RUSİYA

Rusiya Sputnik Estoniya ətrafındakı məsələni AŞPA və ATƏT-də qaldıracaq

Bir müddət əvvəl Estoniyanın hakimiyyət orqanları Sputnik Estoniya əməkdaşlarını 2020-ci il yanvarın 1-dək Rusiyanın media şirkətindən işdən çıxmayacaqları təqdirdə cinayət məsuliyyəti ilə hədələyib
Sputnik

BAKI, 20 dekabr — Sputnik, Mariya Naumenko. Rusiya Dövlət Dumasının beynəlxalq işlər üzrə komitəsinin sədri Leonid Slutski bəyan edib ki, rusiyalı deputatlar Sputnik Estoniya ətrafındakı məsələni beynəlxalq platformalarda, xüsusilə Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında (ATƏT PA) qaldıracaqlar.

Slutski Sputnik Estoniya-nın müxbirinin sualına cavab verərkən deyib ki, deputatlar Estoniyanın da tamhüquqlu üzv olduğu bu ən böyük beynəlxalq təşkilatın diqqətini bu cür halların yolverilməz olduğuna, onların heç bir hüquqi əsasının olmadığına çəkəcəklər.

Onun fikrincə, dövlət başçıları səviyyəsində təmaslar bu vəziyyətin həllinə kömək edəcək.

"Ümid edək ki, bəlkə də ölkələrimizin liderləri arasındakı təmaslar çərçivəsində bu vəziyyəti həll edə biləcəyik. Hələ də vaxtımız var, buna görə də şəxsi mövqeyimi götürsəm, ümidimi beynəlxalq təşkilatların müdaxiləsindən daha çox, buna bağlayıram. Buna baxmayaraq, beynəlxalq platformalarda bu cür yanaşmaların qəbuledilməzliyi vurğulana bilər və vurğulanmalıdır. Beynəlxalq işlər üzrə komitəyə ümid edə bilərsiniz. Gücümüz daxilində mütləq sizi dəstəkləyəcəyik. Ümid edirəm ki, vəziyyət həll ediləcək", - Slutski deyib.

Bir müddət əvvəl Estoniyanın hakimiyyət orqanları Sputnik Estoniya əməkdaşlarını 2020-ci il yanvar 1-dək Rusiyanın media şirkətindən işdən çıxmayacaqları təqdirdə cinayət məsuliyyəti ilə hədələyib. 

Umud Mirzəyev: “Sputnik Estoniya-ya qarşı davranışı kəskin pisləyirik”
Bu qərar 2014-cü ildə "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin (Sputnik-in mənsub olduğu media qrup - red.) Baş direktoru Dmitri Kiselyova qarşı tətbiq edilmiş sanksiyaların yerinə yetirilməsi zərurəti ilə izah edilib.

Eyni zamanda, Rusiya dövlətinə məxsus olan "Rossiya Seqodnya" MİA heç bir sanksiya siyahısında yer almır və Avropa İttifaqının heç bir ölkəsində onun əməkdaşlarına qarşı oxşar tədbirlər həyata keçirilmir.

Bu arada Rusiya Xarici İşlər Nazirliyi vəziyyəti hiddətləndirici adlandırıb və qeyd edib ki, Estoniya hakimiyyət orqanları "Rusiya informasiya agentliyini təqib edərək işçilərin və tərəfdaşların kobud şəkildə qorxudulması kimi totalitar üsullara əl atırlar".

Prezident Vladimir Putin isə Rusiyanın jurnalistləri dəstəkləmək üçün əlindən gələni edəcəyini deyib.