BAKI, 24 dekabr – Sputnik. 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının oyunlarını izləmək üçün Azərbaycanın paytaxtına gələcək hər kəsə futbol bayramından zövq almaqla yanaşı Bakıda çəkilmiş ən sevimli filmlərin izləri ilə səyahət etməyi də tövsiyə edirik.
Məşhur kanal Azərbaycanla bağlı beş film hazırladı - VİDEO
İçərişəhərdə gəzərkən, Leonid Qaydayın rejissoru olduğu və baş rollarda Yuri Nikulinin, Anatoli Papanovun və Andrey Mironovun çəkildiyi "Brilyant əl" komediya filmini xatırlamamaq olmaz. Bələdçimiz olmağa razılıq vermiş məşhur televiziya aparıcısı, Qədim şəhərin tarixi üzrə ekspert Rahib Azəri ilə birlikdə bu filmin çəkildiyi yerlərə getməyə qərar verdik.
Bu filmi sevən hər bir kəs bilir ki, filmin "xarici ölkə" hissəsi Azərbaycanda çəkilib. Beləliklə, "Brilyant əl" filmində Bakı Türkiyənin İstanbuluna çevrilir. Filmin çəkilişləri 1968-ci il aprel ayının sonlarında başlayıb və noyabrın ortalarına qədər davam edib. Sentyabrın ortalarında isə çəkiliş qrupu "xarici ölkə" epizodlarını çəkmək üçün Bakıya gəlir və burada iki həftəyə yaxın qalır.
Bakının köhnə küçələri hələ də filmdəki kadrları xatırladır: bax həmin bu qapının ağzında ehtiraslı gözəlçə filmin qəhrəmanı Qorbunkovu yoldan çıxarmağa çalışırdı, növbəti küçədə isə Qorbunkov səki daşlarının üstündə sürüşüb yıxılaraq məşhur "Lənət olsun!" ifadəsini qışqırır.
Azərbaycanlı rejissor Rusiya kinematoqrafinı fəth edib və vətənində film çəkməyi arzulayır
Yeri gəlmişkən, İçərişəhərdə çəkiliş zamanı Azərbaycan paytaxtının qədim hissəsinin digər görməli yerləri - Qala divarı, Qız qalası, Cümə məscidi, Şirvanşahlar sarayı kadrlara düşüb. Filmdə SSRİ-dən gələn turistlərə bütün bunları bələdçi nümayiş etdirir.
İndi isə məşhur "Çyort pobyeri!" (Lənət olsun!") ifadəsinin səsləndiyi "Çikanuk" aptekinin yerləşdiyi Kiçik Qala küçəsinə gəlib çıxdıq. Bu gün bakılı bələdçilər ürəyi istəyənlər üçün "Brilyant əl"in izləri ilə gəzinti təşkil edəcəklər. Bələdçimiz qeyd edir ki, bu küçə təkcə turistlərin deyil, həm də dövlət başçılarının diqqətini cəlb edir.
"Beş il əvvəl, Sloveniyanın sabiq Prezidenti Danilo Türk Bakıya səfərə gəlmişdi. Protokola görə, prezident Qədim şəhərdə gəzinti üçün Qoşa qala qapısının yaxınlığında qarşılanmalı idi. Ancaq rəsmi hissədən sonra cənab Türk görüşün əla keçdiyini, amma "Lənət olsun!" səhnəsinin çəkildiyi yerə getmək istədiyini bildirib. Bundan sonra turist marşrutu prezident üçün məxsusi olaraq dəyişdirilib, o, bu yerə gəlib, çoxlu şəkillər çəkdirib – bir sözlə o, xoşbəxt idi və çıxışında da bunu bildirib", - Azəri deyib.
Zirzəmisində gizli dəstə başçısı və onun köməkçisi Qrafın başçılığı altında valyuta alverçilərinin fəaliyyət göstərdiyi "Çikanuk" aptekinin yerində bu gün kiçik bir həyəti olan yaşayış evi durur.
"Qeyri-adi gipsin hazırlanması əməliyyatı bu həyətdə baş tutub. Bu gün ev öz həyatını yaşayır, amma hətta yarım əsr sonra bu yerə olan maraq azalmayıb", - bələdçimiz deyir.
