Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 29 dekabr — Sputnik. 2019-cu ilin bitməsinə bir neçə gün qalıb. Bu il Azərbaycan mədəniyyəti və incəsənəti, bütövlükdə sənət aləmi üçün bir sıra əlamətdar günlər və hadisələrlə yadda qaldı. Yola saldığımız il həm bir neçə tanınmış sənət, mədəniyyət xadiminin dövlət səviyyəsində yubileyləri keçirildi, həm də bir çoxlarına ölkə prezidenti tərəfindən fəxri adlar, orden və medallar verildi. Sputnik Azərbaycan həmin mədəniyyət hadisələrini sizin diqqətinizə çatdırır.
Sözsüz ki, ilin ən mühüm mədəni hadisəsi Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi oldu. Ölkə daxilində və xaricində müxtəlif tədbirlər keçirildi. Bu çərçivədə ən yadda qalan hadisə şairin yubileyi ilə əlaqədar 650 min ağacın əkilməsi, dünya şöhrətli musiqiçi Sami Yusufun "Penci Şeş" konsertində "Şur" muğamının ladları üzərində ərsəyə gətirdiyi "Nəsimi" kompozisiyasını qeyd etmək olar. "Nəsimi ili" başlar-başlamaz sosial mediaya damğa vuran toy müğənnisi Afət Fərmanqızının hind musiqisinin müşayiəti ilə "Pəncü-şeş" qəzəlini ifa etməsi isə tənqidə səbəb oldu. Bu tənqidlərin fonunda o, Xalq artisti Flora Kərimova, Əməkdar artist Nüşabə Ələsgərli, müğənni Roza Zərgərli və bir neçə şəxslə qalmaqal yaşadı.
2019-cu ilin ən mühüm tədbiri UNESCO-nun 43-cü sessiyasının Bakıda baş tutması oldu. Həmin tədbirdə Şəki Xan sarayının Dünya Mədəni İrsi siyahısına salınması isə mühüm hadisələrdən biridir.
Bu il XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi qeyd olundu. Paytaxt və bölgə teatrlarında dramaturqun əsərlərinə müraciət olunaraq səhnələşdirildi. Bölgə teatrları paytaxta qastrol səfərləri etdilər.
Prezident İlham Əliyevin mədəniyyət və incəsənət nümayəndələri ilə görüşü isə ictimaiətdə uzun müddət müzakirə olundu. Bu görüşün məntiqi nəticəsi kimi teatr xadimlərinin maaşlarının artırılması, Akademik Musiqili teatra statusun verilməsi, Akademik Milli Dram Teatrının 100 illik yubileyinin keçirilməsi oldu.
XX əsr Azərbaycan bədii nəsrinin inkişafında özünəməxsus yeri olan Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi keçirilidi. May ayında Azərbaycan Dövlət Akademik Filarmoniyasında yazıçının yubileyinə həsr olunmuş təntənəli gecə gerçəkləşdi.
Bu il eləcə də Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə ədibin ev-muzeyi təmirdən sonra yenidən istifadəyə verildi və onun Polşada yaşayan nəticələri ilk dəfə öz vətənlərinə, babalarının məmləkətinə səfər etmələri ilə yadda qaldı.
Azərbaycanın iki ən tanınmış şairləri - Ramiz Rövşənlə Musa Yaqubun dövlət tərəfindən Xalq şairi adını alması da xalqımız tərəfindən çoxdan gözlənilən hadisə olduğu üçün sevincli və unudulmaz olaylardan oldu.
Türkiyəli aktyor Cem Yılmazın stend ap şousunun bilet qiymətinin 700 manat olması sosial media istifadəçilərini qəzəbləndirdi. Sənətçinin "Bir həftə burada qalsam, Miri Yusif kimi Xalq artisti olaram" fikirləri də bir qrup istifadəçi tərəfindən iradla qarşılandı.
Xalq artisti Afaq Bəşirqızının il ərzində Prezident İlham Əliyevin mədəniyyət və incəsənət nümayəndələri görüşü zamanı aktyorların maaşları ilə bağlı səsləndirdiyi fikir, maaşların artırılmasına vasitəçi olması və Azərpaşa Nemətovla olan qalmaqalına görə yadda qaldı.
AzTV-nin rəhbərliyinin dəyişilməsi və Ranar Musayevin Bədii rəhbər təyin edilməsindən sonra kanalın efirinə illər sonra Xalq artistləri Flora Kərimovanın, Röya Ayxanın və bir çox müğənnilərin çıxması da müzakirə olunanlar sırasında idi.
Digər müzakirə olunan məsələ isə Tünzalə Ağayeva, Miri Yusif və Röya Ayxanın "Xalq artisti" fəxri adına layiq görülməsi oldu.
2019-cu ilin dekabr ayında Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, respublikanın Xalq artisti Əminə Paşa qızı Dilbazinin anadan olmasının 100 illiyi ilə bağlı yubiley tədbiri keçirildi.
2019-cu il mədəniyyət sahəsində çalışan şəxslərin dünyadan köçməsi ilə də yadda qaldı. Onların arasında tanınmış kino və teatr rejissoru, senarist Rövşən Almuradlının, Azərbaycan Respublikasının əməkdar artisti, tanınmış diktor Natəvan Hacıyevanın, Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan, dünya şöhrətli bəstəkar Arif Məlikovun, vaxtilə məşhur olan "Yuxu" rok qrupunun yaradıcısı İbrahim Eminin, tanınmış parodiya ustası Həsən Cəbrayılovun, Xalq artisti, rejissor Yalçın Əfəndiyevin adlarını xüsusllə qeyd etmək lazımdır. Bu şəxslərin vəfatı ilə Azərbaycan mədəniyyəti və cəmiyyəti böyük itki yaşadı.
Bir sözlə bu ili Azərbaycanın mədəni həyatı üçün zəngin il adlandırmaq olar.