SƏHİYYƏ

Uşaqlar arasında yayılan naməlum xəstəlik - Mənfur virusun əlamətləri müşahidə olunur

Valideyn Aysel Eyvazova da bir neçə gün öncə 6 yaşlı övladında səpgi, ishal və temperaturla müşahidə olunan xəstəliyin baş verdiyini söyləyir.
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 dekabr — Sputnik. Azərbaycanda əhali, xüsusilə uşaqlar arasında koksaki virusunun qeydə alındığına dair məlumatlar yayılıb. Sputnik Azərbaycan koksaki virusunun ölkəmizdə yayıldığına dair məlumatı araşdırıb.

Milli Məclisin deputatı xəstəxanaya yerləşdirildi

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koksaki virusu Azərbaycanda qeydiyyata alınmayıb: "Bizdə ümumiyyətlə indiyə qədər koksaki virusu qeydə alınmayıb. Bu virusun olması ancaq laborator yolla təsdiqini tapa bilər. Belə halda virusun olduğu qeydiyyata alınır".

Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev isə Sputnik Azərbaycan-a bildirib ki, koksaki virusunun yayıldığından xəbərsizdir: "Məndə bu virusun ölkədə qeydə alındığına dair məlumat yoxdur. Əgər bu virusun əlamətləri bir yaxud iki nəfərdə müşahidə olunubsa mütləq laborator təsdiqini tapmalıdır. Amma koksaki elə də qorxulu virus deyil. Ölkəmizdə isə bu virus epidemiya halını almayıb".

Səhiyyə Nazirliyinin Baş infeksionisti Cəlal İsayev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koksaki virusunun ölkədə qeydiyyatı yoxdur. Amma C.İsayev bu virusun ölkəmizdə qeydə alınmasının da istisna olunmadığını deyir: "Hansısa virusa yoluxma halının olduğunu söyləmək üçün mütləq laborator təsdiq olmalıdır. Ola bilər ki, koksakiyə oxşar virus olub. Amma koksakinin özü də çox yüngül keçən bir virusdur. Yüngül gedişli səpgilərlə müşahidə oluna bilər. Bundan əlavə ishal və qusma da virusa yoluxma zamanı özünü biruzə verir. Koksaki virusuna yoluxan bəzi şəxslərdə mədə-bağırsaq pozğunluğu da olur. Virusa yoluxma qeydə alınandan sonra orqanizmdə xəstəliyin əlamətləri iki-üç gün davam edir. Hətta deyərdim ki, qrip viruslarından da tez sağalır. Ona görə də, əhalinin təşvişə düşməsinə lüzum yoxdur".

Enerji içkiləri: Xəstəlik və ölümə aparan qısa yol

C.İsayev deyir ki, koksaki virusu həm böyüklər, həmçinin də uşaqlar arasında müşahidə oluna bilər. Uşaqlarda isə immun sisteminin aşağı olması bəzən virusa yoluxma ehtimalını gücləndirir. Baş infeksionist koksaki və digər mövsümi qrip viruslarından, eləcə də kəskin respirator viruslardan qorunmağın yolunu immun sisteminin gücləndirilməsində görür: "Koksaki, eləcə də digər viruslara yoluxmamaq üçün ilk əsas şərt adi gigiyena qaydalarına əməl etməkdir. Əllərin təmiz saxlanılması virusa yoluxma riskini aşağı salır. Bununla yanaşı, mütləq immun sisteminin zəifləməməsi üçün qida rasionunda meyvə və tərəvəz məhsullarına üstünlük vermək lazımdır. Çox təəssüf ki, Azərbaycanda qrip virusların yayılmasını sürətləndirən əsas amillərdən biri, xəstə insanların yataq rejiminə əməl etməməsidir. Virusa yoluxma zamanı ən azı iki-üç gün qorunmaq, ictimai yerlərə çıxmaq olmaz. Yataq rejimində bol maye qəbul etmək, həkim nəzarətində olmaq vacibdir. Koksaki, eləcə də digər viruslara yoluxma zamanı dərmanlar mütləq həkim tövsiyəsi ilə qəbul edilməlidir. Əgər ətrafda bu viruslara yoluxma halı varsa, mütləq qoruyucu maskalardan istifadə edilməlidir. Bununla evdə və işdə digər şəxslərin virusa yoluxmasının qarşısını almaq mümkündür. Biz hər zaman tövsiyə edirik ki, işdə, evdə qrip və digər hava-damcı yolu ilə yayılan viruslu xəstə varsa, qoruyucu maskalardan istifadə edilməlidir".

Xəstəxanaya yerləşdirilən Xalq artisti barədə yeni xəbər

Səhiyyə Nazirliyinin rəsmiləri ölkəmizdə koksaki virusunun yayılmasının rəsmi təsdiqini tapmadığını söyləsələr də, bu virusun əlamətləri uşaqlar arasında son vaxtlar daha çox müşahidə olunur. Valideyn Aysel Eyvazova da bir neçə gün öncə 6 yaşlı övladında səpgi, ishal və temperaturla müşahidə olunan xəstəliyin baş verdiyini söyləyir. Valideyn deyir ki, əvvəlcə səpgilərdən uşağın qızılca yaxud da məxmərək olduğundan şübhələnsə də, həkim ağ rəngdə kiçik səpgilərin məxmərək və ya qızılca olmadığını bildirib. A.Eyvazova xəstəliyin üç gün davam etdiyini, ilk günlərdə uşaqda yüksək temperatur, qusma və ishal halının müşahidə olunduğunu söylədi. Onun sözlərinə görə, xəstəlik qısa müddət çəkdiyindən artıq uşağı dərsə gedir: "Uşaqda hazırda yalnız iştahsızlıq müşahidə olunur. Həkim soyuqdəymə olduğunu desə də, son günlər uşaqlar arasında eyni əlamətlərlə özünü biruzə verən virusun koksaki olduğuna dair məlumatlar yayılıb".