Zəncəfilli pryanik evi bütün dünyada ənənəvi Milad şirniyyatı hesab edilir. Bu dəfə də Bakının ən tanınmış qənnadıçıları bu ənənəni ölkəmizdə təkrar ediblər və nəticədə ədviyyatlı xəmir, biyan, karamel və zefirdən möhtəşəm yeməli şəhər alınıb.
Burada Bakının ən məşhur abidələrinin kiçik yeməli maketlərini görmək olar – Heydər Əliyev Mərkəzi, Qoşa qala qapısı, “Alov qüllələri” kompleksi, Qız qalası, Teleqüllə, Xalça Muzeyi və hətta şirniyyatdan hazırlanmış təyyarə, gəmi, balaca evciklər və karusellər.
Sərgi Port Baku Mall ticarət mərkəzində yer alır və 13 yanvara qədər davam edəcək. Bu yeməli şəhərə adam baxdıqca baxmaq istəyir. Əsas məqam, tamaha qurban düşüb evciklərdən birini yeməməkdir.
“Gingerbread City” (Zəncəfilli Şəhər) layihəsi “Nargis” Nəşriyyat Evi tərəfindən təşkil edilib və “Formula 1” Azərbaycan Qran Prisi, “Azərbaycan Hava Yolları”, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və digər şirkətlər tərəfindən dəstəklənib.