İQTİSADİYYAT

Alan razı, satan razı – Burdan alıb, ordan da satacağıq

"Hələlik xaricdən asılılıq faizi burada çoxdur. Yem, yem əlavələri, baytarlıq preparatları, avadanlıqlar xaricdən valyuta ilə alınır. Bu da quş əti istehsalına öz təsirini göstərir və istehsal olunan məhsulun maya dəyəri yüksək olur"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 30 dekabr — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə istehsal olunan toyuq məhsullarının Çinə ixracı ilə bağlı bu ölkənin müvafiq orqanına müraciət edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AQTA sədrinin müşaviri Elxan Mikayılov deyib. Onun sözlərinə görə, bu yaxınlarda ölkə olaraq bu səlahiyyətin əldə olunacağı gözlənilir.

Qida əlavələri və dərman preparatlarına ciddi nəzarət olmalıdır

Çinə toyuq məhsullarının ixracı ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, yerli istehsal ölkəmizdə toyuq məhsulları üzrə daxili tələbatı tam ödəmək üçün yetərli deyil: "Ona görə hələ də xaricdən və əsasən Türkiyədən toyuq məhsulları ölkəmizə gətirilir. Amma təbii ki, yeni bazarlara çıxış imkanlarının əldə edilməsi vacibdir. Bu, istehsalın artımı üçün daxili istehsalçılara stimul verə bilər ki, gələcəkdə xaricə, o cümlədən Çinə məhsul ixracı üçün şərait yaransın".

Onun sözlərinə görə, Çin bazarını, oradakı qiymət nisbətini öyrənmək, yol xərcini hesablamaq lazımdır: "Yol xərci Çinə ixracatda mühüm rol oynayır. Ümumiyyətlə, ərzaq məhsullarının logistikası daha baha başa gəlir. Çünki bunlar müəyyən temperatur dərəcələrinə uyğun və xüsusi avadanlıqlarla ixrac olunmalıdır. Bunun logistik xərcləri də hesablanmalıdır. Əgər toyuq məhsullarını daha baha qiymətə Çinə sata biləcəyiksə, bu, sərfəli olacaqsa, bunun üzərində işləməyə dəyər. Yox, əgər toyuq məhsullarını daxili bazarda satmaq sərfəli olacaqsa, ixracatın mənası qalmır. Ona görə də ciddi bazar araşdırmasına ehtiyac var".

"Çinin hansı ərazilərinə toyuq məhsullarının ixracı da önəmlidir. Çinin bəzi şəhərlərində - Pekin, Şanxay və s. qiymətlər daha bahadır. Çünki bağlanan müqavilələrdə qiymətin sərfəli olması daha mühümdür. Bu məsələ perspektiv olaraq diqqətdə saxlanılmalı, ciddi araşdırmalar aparılmalıdır. Əgər iş adamlarına sərf edəcəksə, bunun həyata keçirilməsi mümkündür. Dünyada bu sahədə sərt rəqabət var", – deyə ekspert bildirib.

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə Sputnik Azərbaycan-a açıqlamasında, deyib ki, Çinə quş əti ixrac etmək mümkündür: "Əgər razılıq əldə olunsa, yerli quşçuluq təsərrüfatları o istiqamətdə işləməyə başlayacaq. Quş ətinə olan daxili tələbatımız 80-100 min tondur və yerli istehsal hesabına daxili tələbatı ödəyirik. Buna baxmayaraq, xaricdən də quş əti gətirilərək bazarda satılır. Amma quş ətinə olan daxili tələbat yerli istehsal hesabına ödənilir. Quş əti istehsal etmək rahatdır və qısa müddətə istehsal olunur. Əgər müştərilər olsa, maddi-texniki baza imkan verir ki, quş əti istehsalını artıraq".

O bildirib ki, bizdə quş əti istehsal etmək üçün yemlər, avadanlıq xaricdən gətirilir və bu da bir az baha başa gəlir: "Amma məsələn, Ukraynada, Rusiyada özlərinin yem bazaları var və ona görə də həmin ölkələrdə quş əti istehsalı ucuz başa gəlir. Azərbaycanda yem məsələsinin həll edilməsi üçün zaman lazımdır, bu asan məsələ deyil. Bizdə 2-3 yem zavodu var və onlar da yem hazırlamaq üçün komponentləri (qarğıdalı, soya və s.) xaricdən alırlar. Hələlik xaricdən asılılıq faizi burada çoxdur. Yem, yem əlavələri, baytarlıq preparatları, avadanlıqlar xaricdən valyuta ilə alınır. Bu da quş əti istehsalına öz təsirini göstərir və istehsal olunan məhsulun maya dəyəri yüksək olur. Amma maya dəyərinin aşağı salınması ilə bağlı işlər aparılır. Yavaş-yavaş yerli yem istehsalında artımlar müşahidə olunur və bu da öz müsbət təsirini göstərir. Yerli yem istehsalı gələcəkdə daha açıq şəkildə özünü büruzə verəcək".

Hər şey dəyişəcək: qida təhlükəsizliyi ilə bağlı yeni laboratoriyalar yaradılır

A.Vəliyev bildirib ki, Azərbaycanda yumurta istehsalı tələbatdan artıqdır: "Azərbaycan bəzi ölkələrə (İraq, Əfqanıstan və s.) yumurta ixrac edir. Amma quş əti çox cüzi ixrac olunur".

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında ölkədə yumurta istehsalı 8,8 faiz artaraq 1669,9 milyon ədəd olub. 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2019-cu ilin yanvar-oktyabr aylarında quş əti və onun əlavə məhsullarının idxalı 10 faiz artıb. 2018-ci ildə quşçuluq fabriklərində diri çəkidə 74,4 min ton quş əti istehsal olunub. Ümumilikdə, 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə bu ilin 11 ayında kənd təsərrüfatının ümumi məhsulu 7,1 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 3,2 faiz artıb.