CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlin icmalı: 2019-un əsas doqquzu

2019 hansı hadisələrlə əlamətdar olub, hansı dəyişikliklər baş verib, ən yaddaqalan hadisələr kimi nələri fərqləndirə bilərik?
Sputnik

BAKI, 30 dekabr — Sputnik. 2019-cu ilin sona çatmasına sayılı günlər qalır. Geriyə boylanaraq ilin ən mühüm hadisələrini xatırlamağa çalışacağıq: 2019 hansı hadisələrlə əlamətdar olub, hansı dəyişikliklər baş verib, ən yaddaqalan hadisələr kimi nələri fərqləndirə bilərik?

Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı müsahibə verib

Nəsimiyəm, haşimiyəm, qureyşiyəm...

Prezident İlham Əliyevin sərəncamı ilə bu il Nəsimi ili elan edildi. İl ərzində dahi şairlə bağlı çoxsaylı tədbirlər, müsabiqələr, festivallar və s. keçirildi, Nəsimi fəlsəfəsinin və yaradıcılığının təbliği, dünyada tanıdılması istiqamətində işlər görüldü.

Kredit borcları silinməsi ilə həllini tapan 3 problem

Manatın devalvasiyasından sonra xeyli vətəndaşımızın banklar qarşısında əlavə borc öhdəlikləri yaranmışdı. Deməliyik ki, dolların bahalaşması ilə xüsusilə kiçik sahibkarlıq əhəmiyyətli dərəcədə itki ilə üzləşmişdi. Fevral ayında dövlət başçısının fərmanı ilə fiziki şəxslərin problemli kreditlərinin həlli istiqamətində olduqca mühüm addım atıldı. 600 mindən artıq şəxs devalvasiyadan sonra yaranmış kredit borcuna görə kompensasiya aldı. Bu addım ilk növbədə sosial yönümlü qərar olmaqla xeyli vətəndaşın banklar qarşısında olan maddi yükünü aradan qaldırdı. Digər bir tərəfdən, qərar banklar üçün əhəmiyyətli idi – borcunu ödəyə bilməyən kifayət qədər ödəyici var idi. Üçüncüsü, məhkəmə orqanlarının yükü azaldı: problemli kreditlərlə bağlı məhkəmələrdə xeyli sayda iş var idi ki, bu qərardan sonra onların hər birinə xitam verildi.

Sosial paketlər

İlin əvvəlində birinci sosial paketlə əmək haqları, pensiya və təqaüdlərin artırılması barədə qərar qəbul edildi. Az sonra dövlət başçısı ikinci sosial paket barədə qərar qəbul etdi və sentyabrın 1-dən minimum əməkhaqqı 250 manat oldu. Bu, əhalinin gəlirlərinin gücləndirilməsi baxımından çox vacib və əhəmiyyətli bir addım idi. Məlum olduğu kimi, bu ilin əvvəlində minimum əməkhaqqı 130 manat idi. Birinci mərhələdə həmin məbləğ 180 manata, sentyabrın 1-dən isə 250 manata çatdırıldı.

Həftə icmalı: "EuroHome", Yurçeviç, bizim ansambl və iki amansız həqiqət

İki sosial paket ümumilikdə dörd milyondan artıq insanı əhatə etdi.

Kadr islahatları: yeni məzmun, yeni dizayn

2019-cu il institusional islahatlarla yanaşı, həm də kadr islahatları ilə xarakterik oldu. Prezident İlham Əliyev bununla bağlı mesajlar vermişdi və bu islahatlar gözlənilən idi. Amma əksər təhlilçilər proqnozlaşdırılandan artıq, ciddi, radikal islahatların aparıldığı qənaətindədirlər və cari ilin təqvimdə həm də bu dəyişikliklərlə qalacağını qeyd edirlər.

Daxili İşlər naziri Ramil Usubov, baş nazirin müavinləri – Əli Həsənov və Hacıbala Abutalıbov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun vəzifələrindən azad edilməsi, yeni təyinatlarda isə gənclərə üstünlük verilməsi, eyni zamanda bir sıra struktur islahatları deməyə əsas verir ki, bu, idarəçiliyə yeni məzmun və dizayn verilməsi, yeni mərhələnin başlanması idi.

