BAKI, 24 dekabr — Sputnik. Rusiyanın Xabarovsk diyarında "T-50" (Su-57) qırıcısı qəzaya uğrayıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Komsomolsk na Amure şəhəri yaxınlığında baş verib.
Mənbə nəşrə bildirib ki, qəzaya uğrayan aparat hərbi təyyarə olmayıb və Qaqarin adına istehsalçı zavoda məxsus olub. Qəza mühərrikin sınaqdan keçirildiyi vaxt Dzemqi hava limanından 120 kilometr aralıda baş verib.
Pilot katapulta edib, onu hadisə yerindən "Mi-8" helikopteri götürüb. Pilotun sağlamlıq durumu açıqlanmır.
Mütəxəssislər təyyarənin qara qutularını axtarır. Qəzanın baş verməsinə dair əsas versiyalar qurğuda baş verən nasazlıq və ya idarəetmə zamanı səhv adlandırılır.
Xatırladaq ki, "Su-57" (əvvəlki adı ilə "PAK FA") Rusiya istehsalı olan beşinci nəsil döyüş təyyarəsidir. Bu təyyarənin ilk uçuşu 2010-cu ildə baş tutub. Onun layihəçiləri bildirirlər ki, təyyarənin yüksək manevrlər etmək və səsdən sürətli uçmaq qabiliyyəti, eləcə də müasir bort avadanlığı və radardan gizlənmək qabiliyyəti ona rəqibləri qarşısında üstünlük verir.