BAKI, 25 dekabr — Sputnik. Havanın sürprizlərindən danışanda elə bu ilin dekabr ayında Azərbaycanda, o cümlədən qonşu ölkələrdə müşahidə olunan hava şəraitini misal kimi göstərmək olar. Rusiyada, həmçinin Moskvada, demək olar ki, hər gün temperatur rekordları qeyd olunur.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tagiyeva bu gün keçirilən brifinqdə deyib.
O qeyd edib ki, Azərbaycanda da hava anomal isti keçir. Belə ki, qeydə alınan hava temperaturu daha çox oktyabrın sonu, noyabrın birinci ongünlüyü üçün səciyyəvidir. Havanın orta temperaturu çoxillik normadan 3-4 dərəcə yuxarı olub. Bu ay ən yüksək temperatur dekabrın 24-də 15,4 dərəcə olub ki, bu da iqlim normasından 6,2 dərəcə yüksəkdir. Bununla yanaşı, son 20 ildə 2003-cü ilin 18 dekabr tarixində 22,5 dərəcə qeydə alınmışdır ki, bu da rekord göstəricidir.
Onun sözlərinə görə, çoxillik norma ilə müqayisədə yağıntının miqdarı da az olmuşdur. Əksər rayonlarda yağıntının miqdarı aylıq normanın cəmi 6-54 faizini təşkil edib. Yalnız Abşeron yarımadasında yağıntının miqdarı iqlim normasına yaxın olub - 76-115%.
"Əhalinin daha uzun müddətli proqnozlara marağını nəzərə alaraq, yanvar ayında gözlənilən hava şəraitinin ümumi tendensiyası haqqında danışmaq olar. Adətən Bakıda havanın orta minimal temperaturu müsbət 2,4 dərəcəyə yaxın olur. Çoxillik məlumatlara əsasən, 1961-ci ildən başlayaraq yalnız 4 dəfə (1964 - 1,1 С, 1969 - 0,4 С, 1972 - 2,3 С, 1977 - 1,2 С) orta minimal temperatur mənfi olub. Son 30 ildə isə yalnız bir dəfə 2008-ci ildə mənfi orta minimal temperatur qeydə alınıb (-1,4 C)", - deyə Tağıyeva vurğulayıb.
Ümumiyyətlə, ölkə üzrə dağlıq və dağətəyi rayonlarda şaxtalı günlərin, o cümlədən qarlı günlərin sayının azalması müşahidə edilir. Ümumdünya Meteorologiya Təşkilatının xüsusiləşdirilmiş mərkəzlərinin məlumatına əsasən, bizim regionda temperatur rejimində müsbət anomaliyanın üstünlüyü, yağıntıların isə, bəzi şərq rayonları istisna olmaqla, normadan az olacağı gözlənilir.