BAKI, 28 dekabr — Sputnik. "S-500" hava hücumundan müdafiə sistemlərinin ilkin sınağı 2020-ci ildə başlayacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Müdafiə nazirinin müavini Aleksey Krivoruçko "Krasnaya Zvezda" qəzetinə müsahibəsində bildirib.
"Gələn il "S-500" hava hücumundan müdafiə sistemlərinin ilkin sınağının həyata keçirilməsi planlaşdırılır. Bu növ silahların 2025-ci ildə kütləvi şəkildə istehsalına başlanılacağı gözlənilir", - deyə Krivoruçko vurğulayıb.
Qeyd edək ki, "S-500 Prometey" sistemi hipersonik hədəfləri (sürəti saatda 6000 kilometrdən çox olan), qitələrarası, ortamənzilli və qanadlı raketləri, eləcə də təyyarələri, vertolyotları, adi və yüksək hündürlükdə uçan bilən pilotsuz aparatları məhv etməyə qadirdir. Onun məhvetmə radiusu 600 kilometrə qədər, maksimal məhvetmə hündürlüyü isə 100 kilometrə qədərdir (yəni "S-500" hətta aşağı orbitli kosmik aparatları da vura bilir). "Prometey" sisteminin unikal xüsusiyyətləri strateji obyektlər, böyük şəhərlər və ya Rusiyanın ayrı-ayrı bölgələri üzərində hava hücumundan/raketdən etibarlı müdafiəni təmin edəcək.