BAKI, 29 dekabr — Sputnik. Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.
Fərmanla "Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi" təsdiqlənib. Nazirlər Kabinetinə dövlət qeydiyyatına alındığı gündən iki ay müddətində Agentliyin inzibati bina ilə təmin olunması üçün müvafiq tədbirlər görmək, zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etmək həvalə olunub.
Təhsil Nazirliyinə Agentliyin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etmək, Agentliyin strukturunu, işçilərinin say həddini və əməkhaqlarını (o cümlədən əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) iki ay müddətində Nazirlər Kabineti ilə razılaşdırmaqla təsdiq etmək tapşırılıb.