İDMAN

"Qarabağ" Avropa Liqası ilə vidalaşdı

Azərbaycanın "Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu Bakıda keçirib.
Sputnik

BAKI, 12 dekabr - Sputnik. UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin altıncı turunun oyunları keçirilib. 

Sputnik Azərbaycan xəbər verir ki, Ağdamın “Qarabağ” klubu Lüksemburqun “Düdelanj” komandası ilə qarşılaşıb.

Tofiq Bəhrəmov adına Respublika Stadionunda keçirilən görüşü Estoniyadan olan hakimlər briqadası idarə edib.

Oyunun birinci hissəsində hesab açılmayıb. İkinci hissədə Buqren (63-cü dəqiqə) qonaqları irəli çıxarıb - 0:1. Oyuna artırılmış ilk dəqiqədə Quey hesabı bərabərləşdirib - 1:1. Görüş bu hesabla bitib.

Bu komanadalar arasında Lüksemburqa keçirilmiş oyun "Qarabağ"ın 4:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Qrupda keçirilmiş digər qarşılaşmada Kiprin "APOEL" klubu öz meydançasında İspaniyanın "Sevilya" komandasına 1:0 hesabı ilə qalib gəlib.

Beləliklə, 6 turdan sonra "Sevilya" 15 xalla A qrupunda birinci yeri tutub. "APOEL" (10 xal) ikinci, "Qarabağ" (5 xal) isə üçüncü olub. Sonuncu yerdə qərarlaşan "Düdelanj" 4 xal toplayıb.