Rahib Azərinin sözlərinə görə, filmin ssenarisinə əsasən Nikulin banan qabığı üzərində sürüşməli idi. Ancaq hər şey elə də rahat alınmayıb.
"Sovet İttifaqı, həm də küçədəki isti hava - banan qabığı tapılmadı. Buna görə də rejissor başqa bir orijinal yol tapıb – daha doğrusu, banan qabığını Bakıda kifayət qədər olan qarpız qabığı ilə əvəz edib. Lakin, çoxları hələ də bu detala diqqət yetirmirlər", - bələdçi deyir.
Bir çox mənbələr isə iddia edirlər ki, hava ilə doldurulmuş çimərlik döşəyinin üzərinə yıxılmalı olan Nikulin qarpız qabığına heç cür ayağı ilə tuş gələ bilmirdi. Bundan sonra qaçaqmalçı rolunu oynayan Leonid Kanevski rejissora Nikulini əvəz etməyi təklif edib. Kanevski Nikulinin şalvarını və ayaqqabısını geyinib, ustalıqla yerə yıxılıb. Bu günə qədər yüzlərlə turist bu yerdə həvəskar foto və videokameraların önündə "Lənət olsun!" sözləri ilə yıxılıb.
Davam edirik. Andrey Mironovun qəhrəmanının dar küçələrdə necə azdığını və teploxoda çatmağa çalışdığını xatırlayırsınız? "Tsigel, tsigel! Ay-lu-lu", "Russo turisto! Obliko morale!" ifadələrini indi də eşidə bilərsiniz.
"Filmin ən maraqlı səhnəsi Qala qapısına gedən küçədə çəkilib. Yadınızdadırsa, turist qrupu köhnə küçələrin birində hərəkət edərkən bir qız qonaqları "Tsigel, tsigel! Ay-lu-lu" sözləri ilə cəlb edir. İkinci dəfə bu küçə Mironovun Nikulini axtardığı səhnədə kadra düşüb. Elə bu zaman "Ay-lu-lu yaxşı olardı, amma russo turisto, obliko morale!" ifadələri səslənir", - Azəri deyir.
Azərbaycan məşhur rejissorların diqqətini həmişə cəlb edib – onlar ölkəni əsrarəngiz və bir az da "xarici" hesab edirdilər. Buna görə də bələdçimiz bizi təkcə "Brilyant əl" filminin izi ilə deyil, həm də başqa bir məşhur film – "Amfibiya adam"ın çəkildiyi yerlərə də apardı.
Bu film Krımda, dəniz kənarında çəkilib. Xarici liman şəhəri səhnələri isə Bakıda lentə alınıb. Çəkiliş qrupu 1960-cı ilin isti yayında filmi çəkmək üçün Bakıya gəlir. Çəkilişlər Qalada, köhnə bakılılara yaxşı tanış olan əfsanəvi "Nərgiz" kafesində, Fəvvarələr meydanında, Mərdəkanda, Şıx yolunda, Bakının Dəniz limanında aparılır.
Həmin vaxt İçərişəhərin köhnə məhəllələri müvəqqəti olaraq uzaq Buenos-Ayresə çevrilir, Qız qalasının yaxınlığında isə "Philips"in loqosu asılır – bir sözlə Bakı xarici ölkəyə çevrilir.
"İxtiandrın (Vladimir Korenev) Quttiere (Anastasiya Vertinskaya) ilə söhbət etmək üçün mağazaya girdiyi səhnənin çəkildiyi məşhur küçələrdən biri bu günə qədər qalmaqdadır və Asəf Zeynallının adını daşıyır", - bələdçi deyir.
İxtiandr üçün hovuzun qurulduğu yer xüsusilə gözəl bəzədilmişdi. Korenev filmdə hovuza baş vurarkən səkkiz dubl edib.
"Filmin çəkilişindən sonra hovuzu təəssüf ki, yığışdırmağa qərar veriblər, amma nahaq yerə", - Rahib Azəri sonda deyir.
Bu filmlərin çəkilməsindən yarım əsr keçib, amma bəzən elə gəlir ki, hər şey dünən baş verib.