Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 28 dekabr — Sputnik. Hava soyuyar-soyumaz ictimai nəqliyyatda, küçədə qrip virusuna yoluxmuş insanlarla qarşılaşırıq. Zəhlətökən xəstəlikdən qorunmaq hər kəsin istəyi olsa da, çox təəssüf ki, əksər hallarda buna nail olmaq çətindir. Hətta immun sistemi güclü olan insanlar da azı ildə bir dəfə qripə yoluxurlar. Amma artıq Azərbaycanda bəzi klinikalarda qrip virusuna qarşı peyvəndin tətbiqinə başlanılıb.
Mərkəzi Gömrük Hospitalında qrip virusuna qarşı Fransanın "Sanofi Pasteur" şirkətinin istehsalı olan Vaxigrip peyvəndi tətbiq edilir. Mərkəzi Gömrük Hospitalının mətbuat katibi Dilarə Zamanova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qrip epidemiyaları zamanı insanların yoluxmasının qarşısını almaq üçün vaksinasiya ən səmərəli üsullardan biridir: "Vaxigrip - böyüklər üçün qripin profilaktikası üçün vurulan peyvənddir. Vaxigrip vaksini ilə immunlaşma zamanı 80-85% insanlarda qrip virusuna qarşı orqanizmin müdafiə gücünün yüksəldilməsi baş verir. Virusa qarşı anticisimlər vaksinasiyadan 10-15 gün sonra ən azı 1 il ərzində orqanizmdə qalır və orqanizmi qoruyur. Vaxigrip peyvəndi uşaqlarda 6 aydan başlanır".
O bildirib ki, peyvəndin qiyməti həkim məsləhəti daxil olmaqla 55 manatdır.
Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dünyada 200-dən artıq qrip virusu var. Vurulan peyvənd isə bütün qrip viruslarına qarşı immunitet yarada bilməz:
"Ola bilər ki, o peyvənd üçvalentlidir. Amma qripin 200-dən çox növü var. Bu peyvəndin qripin hansı ştammına qarşı tətbiq olunduğu sual altındadır. Vurulan peyvənd mövsümi yayılan qrip viruslarına, respirator viruslara qarşı immunitet yarada bilməz".
Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qrip viruslarına qarşı dünyada vaksin istehsal olunur: "Amma dünyanın əksər ölkələrinin peyvənd təqviminə daxil deyil. Ona görə daxil deyil ki, qrip viruslarının serotipləri çoxdur. 15-ə qədər qrip xəstəliyi törədən virus var. Bundan başqa, paraqrip və adenoviruslar, rotaviruslar var ki, onların hər biri xəstəlik törədə bilir. Dünyada istehsal olunan qrip viruslarına qarşı vaksinlər müvəqqəti effekt verir. Burada daimi effekt yaratmaq mümkün deyil. Çünki onun serotipləri başqadır. Ən çox dünyada klassik olan "A", "B" və "C" qrip viruslarına qarşı peyvənd istehsal olunur. Bunlar da həmişə lazım olan effekt vermir. İnsan orqanizmində altı aya qədər immuniteti saxlayır. Çünki həmin viruslar öz DNT tərkibini dəyişir, mutasiyaya uğrayır. Ona görə də bizim etdiyimiz peyvənd bizi mutasiyaya uğramış viruslardan qorumur. Qrip viruslarına qarşı peyvənd o vaxt effektli olur ki, ölkədə olan serotiplər məlum olur, onlara qarşı vaksin edirlər.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva isə deyir ki, qripə qarşı peyvənd təhlükəli virusa yoluxma ehtimalını azaldır, bədənin viruslara qarşı müqavimətini artırır. Beləcə, xəstəlik daha asan aradan qalxır və yayılmır. A.Əliyevanın sözlərinə görə, qripə qarşı vaksini mövsümün əvvəlində, sentyabrdan noyabradək aparmaq daha məsləhətlidir. Bu müddət ərzində peyvənd vurularsa, epidemiya başlayana qədər insanda immunitet yaxşı formalaşacaq: "Ancaq hər hansı səbəbdən peyvənd etdirə bilməmisinizsə, epidemiyanın qızğın çağında vaksinasiyaya icazə verilir ki, bu da ağır qrip riskini azaltmağa kömək edir. Davamlı immunitet dərhal yaranmır, bu, ancaq 10-14 gündən sonra baş verir".
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavininin sözlərinə görə, Azərbaycanda qrip milli peyvənd təqviminə daxil deyil, peyvənd ödənişli əsaslarla özəl klinikalarda aparılır. Kim istəsə, pulunu ödəyib könüllü peyvənd vurdura bilər.