Parlamentin buraxılması barədə noyabrda verilən və dekabrda rəsmən təsdiqlənən qərar yəqin ki, nəinki cari ilin, Azərbaycanın müstəqillik tarixinin ən yaddaqalan hadisələrindən biri kimi tarixə düşdü.

Əslində, Milli Məclisin buraxılması da çətin proqnoza gəlmirdi – məsələ burasındadır ki, islahatlar və çevik siyasətə keçid dövründə köhnə parlament yeni sürət və təşəbbüskarlıqla ayaqlaşmaqda çətinlik çəkir, ləng və təngnəfəs görünürdü. Odur ki, köhnə parlamentariləri çox zəhmətə salmadan, buraxmaq ən optimal qərar idi...

TANAP – enerji xəritəsi dəyişir

Həftə icmalı: Qəbələdə Mars turizmi qiymətləri və Qobu obeziteyə qarşı mübarizənin önündə

Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi oldu. Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdıracaq. Bu yeni xətt Avropanın enerji xəritəsində mühüm dəyişiklik kimi xarakterizə olunur. Azərbaycan üçün TANAP Cənub Qaz Dəhlizinin 4-cü seqmentinin – TAP-a birləşməsi ilə Avropa bazarlarına çıxmaq, öz satış şəbəkəsini genişləndirmək, Avropa üçün isə enerji təhlükəsizliyi üçün vacib olan alternativliliyin təmin olunması demək olacaq.

Qoşulmama hərəkatı

Oktyabrda Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirildi və Hərəkata sədrlik Azərbaycana keçdi.

XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak etdilər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri qatılmışdılar.

Hərəkat BMT-dən sonra dünya ölkələrini birləşdirən ən böyük təşkilatdır və bu quruma sədrlik Azərbaycana öz həqiqətlərini, eləcə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqları dünyaya çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Bakıda keçirilən görüşün yekununda qəbul edilən Bəyannamədə də ölkəmizin ərazi bütövlüyünə birmənalı dəstək ifadə olunurdu.

Türk Şurasına sədrlik də Azərbaycana keçdi

Bu il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) sədrlik Qırğızıstandan Azərbaycana keçdi. Qeyd edək ki, oktyabrın 15-də Bakıda Türk Şurasının VII sammiti keçirildi. Zirvə görüşü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılması haqqında Naxçıvan Sazişinin (3 oktyabr 2009) imzalanmasının 10 illiyinə həsr edilmişdi.

Dünyaca məşhur şirkət Bakını ayın şəhəri elan etdi

Gürcüstanla sərhəd qalmaqalı

Bu ilin aprel ayında Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Keşikçi dağ” monastırı ətrafında iki ölkə arasında gərginlik yarandı. Azərbaycan sərhədçiləri monastırın Azərbaycana aid ərazidə yerləşməsini əsas götürərək gürcü ziyarətçilərinin monastıra hərəkətini məhdudlaşdırdı.

Bu addım Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycanla sərhədlərin mümkün qədər tez delimitasiya olunmasına çağırışından sonraya təsadüf etdi. “Keşikçi dağ” Qafqaz Albaniyası dövrünə aid olan və Azərbaycan ərazilərində yerləşən qədim monastırdır. Gürcü tərəfi isə bu monastırın onlara aid olduğunu iddia edir.

Bundan sonra Gürcüstanın Leyborist Partiyasının sədri, deputat Şalva Natelaşvili Azərbaycan əleyhinə açıqlama ilə gündəmə gəldi. Keçmiş Müdafiə naziri İrakli Okuruaşvili də ərazinin Gürcüstana aid olmasını iddia etmişdi. Sonradan qarşılıqlı razılaşma şəklində məhdudiyyət aradan qaldırıldı və gərginlik səngidi.

Böyük yanğınlar

Bu il həm də iki böyük ticarət mərkəzi – ilin əvvəlində “Diqlas”, ilin sonunda isə “EuroHome”da yanğınla yadda qaldı. Və bu yanğınları ilə damğa vuran hadisələr sırasında çəkməmək mümkün deyil...