BAKI, 29 dekabr — Sputnik. Nəqliyyatı intellektual idarəetmə sisteminin ən əhəmiyyətli komponentlərindən olan Coğrafi İnformasiya Sistemlərinin (CİS) idarə olunması ilə bağlı proqram təminatı və elektron xəritə hazırlanıb. Sputnik Azərbaycan bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Proqram təminatında Abşeron rayonu, Bakı və Sumqayıt şəhərləri üzrə 34 bölmədən ibarət məkan məlumatları, digər coğrafi məlumatları özündə əks etdirən rəqəmsal xəritə əks olunub. Yaradılan CİS bazasında yol sərhədləri, yol nişanlanması, kəsişmələr, yolayrıcı zolaqlar, velosiped yolları, parklanma yerləri, taksi və avtobus duracaqları, avtobus zolaqları və sair haqqında məlumatlar yerləşdirilib.
CİS xəritəsində Bakı, Sumqayıt və Abşeron yarımadasında mövcud olan tarixi yerlər, muzeylər - bir sözlə, turizm potensiallı məkanların yerləri barədə məlumatlar əks olunduğuna görə Azərbaycanın turizm potensialına da ayrıca töhfə vermiş olacaq. CİS gələcəyin planlaşdırılması, insan və ətraf mühit əlaqələrini modelləşdirmək üçün bizə geniş imkanlar yaradır. Beləliklə, bu gün tam əminliklə deyə bilərik ki, CİS-in meydana çıxması məkan məlumatlarının toplanması, sistemləşdirilməsi, təhlili və xəritləşdirilməsi baxımından yeni mərhələnin başlanğıcını qoyub.
Eyni zamanda, müntəzəm marşrut xətləri üzrə avtobusların vahid mərkəzdən idarə olunması məqsədilə Mərkəzləşdirilmiş Dispetçer Xidmətinin yaradılması işləri də artıq yekunlaşmaq üzrədir. Bununla bağlı işlər iki istiqamətdə aparılıb. Sözügedən xidmətin yaradılması real vaxt rejimində marşrut xətləri üzrə avtobusların hərəkət cədvəlinə və sxeminə riayət olunmasına nəzarət etməyə imkan verəcək.