BAKI, 23 dekabr — Sputnik. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları "Sədərək" ticarət mərkəzində əməliyyat keçiriblər.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən insanların sağlamlığına zərər vuran, əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində silsilə tədbirlər davam etdirilir.
Növbəti belə tədbir Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən "Sədərək" ticarət mərkəzində həyata keçirilib. Baş İdarəyə qeyd edilən ticarət mərkəzində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub. Qeyd olunan ünvanda yüksək səsyayıcı qabiliyyətə malik olan pirotexniki vasitələrin satışını həyata keçirən Astara rayonunda anadan olmuş Seymur Hənifəyev və onun oğlu Fərid Hənifəyev saxlanılıblar. Həmin şəxslərə məxsus ticarət mərkəzində yerləşən mağaza və anbara qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilən zamanı külli miqdarda pirotexniki vasitələr aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində pirotexniki vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.