Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 26 dekabr — Sputnik. Alıcılıq qabiliyyəti paritetinə əsasən hesablasaq, Azərbaycanda minimum əmək haqqı MDB ölkələri, Ukrayna və Gürcüstan da nəzərə alınmaqla 2-ci yerdə qərarlaşıb. Orta əmək haqqı göstəricisinə görə isə Azərbaycan MDB məkanında ilk üçlüyə daxildir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2019-cu ilin iqtisadi yekunlarına dair Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirdiyi mətbuat konfransında bildirib.
O vurğulayıb ki, 2019-cu ildə sosial islahat paketi minimum əmək haqqının, minimum pensiyanın, eyni zamanda, təqaüd və müavinətlərin artırılması, problemli və vaxtı keçmiş kreditlərin geri qaytarılması və restrukturizasiyası, həmçinin həssas təbəqələrə mənzil, avtomobil və s. formada verilən dəstəyi özündə ehtiva edir: "Ümumi olaraq sosial islahat paketi bu il üçün 2,3 milyard manat maliyyə yükü ilə 4,2 milyon nəfəri, başqa sözlə əhalinin 40 faizdən çoxunu əhatə edib. 2019-cu il ərzində minimum əmək haqqı 93% artırılaraq 130 manatdan 250 manata çatdırılıb. İki mərhələli baş tutan bu artımla minimal əmək haqqı Prezidentin 2019-cu il fevralın 8-də imzaladığı Sərəncamla 130 manatdan 180 manata artırılıb və 600 minədək insanı əhatə edib, iyunun 18-də imzalanan Sərəncamla isə 250 manat səviyyəsinə çatdırılaraq özəl sektorda çalışan 350 min, dövlət sektorunda isə 600 minə yaxın şəxsə aid olub".
Vüsal Qasımov xatırladıb ki, hazırda Azərbaycanda minimum əmək haqqı ölkə üzrə yaşayış minimumunu 40% üstələyir: "Orta aylıq əmək haqqı təxminən 15 faiz artaraq 625 manata çatıb. Əgər alıcılıq qabiliyyəti paritetinə əsasən hesablasaq, Azərbaycanda minimum əmək haqqı MDB ölkələri, Ukrayna və Gürcüstan da nəzərə alınmaqla 2-ci yerdə qərarlaşıb. Orta əmək haqqı göstəricisinə görə isə Azərbaycan MDB məkanında ilk üçlüyə daxildir".
Mərkəzin İcraçı direktorunun sözlərinə görə, sosial islahatlar paketinin digər istiqaməti əmək pensiyalarının artırılması ilə bağlıdır: "Belə ki, ölkə başçısının Sərəncamı ilə 2019-cu ilin birinci rübündə pensiyalar 40% artaraq 116 manatdan 160 manata qaldırılıb. Oktyabrın 1-dən ikinci sosial paket çərçivəsində isə bu göstərici 160 manatdan 200 manata qaldırılaraq 660 min təqaüdçünün sosial rifahının yaxşılaşdırılmasına gətirib çıxarıb. Ümumilikdə, 2019-cu il ərzində əmək pensiyalarının 72% artımı 450 milyon manat maliyyə yükü ilə 750 min nəfəri əhatə etmişdir. Hazırda Azərbaycan MDB məkanında minimal pensiyanın beynəlxalq dollarla ifadəsinə görə 1-ci yerdədir".