkidən zəhərlənmə ilə bağlı ümumilikdə 8 hadisə baş verib".

Yeni ili xəstəxanada qarşılamayın – İçki alarkən necə aldanmaya bilərik?

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib. O bildirib ki, baş verən hadisələr nəticəsində 13 nəfər zərər çəkib, 4 nəfərin ölməsindən əlavə bir nəfər görmə qabiliyyətini itirib.

Q.Təhməzli bayram günlərində qidalanma ilə bağlı əhaliyə və ictimai iaşə obyektlərinin rəhbərlərinə də müraciət edib: "Yeni il bayramı ilə əlaqədar müxtəlif ictimai iaşə müəssisələrində, restoran, şadlıq saraylarında hazırlıq gedir. Ailələr də fərdi qaydada bayrama hazırlıq edirlər. Bu günlərdə hər bir vətəndaş özü də qida nəzarətçisinə çevrilməlidir. İctimai iaşə obyektlərinin sahiblərini daha diqqətli olmağa səsləyirik. Onlar öz məsuliyyətlərini dərk etməlidirlər".

"Qış turizmi ilə əlaqədar Azərbaycana çoxlu sayda xarici vətəndaşlar gəlir. Onlar həm işgüzar səfərə gəlirlər, həm də turist kimi. Bu məqsədlə də ictimai iaşə obyektlərinin sahiblərinə səslənirəm ki, ölkənin imicini də nəzərə almalıdırlar. Onların hər hansı yanlış hərəkəti Azərbaycanın nüfuzuna mənfi təsir göstərə bilər", - deyə o əlavə edib.