CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Heyvan və qeyri-heyvan mənşəli məhsullar karantində saxlanılacaq - AQTA sədri açıqladı

Diri heyvanlar ölkəyə idxal olunduqda karantin dövrünü keçməlidirlər. Bu isə o deməkdir ki, heyvanlar müəyyən müddətdə nəzarətdə saxlanılmalıdır ki, onların hansısa xəstəlik daşıyıcısı olub-olmadığı bəlli olsun.
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 30 dekabr — Sputnik. Gələn ildən etibarən Azərbaycana idxal olunan məhsullara münasibətdə idxal-karantin sisteminin tətbiqi həyata keçiriləcək. Gömrük-keçid məntəqələrinə yaxın məsafələrdə heyvan, bitki mənşəlli və digər qida məhsullarına münasibətdə vahid məntəqələrdə qida təhlükəsizliyinə görə risklərin dəyərləndirilməsi keçiriləcək.

Maraqlıdır, bu mexanizm necə olacaq?

Azərbaycan Qida Təhülkəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Diri heyvanlar ölkəyə idxal olunduqda karantin dövrünü keçməlidirlər. Bu isə o deməkdir ki, heyvanlar müəyyən müddətdə nəzarətdə saxlanılmalıdır ki, onların hansısa xəstəlik daşıyıcısı olub-olmadığı bəlli olsun. Artıq biz bütün mexanizmlərlə bağlı layihə hazırlayaraq hökumətə təqdim etmişik".

AQTA fındıq ixrac edən sahibkarlara xəbərdarlıq edib

"Hazırda isə biz iki nöqtədə bu işin tətbiqinə başlamaq etmək istəyirik ki, omlardan biri şimal nöqtəsində, digəri isə Qırmızı Körpüyə yaxın bir yerdə olacaq. İstəyirik ki, həmin yerlərdə karantin yerləri olsun ki, heyvanlar ərazimizə daxil olduqda, onlara nəzarət həyata keçirilsin. Bundan sonra, yəni həmin heyvanın aldığı baytarlıq preparatları, dərman vasitələri, vaksinasiyaları, özü ilə daşıya biləcəyi zoonoz infeksiyaları, bir sözlə hamısı nəzarətdə olandan sonra ölkəyə idxalına icazə veriləcək. Çünki bütün bunlar ölkəmizin bio təhlükəsizliyi məsələsidir".

Lakin bu nəzarət yalnız heyvanmənşəli məhsullara şamil olunmayacaq: "Heyvan mənşəli məhsullarla yanaşı digər məhsullara da bu nəzarət tətbiq olunacaq. Sadəcə olaraq bunu misal olaraq göstərirdim ki, iş mexanizmi necə olacaq, deyə aydın təsəvvür yaransın. Yəni bu o deməkdir ki, özündə zərərvericilər daşıyan bitkimənşəli məhsullara da eyni yanaşma tətbiq olunacaq. Belə nəzarətin olması isə ölkəyə idxal olunan qida məhsullarının həm çevik şəkildə idxalına, həm də təhlükəsizlik göstəricilərinin təmin olunaraq əhalinin sağlamlığının qorunmasına töhfəsini verəcək".